İnsan yaşadıqca həyatın eniş-yoxuşunu, yaxşı-pisini ayırd edir, baş verən hadisələri hər kəs özünə uyğun qiymətləndirir. Baş verənlərin nə dərəcədə təsirə malik olmasını biz əvvəlcədən bilmirik, taleyin hökmüdür, eləki müəyyən bir sərgüzəşt baş verdi, onun təsir dairəsi uzunmüddətli və ya qisa müddətli ola bilər. Ola bilsin ki, baş verən hadisə bir həftə, bir ay, bir il, ya da birdəfəlik yadda qalsın. Deyəsən bu hadisə mənim yaddaşımda birdəfəlik qalıb.
Qələmə aldığım hadisə ilə Bakı şəhərinə təzəcə qədəm qoyduğum illərdə qarşılaşmışdım. Bir az da dəqiq desəm, iş yerimi Bakı şəhərinə iki il olardıki dəyişmişdim. Heç də yenicə tikdirdiyim ev-eşiyimi tərk edib başqa yerə getməzdim , amma işsiz də qala bilməzdim. Gənc ailə üçün işsiz qalmaq məncə yaxşı olmazdı, məsələn, ailənin gündəlik qayğılarını, problemlərini həll etmək üçün işləmək lazım idi.
Bakı şəhərində öz ixtisasım üzrə işləməyə başladım. Düzdür, əvvəllər çox çətinliklərim olub, həm işdə həm də məişət məsələlərində. İş zamanı dost- tanışlarım mənə nəyi necə etməyin ən düzgün yolunu göstəriblər. Deyim ki, paytaxt şəhərə gəldiyim zaman şəhərdə ev-eşiyim yox idi. İstər-istəməz ailəni yerləşdirmək üçün uyğun bir yerdə mənzil kirayələmək lazım idi, və əlbəttə, bu işdə də yaxşı dostlarım və tanışlarım öz köməkliklərini ediblər . Odur ki, həmişə onlara minnətdaram.
İşlədiyim müddətdə öz doğulduğum torpaqda yenicə inşa etdirdiyim evi , eləcə də həyətyanı sahəni tərk etsəm də bütün fikrim ordaydı. Hec oranı yaddan çıxarmaq olardımı? Məncə bu suala hamı birdən cavab verərdi ki, –yox….
Odur ki, mən vaxtaşırı—həftəsonları gedib ev- eşiyimə baş çəkər, necə deyərlər ,uçulanı dağılanı düzəldərdim, əkdiyim ağacları sulayardım və bu, məni qətiyyən yormazdı.
Bayram günlərində artıq rayonumuza ailəliklə getməli olurdum. Bir-neçə gün şəhərdə qalıb darıxdırıcı günlər keçirməkdənsə, öz evimdə və ya döğmalarım arasında bayram keçirmək daha maraqlı olurdu.
İkimininci illərin əvvəlləri idi. Artıq Novruz bayramına bir gün qalırdı. Mən necə olur-olsun ailəmlə birlikdə doğulduğum yerə getməli idim. Onu da deyim ki, bütün ailə üzvlərimiz bayramın öz evimizdə keçirilməsini böyük sevinc və səbirsizliklə gözləyirdi, çünki ora bizim üçün geniş bir yer olaraq tonqal qalamaq və üstündən tullanmaq, şamal atmaq, musiqiyə qulaq asmaq , bayram rituallarını həyata keçirmək üçün çox gözəl bir məkan olaraq qalır.
Getməyimiz üçün bizim bir çətinliyimiz var idi və mənə belə gəlir ki, bu çətinliyi əksəriyyət adamlar da çəkirdilər, o, nəqliyyat məsələsi idi. Həmin ərəfədə
bütün qatarlara biletlər qabaqcadan satıldığından bayram günləri bilet tapılmazdı, bütün avtobusların hamısı dolu olardı, bir sözlə yer olmazdı….
