Hansı hallarda “Forma 4” tələb olunmur?-ŞƏRH

Sığorta hadisələri zamanı “Forma 4” adlanan arayışın alınması müştərilərlə sığorta şirkətləri arasında mübahisələrə səbəb olur.  Nəticədə dəymiş ziyanın ödənilməsi gecikir və ya əlavə xərclərə səbəb olur. 

KANAL32.Az xəbər verir ki, qaununvericiliyin tələbinə görə, “Forma 4” elektron qaydada əldə oluna bilər.

“İcbari Sığortalar haqqında” qanunun 17.1.4-cü maddəsinə əsasən, icbari sığorta ödənişi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış əsasında həyata keçirilir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bu arayış Forma 4 adlanır.

Qanunun 17.4-cü maddəsinə əsasən sığortaçı qeyd olunan arayışı almaq üçün səlahiyyətli orqana, yəni Daxili İşlər Nazirliyinə dərhal sorğu verməlidir. Səlahiyyətli orqanlar bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin informasiya sisteminin İcbari Sığorta Bürosunun informasiya sistemi ilə inteqrasiyası nəticəsində “Forma 4” arayışının elektron şəkildə də alınması mümkündür.

Bəs həmin arayış hansı hallarda tələb edilmir?

“İcbari Sığortalar haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən, yol-nəqliyyat hadisəsi haqqında “Forma 4” arayışı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda tələb olunmur:

– Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;

– Hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;

– Hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

– Hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

Yuxarıda qeyd olunan şərtlərin hər birinin mövcud olduğu hallarda, hadisə iştirakçıları tərtib etdikləri və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etməlidirlər.

Mənbə:valyuta.az