Naxçıvanda da “5-ci kolon”a qarşı mübarizə başladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 1-də Surə Seyidin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Surə Namidar qızı Seyid Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsindən azad edilsin”.

Göründüyü kimi, Sərəncamda Surə xanımın işdən çıxarılma səbəbi göstərilmir. Sözsüz ki, “determinist” qanunlarla idarə olunan Muxtar Respublikada təsadüfi heç nəyin baş verməsi mümkün deyil. Bu məntiqlə Surə xanımın da işdən azad olunmasının mütləq bir səbəbi var.


Ovqat.com-un məlumatına görə, “Cənab Sədr” \“5-ci kolon”a qarşı mübarizə çərçivəsində Surə Namidar qızı Seyidi işdən uzaqlaşdırıb.
Məsələ burasındadır ki, Surə xanım İsa Həbibbəylinin Muxtar Respublika hakimiyyət orqanlarında əsas kadrlarından biridir. Ramiz Mehdiyevin ikinci adamı olan və “5-ci kolon”da “çəkili sözü” ilə seçilən, hətta “qələmi qızıl yumurtalayan akademik” ləqəbi ilə tanınan İsa Həbibbəylinin də qol-qanadının kəsilməsi dövrün tələbinə çevrilmişdi. Muxtar Respublika hakimiyyəti isə bu zamana qədər iki ayağını bir başmağa dirəyib paytaxtdan gələn bu tələbə gözünü yumurdu. Görünür, sonsuza qədər gözü qapalı saxlamağın mümkün və mənalı olmadığını son anda anlayan Naxçıvan rəhbərliyi axırda kirpiklərini bir-birindən aralı olub. Və ilk kadr islahatına da Surə xanımdan başlayıb. Maraqlıdır ki, Surə Seyid 2 il bundan əvvəl həmin vəzifəyə təyin olunmuşdu. Deyilənlərə görə, bu təyinat paytaxtın “5-ci kolon”a qarşı mübarizəsinə inad həyata keçirilmişdi.

Ehtimal var ki, “5-ci kolon”un ikinci qurbanlığı İsa Həbibbəylinin oğlu Səhət Həbibbəyli olacaq. Səhət Həbibbəyli atasının qızıl qələminin Vasif Talıbova həsr etdiyi mədhiyyə sayəsində Muxtar Respublikanın Gömrük Komitəsinin sədri vəzifəsinə yüksələ bilib.