Bu çətinliyin öhdəsindən gəlməyin yalnız bir yolunu tapmışdım. Bakı- Gəncə elektrik qatarı ilə getmək. O qatar rayonlara gedən bütün ümidsizlərin ümidi idi. Çox vaxt o da dolu olurdu , amma nə etmək, mütləq getməliydik. Haqqında danışdığım qatar adətən komfortlu deyildi, xüsusi nömrəli yerlərlə təchiz olunmamışdı və kim harda gəldi özü üçün yer tutub otururdu.
Səhər tezdən ailəliklə qatar stansiyasına nə qədər tez getsək də, qatara yaxınlaşanda vaqonların demək olar ki, adamlarla dolu olduğunu gördüm. Boş yer tapmaq ümidi ilə vaqonlardakı yerlərə bir-bir baxmalı oldum, amma tapa bilmirdim. Bütün yerlər tutulmuşdu. Son ümidim axırıncı vaqona idi, oraya daxil olanda təxminən orta hissədə üzbəüz oturacaqlarda yalnız bir sərnişin otursa da, qalan oturacaqlar boş idi.
Bu sərnişin qadın idi və vaqonun pəncərəsinin çərçivəsinə dirsəklənərək oturmuşdu, fikirli-fikirli çölə baxırdı. O, başını tünd göy rəngli qalın şalla bağlamışdı və əynində isə qara kostyum var idi. Hiss olunurdu ki, kostyum yuyulmaqdan tamamilə bozarmışdı və sanki tez-tez ütülənməkdən parıldayırdı. Çəhrayı rəngli uzunsöv zənbilini oturduğu oturacağa qoyaraq aşmasın deyə özünə söykəmişdi.
Yerlərin boş olmasını mən belə fikirləşdim ki, yəqin sərnişin qadının kimsə yaxın adamları gələcək və bu yerləri tutacaqlar. Amma bizim başqa çıxış yolumuz olmadığından ailə üzvlərimə elə buradaca oturmağımızı, əgər kimsə gələrsə onda ayağa durub yerləri verməyimizi fikirləşdim. Oturandan sonra gördüm qadın heç bir söz demədi, əksinə dərin fikrindən ayrılıb, oturduğu yerdən bizə yer güzəşt edirmiş kimi bir az da oturacağın küncünə sıxıldı və yanına qoymuş olduğu zənbilini, yeri genişlədirsin deyə oturduğu oturacağın altına qoydu. Onda bildim ki, bu qadın təkdir və heç kimi gözləmirdi və yerlər də boş idi.
Biz özümüzə aid olan əşyalarımızı oturacaqların altına yerbəyer etdik və yorğunluğumuzu, yer tapmaq həyəcanımızı sakitləşdirmək məqsədilə bir müddət dinib danışmadan sakit şəkildə oturduq. Amma ətrafda oturanlar uca səslərlə bir-biriləriylə söhbət edir, danışıb- gülür, zarafatlar edirdilər.
Qatar yola düşmüşdü , əlbəttə, çox da sürətlə getmirdi və hər bir balaca stansiyada dayanırdı. Düşənlərə nisbətən minənlər daha çox idi. Vaqonun qapısı tərəfdə sərnişinlərin çoxusu ayaqüstə dayanmışdılar. Deyim ki, qatarda hər cür kateqoriyadan olan adamlar var idi. Onların müxtəlif kateqoriyalardan olmasını danışığından və geyimindən təxmin etmək olurdu.
