Rusiya 1 milyondan çox əsgərlə Ukraynanı tam mühasirəyə alıb-ŞOK İDDİA

1 milyondan çox əsgər və zabitdən ibarət rus ordusu Ukrayna sərhədlərinə toplanıb. Biz artıq mühasirədəyik”.

Kanal32.az xəbər verir ki, bu iddianı tanınmış ukraynalı diplomat Roman Bessmertnıy irəli sürüb.

Diplomat Ukraynanın “Espreso” televiziyadakı çıxışı zamanı bildirib ki, nəzərdə tutduğu 1 milyonluq orduya həm Krımdakı rus qoşunlarını, həm də LPR ərazilərindəki nəhəng hərbi birləşmələri aid edir. Bundan əlavə, Belarus ordusu da Ukraynanın işğalı zamanı Rusiya ilə birgə hərəkət edə bilər. Diplomat xatırladıb ki, Rusiya ilə Belarus orduları daimi hərbi təlimlər keçirir və son hərbi təlimlər zamanı Belarusa gələn rus qoşunları hələ də bu ölkənin ərazisindədir.

Üstəlik, Moldovadan ayrıldığını bəyan edən Dnestryanı ərazidəki qoşunları da bu hesaba qatmamaq mümkün deyil. “Bir sözlə, Ukrayna tam və qəti mühasirədədir və işğal olunmasına çox az vaxt qalıb”, – Bessmertnıy belə deyib.

Onun sözlərinə görə, ölkənin xilası yalnız NATO ilə yaxın iş birliyindədir: “Artıq bütün sahələrdə – quruda, suda və havada NATO qüvvələrinin dəstəyi ilə döyüşlərə hazırlaşmalıyıq”, – diplomat bu təkliflə çıxış edir.

Bessmertnıyın fikrincə, Ukraynanın mühasirəyə alınması təkcə bu günün işi deyil. Ukrayna 2014-cü ildən bəri rus ordusunun mühasirəsindədir. İndisə vəziyyət daha da gərginləşib. Rus ordusu açıq şəkildə Ukrayna sərhədlərinə hərbi qüvvələrini cəmləşdirir.

/Ovqat.com/