Şuşada yandırılan Qələbə tonqalı

Novruz 2021-ci ildə Azərbaycanımıza tamam başqa donda gəldi! Bu ilki Novruz Qarabağımızın dilbəri Şuşaya 27 ildir geyinmədiyi qırmızı koftasını və yaşıl tumanını geyindirdi, başının dumanının göyünü artırdı!
Ta qədimdən oğuzlar diyarında od vasitəsi ilə bəd ruhları, yəni dünyadakı ən şər qüvvələri qorxudarmışlar. Bəzi mənbələrdə od kultunun İranla bağlı olması ilə rəvayətlər mövcuddur, lakin İranda od dini sitayiş obyekti, oğuzlarda, daha dəqiq desək, türk tayfalarında isə magiya vasitəsi idi, yəni əslində onların arasında heç bir oxşarlıq müşahidə olunmamışdı. Qədim türklər od-ocağı müqəddəs saymış, odu söndürməyi günah sanaraq həmişə yanar saxlamağı vacib saymışlar. Odu ocağın-ailənin ruhu, bərəkəti, birliyinin, mehribançılığı və bütövlüyünün müqəddəs amili kimi qoruyub saxlamışlar.

“Novruz” – hərfi mənada yeni gün deməkdir. Amma, ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir.
Novruz haqqında məlumatlara Əbu Reyhan Biruninin “Asarul Baqiye”, Mahmud Kaşğarlının “Divanü Lugat-it Türk”, Yusif Has Hacib Balasaqunlu “Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik.

“Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik, bu, tarixi hadisədir!” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Şuşada 27 ildən sonra yandırdığı ilk Novruz tonqalı ətrafında söylədiyi bu ifadə, sözün əsl mənasında, Müzəffər Ordumuzun 44 gün ərzində dünya hərb tarixində misli görünməyən rəşadətili, qızıl sətirlərlə yazılmış döyüş salnaməsini əks etdirir. Azərbaycan Ordusunun Ali Baş komandanı İlham Əliyevin başçılığı altında 30 il azğın erməni faşistlərinin iyrənc ayaqları altında inildəyən Ana torpağın bu il bahar suları duruldu, səmtini dəyişmiş küləyi hər tərəfi öz isti ağuşuna aldı, torpaq başqa nazla oyandı, müqəddəs odu daha da qaynar oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin ailəsi ilə birgə yandırdığı tonqal Odlar yurdunun Yanardağdan, Atəşkəsdən gətirdiyi müqəddəs məşəllə alovlanaraq Şuşanı, ümumilikdə, Qarabağı pis ruhlardan təmizləmək üçün ən dəyərli vasitə idi sanki! Odun Azərbaycan xalqının həyatında mühüm atribut olduğunu nəzərə alaraq qeyd etməliyik ki, bu il Şuşada yanan tonqal bütün Qarabağ torpağını pis ruhlardan, çirkablardan təmizləmək demək idi.

Möhtərəm Prezident İlham Əliyev cənablarının hər il Novruz bayramı münasibətilə xalqına müraciətində dediyi “Biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik” sözlər bu gün Azərbaycan xalqının həyatında real bir həqiqətə çevrildi. Ali Baş komanbanımız dedi və etdi! İlham Əliyev öz ailəsi – həyatının yoldaşı Birinci xanım Mehriban Əliyeva, qızı Leyla xanım Əliyeva ilə birlikdə el adəti ilə Novruz tonqalını yandırdı! Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ailə-ocaq rəmzi olaraq öz ailəsi ilə birlikdə Novruz tonqalını yandırdı. Bu, o demək idi ki, Azərbaycanın yanar odunu heç bir qüvvə söndürə bilməz! Hər hansı bir iyrənc qüvvə buna cəhd edərsə, qarşısında “Dəmir yumruq” görəcək və hər bir düşmən həmləsi Azərbaycan Ordusunun cəngavərləri sayəsində torpaqlarımızdan “iti qovan kimi” qovulacaq!


Bunun qarantı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli lider Heydər Əliyev ideologiyasına əsaslanaraq apardığı uzaqgörən siyasətdir. İllər öncə dahi Heydər Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən hər zaman deyirdi ki, biz öz torpaqlarımıza qayıdacaq, bayramı Şuşada, sonra Laçında, Kəlbəcərdə və daha sonra erməni işğalına məruz qalmış bütün torpaqlarımızda qeyd edəcək, tonqallarımızı orada yandıracağıq.

Bu gün artıq Azərbaycan xalqı şəhidlərimizin qanı tökülən ərazilərimizin hər qarışını müqəddəs sayır, çünki onlar ağlasığmaz cəsurluqla sərt qayalardan, meşələrdən, dar cığırlaınrdan keçərək əlbəyaxa döyüşlərdə yüngül silahlar sayəsində qəhrəmanlıq göstərmiş, Qarabağın ürəyi olan Şuşanı azad etmişlər. Xalq inanır ki, bu gün qəhrəman əsgərlərimizin işğaldan azad etdikləri Şuşada Novruz tonqalı yandığı kimi növbəti illərdə Laçında, Kəlbəcərdə, Cəbrayılda, Füzulidə, Xocavənddə, qan yaddaşımız Xocalıda, Hadrutda, Zəngilanda, Qubadlıda, Xankəndində ümumiyyətlə, işğaldan azad olunmuş bütün torpaqlarda Ulu öndərimiz dediyi kimi bayram tonqalları yandırılacaq. Hər ocaqdan, həyətdən, evlərdən, kəndlərdən, rayonlardan bayram təntənəsi səsi, musiqi sədası gələcək, bayram tonqallarının Od nəfəsi yeri qızdıracaq, ruzi-bərəkət ətrinə zəmanət verəcək.
Bunu Prezidentimiz İlham Əliyevin Novruz bayramı təbrikində dediyi sözlərə istinad edərək əmin ola bilərik: “Bizim müharibəmiz – İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik”.

İlham Əliyev cənabları Azərbaycan xalqının Qələbə əzminə, xalqın mətinliyinə dəyər verərək vurğulamışdır: “Şuşada olarkən insan Azərbaycan xalqının böyüklüyünü bir daha dərk edir. Bu gün xalqın arasında elə gənc nəsil yetişmişdir ki, həmin nəsil öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən qəhrəmanlıqla aldı. Müharibədə respublika ərazisində yaşayan bütün xalqların nümayəndələri iştirak etmişlər, qəhrəmanlıq göstərimişlər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Onların fədakarlığı sayəsində bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa, sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.

Leyla Gərayzadə

BDU-nun Professoru