Qarşımızda oturan, xəyallara dalan “tənha” qadının hansı kateqoriyaya aid olduğunu müəyyənləşdirə bilmirdim və mənə təəccüblü gələn bir məsələ var idiki, görəsən vaqondakı insanlar yer olmaya-olmaya onun hansı xoşa gəlməyən xüsusiyyətini görüb ona yaxın durmurdular, onun oturduğu oturacaqlarda oturmaq istəmirdilər. Hətta bir-neçə adam ayaq üstə idi və məncə bir-neçə saat yol gedəcəkdilər, amma onun yanında oturmaq istəmirdilər. Özüm-ozümə fikirləşdim bəlkə biz bura gəlməzdən əvvəl hər hansı bir “nalayiq” hərəkət olub və ona görə bu qadının yanında oturmaq istəməyiblər. Biz isə bilməyərəkdən gəlib burada oturmuşuq. Təsəvvür edin ki, bütün yerlərdə adamlar sıx şəkildə oturmuşdular, amma bu qadının oturduğu yerlərin hamısı boş qalmışdı və onun yanında yeddi nəfər adam otura bilərdi. Maraqlı idi…
Qatar yavaş getdiyindən bilirdim ki, ən azı altı saata yaşadığım rayona gedib çata bilərdik, ona görə də, başımızı qarışdırmaq , yolun uzunluğunu hiss etməmək üçün ibtidai sinifdə oxuyan övladlarımı sorğu- suala tutaraq, öyrəndikləri şerləri, tapmacaları, riyazi hesablamaları onların yadına salmalarını istədim.
Mən suallara başlayan zaman, bayaqdan çölə baxan yaşlı qadın bizə tərəf cevrildi. Üzündə xoş bir təbəssüm əmələ gəldi, sanki bütün hər şeyi yaddan cıxarmış kimi uşaqlara suallar verməyini məndən xahiş etdi və mən razı oldum. O, hər sualı elə bil qabaqcadan hazırlamışdı. Onun verdiyi sualların qoyuluşu çox məntiqli və daha çox uşaqyönümlü olduğundan məni heyran etdi. Açığın deyim, mən mat- məətəl olub qalmışdım. Qadın tərəfindən verilən sual-cavablar tezliklə vaqondakı bütün adamları da cəlb etdi. Elə bil hamı birdən- birə şirin söhbətini , zarafatlarını dayandırdı. Bizim ətrafımızda olan, arxamızda, önümüzdə olanlar artıq çevrilib buradakı “mini” dərsə baxırdilar. Çox keçmədən vaqonun uzaq küncündə olanlar da burada olan söhbətləri dinləməyə can atırdılar.
Uşaqları ibtidai siniflərdə oxuyan və bizimlə bir vaqonda gedən valideynlər də öz uşaqlarını sual-cavaba qoşmaq üçün gətirdilər. Onlar da verilən suallara onun metoduna heyran qalmışdilar. Valideynlər –Vallah bizim uşaq bu qadının şagirdi olsaydı indiyə əlaçı olardı — deyirdilər. Nə qədər istədim ki, mən onun nəçi olduğunu soruşum, ancaq hər şey ğöz qabağında idi. O, uşaqlar arasında dialoqlar qurur, qrup işi təşkil edir, oyunları keçirir və bu hadisə çox illər bundan qabaq olmasına baxmayaraq, mən o qadının metodikasında təhsilin müasir tələblərini görürdüm. Nitqi o qədər aydın, danışığı o qədər səlis, uşaqlarla rəftarı o qədər yüksək, interaktiv üsuldan istifadə etməsi o qədər mükəmməl idi ki, onu seyr edənlər mənim kimi heyran qalmışdilar. Hətta deyərdim ki, kurikulumdan irəli gələn bir sira təlim metodları onun üsullarında və manevrlərində aydın şəkildə görünürdü.
Artıq iki saata yaxın olardı qadın uşaqlarla məşğul olurdu. Elə bil usaqlar onun ilhamverici quvvəsi idilər, yorulmaq bilmirdi və desə də deməsə də mən artıq bilirdim ki, o,müəllim idi, özü də sənətini dərindən sevən ibtidai sinif müəllimi. Sanki çoxdan bəri həsrətində olmuş kimi yorulmadan dərs keçirdi. Az sonra sərnişinlər xahiş etdilər ki, bir az istirahət etsin. Bu zaman mən ətrafa baxanda, adamların yerlərini tərk edib bu qadının başına toplaşmasını və onu sakit şəkildə müşahidə etmələrini bir daha gördüm.
Heyrətimdən bilmirdim o qadına nə deyim, hansı sualı verim. Mənim kimi ətrafdakılar da öz suallarını vermək istəyirdilər. Birinci sualı vermək mənə nəsib oldu:
—Müəllimə, deyin görək harda işləyirsiniz?
