Bu nazirlik İqbal Ağazadəni biabrı etdi:”Qeyri-ciddi, populist və…”

“Ümid Partiyasının sədri İqbal Ağazadə təxminən bir ay əvvəl internet kanallardan birində çıxışı zamanı Kənd Təsərrüfatı Nazirliyini (KTN) damazlıq heyvan, kənd təsərrüfatı texnikası və gübrənin qiymətini şişirdərək pul mənimsəməkdə ittiham etmişdi. İqbal Ağazadənin arqumentləri o qədər əsassız idi ki, siyasi partiya sədrinin bu qədər qeyri-ciddi açıqlamasının məlumatsızlıqdan qaynaqlandığı qənaətinə gəldim. Dərhal İqbal bəylə əlaqə saxladım, açıqladığı rəqəmlərin heç bir əsası olmadığını bildirdim və narahat olduğu məqamlara aydınlıq gətirmək üçün Aqrar Tədqiqatlar Mərkəzinə dəvət etdim. Konkret vaxt müəyyənləşdirdik və İqbal bəy görüşməyə razılıq verdi. Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən damazlıq heyvan, kənd təsərrüfatı texnikası və gübrə bazarının liberallaşması, fermerlərin istənilən təchizatçıdan istənilən məhsulu almaqda sərbəst olması və s. barədə təqdimatlar hazırladıq. Ümid edirdik ki, Ümid Partiyasının sədri ümidlərimizi doğruldacaq sözünün üstündə duracaq və görüşmək niyyətində səmimi olduğunu isbatlayacaq”.

Kanal32.az xəbər verir ki, bu barədə  KTN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

O qeyd edib ki, gözlədiklərinin əksinə olaraq, partiya sədri sözünün üstündə durmayıb:

“Lakin təyin olunan gün İqbal bəy görüşə gəlməkdən imtina etdi və “mən gəlmirəm, siz gəlin”, “kim görüş təklif edirsə, o digərinin yanına gəlməlidir” və sair bəhanələr gətirərək görüşdən qaçdı. Harada görüşməyin bir fərqi olmadığını, Aqrar Tədqiqatlar Mərkəzində təqdimat hazırladığımızı, bu səbəbdən orada ATM direktoru Firdovsi Fikretzadə ilə görüşə dəvət etdiyimizi desəm də, İqbal bəyin cəsarəti çatmadı və görüşə gəlməkdən imtina etdi”.

Nazirlik rəsmisi deyib ki, İqbal Ağazadənin ittihamları məlumatsızlıqdan qaynaqlanmır, sadəcə partiya sədrinin populist çıxışlara ehtiyacı var:

“Bununla da bizim üçün bu mövzu qapandı. İqbal Ağazadə bu günlərdə yenə internet kanallardan birində “bazarda 350 manat qiyməti olan qoyunu Kənd Təsərrüfatı Nazirliyi fermerə 720 manata rəsmiləşdirir”, “qiyməti 29 min dollar olan traktoru 49 min dollara rəsmiləşdirirlər” kimi heç bir əsası olmayan fikirlərini təkrarlayıb. İqbal Ağazadəyə müraciət edərək demək istəyirəm ki, bizim görüşərək məlumatlandırmaq təklifimiz qüvvədədir. Əgər bu dəfə cəsarəti çatırsa, gəlsin, hətta bazarda 350 manata olan qoyunu KTN-dən 720 manata almış (ki, nazirliyin heyvan satışı ilə məşğul olmadığını hər kəs bilir) fermerlərdən bir-ikisini də özü ilə gətirsin, Aqrar Tədqiqatlar Mərkəzində ona heyvan və damazlıq heyvanın, amonium nitratla ammofos gübrəsinin fərqini başa salmaq üçün təqdimat edərik”.

Nazirlikdən İqbal Ağazadəyə ağır sözlər: Qeyri-ciddi, populist və məlumatsızdır!