Azərbaycanda ov turizmini necə biznesə çevirmək olar? -TƏKLİF

Ərəblərin Azərbaycanda nadir quşları ovlamaları gündəm olub. Məsələyə müxtəlif yöndən münasibət bildirən vətəndaşların mövqeyində mənfi çalarlar daha çox diqqət çəkir. Mütəxəssislər isə bunu gəlir mənbəyinə çevirməyin yollarından, ovçuluq turizminin faydalarından danışıb.

Kanal32.Az xəbər verir ki, iqtisadçı ekspert Elman Sadıqov isə konkret təklif irəli sürüb. Ərəb turistlərin ov etməsi üçün konkret məkanların ayrılmasını, onların qışlarla təchiz ediməsini məqsədəuyğun hesab edib:

“Azərbaycanda ov turizmi ərəb ölkələrində populyarlıq qazanmaqdadır. Çox yaxşı. Bunu son 4 ildə avantaja çevirə bilməmişiksə təqsir özümüzdədir. İnvestisiya, turizm, valyuta axını və sair haqqında çox danışılır, konkret məsələlərə gəlincə sanki kilidlənmə yaranır. Konkret olaraq, ölkənin bir, ya iki bölgəsində ərazi ayrılır. Həmin ərazilərdə ov üçün şərait yaradılır. Həmin ərazi çoxlu qaz, ördək, bildirçin və sair qırmızı kitaba düşməyən, nadir olmayan quşlarla təchiz olunur. Həmin ərazi reklam da olunur. Öz vətəndaşlarımız da daxil olmaqla ərəb ölkələrindən istənilən qədər ərəb də gəlib orada ov edə bilər”.

Ekspert bunu yerli vətəndaşlar üçün gəlir mənbəyinə çevirməyi də düşünüb. Onun fikrincə, əhali müxtəlif növ quşları yetişdirib həmin əraziyə sata bilər. Bu da vətəndaşlar üçün əlavə gəlir mənbəyi olar.

E.Sadıqov ov üçün xüsusi məkanlar yaradıldıqdan sonra qoruqlarda quşların qanunsuz ovlanmasına görə cərimələrin artırılmasını təklif edib:

“Bu halda ölkənin digər qoruqları ov üçün bağlı olur. Oradakı nadir quşlar qorunur və ölkənin florasına da zərər dəymir. Bu ov mərkəzləri olduqdan sonra istənilən digər qoruqda qanunsuz ov üçün rüsumlar 50.000-100.000 dollar da ola bilər. O halda ya kimsə getməz və ya ov təşkil etməz, ya da gedən və ya ov təşkil edənlər üçün sonuncu dəfə olar. Həm də rahat, qanuni ov mərkəzi varsa, niyə risk etsinlər ki? “

Ekspert ov mərkəzlərinin işlətmə tərzini belə izah edib: “Ov üçün əlbəttə müəyyən rüsum olur. Həmin rüsum hər bir ölkə vətəndaşı üçün xarici turistlərlə müqayisədə nisbətən aşağı da ola bilər. Azərbaycan vətəndaşları arasında da həmin ərazi populyarlıq qazana bilər və dövriyyəsi də artar. Bir ərəb üçün ov keyfinə 200-300 dollar pul ödəmək simvolikdir. Daha yüksək rüsumla daha rahat ov edə bilərlər. Həmin ov ərazisi istədiyi sayda quşları əhalidən pulla ala bilər. Əhali üçün stimul olsa, 10 minlərlə quş yetişdirib həmin ov ərazisinə satarlar”.

E.Sadıqovun fikrincə, həmin işlər nəticəsində ov turizmi inkişaf edə, ölkəyə turist və valyuta gələ bilər. Eyni zamanda ölkənin florası, nadir quşları qorunar.

“Ov mərkəzinə quşlar satan əhali əlavə gəlir mənbəyi əldə edir. Həmin mərkəz də təsərrüfat hesablı mərkəz kimi büdcəyə yük olmur. Qazandığı rüsumlarla, ərazidə turistlərə göstərdikləri digər xidmətlərlə maaşları ödənilir, əhalidən də lazım olduqca müqavilə ilə quşlar alır. Bütün bunlar bir biznes plan kimi rahat şəkildə həyata keçirilə bilər”.

/valyuta.az/