—- Mən indi işləmirəm , vaxtilə Ağsu rayonunda təyinatla işləyirdim, indi təqauddəyəm. Əslində özüm Kürdəmirdənəm.
Başqa bir sərnişin soruşdu:
—-Bəs, hardan gəlib hara gedirsiniz?
—-Mən Bakıdan qızımgildən gəlib indi Kürdəmirə gedirəm. İş elə gətirib ki, övladlarım hərəsi bir yanda ailəli olduğu üçün tək yaşayıram və nə qədər deyirlər ki, gedib onlarla birlikdə yaşayım, razı olmuram, deyirəm öz evimdən ayrı yaşaya bilmərəm.
Başqa suallar verilməsinə baxmayaraq qadın mənim –bəs niyə işləmirsiniz? –sualıma cavab verdi:
—– Qoy indiki cavanlar işləsinlər, mən qocalmışam….
Bu sözləri deyəndə elə tərzdə dediki, mən hiss etdim ki, nə isə bir ədalətsizlik baş verib, amma qadın o qədər xanim-xatın olduğundan heç istəməzdiki bu barədə danışsın.
—– Xanım, mənim oğlum altı yaşını bu il tamam eləyir, mən mütləq onu məktəbə göndərməliyəm?—deyə arxadan bir qadın sərnişin soruşdu.
—-Əgər siz hesab edirsinizsə ki, oğlunuzun əqli və fiziki inkişafı lazımi səviyyədədir, onda göndərin ibtidai sinfə getsin oxusun,– deyə müəllimə qadın cavab verdi.
Bu zaman gediş haqqı yığan konduktor bütün vaqonlardakı sərnişinlərdən gedəcəkləri yolun pullarını yığa-yığa nəhayət bu vaqona daxil olmuşdu. Mən istəyirdim ki, ailə üzvlərimdən savayı qadın müəllimənin də gediş haqqını verim, amma gördüm çoxları mənim kimi fikrirləşirmiş. Onlar sanki, bir-biriylə dava edirlərmiş kimi istəyirdilər ki, onun gediş haqqını versinlər. Qadın isə öz pulunu verəcəyini desə də, sərnişinlərdən biri cəld şəkildə vaqonun baş tərəfində olan koduktorun yanına gedib onun gediş haqqını ödədi.
Hamı qadının başına toplaşmışdı, ondan nə isə soruşmaq, nə isə öyrənmək istəyirdilər. Qadın öz növbəsində yoruldum demədən onlara dəyərli məsləhətlərini verirdi.
Bu zaman müxtəlif cür yemək içmək satan bir satıcı vaqona daxil oldu. Sərnişinlərdən bir-neçəsi tez bir zamanda müxtəlif cür əlüstü yeməklərdən alaraq qadının yanına gətirdilər və yaxşıca bir süfrə açaraq onu nahara dəvət etdilər. O isə “yox, lazım deyil, özünüz yeyin” deyirdi. Nəhayət , qadın təklif etdiki, “elə isə bir yerdə nahar edək” dedikdə təklif qəbul olundu.
Yolu necə getdiyimizi hiss etmirdik , vaxtımız o qədər mənalı və maraqlı keçirdi ki, az qala adam istəyirdiki qatar bir az da yavaş getsin və bir az da öz stansiyamıza gec gedib çatsın.
Sərnişinlərdən biri onun neçə yaşda olduğunu soruşduqda , gələn ayın yeddisində yetmiş yaşının tamam olacağını, yubileyini vaxtilə dərs dediyi və indi müxtəlif vəzifələrdə işləyən şagirdləri, eləcə də övladları Bakıda məşhur “Çanaqqala” restoranında keçirəcəyini bildirdi. Bayaqdan təvazökarlıqdan başını aşağı salan qadın, gülümsəyərək başını qaldırıb – kimin vaxtı olsa həmin gün saat altıda oraya gələ bilər- sözlərini dedi. Bu sözləri eşidəndə hamı birdən onu təbrik etdi və əl calaraq alqışladılar…
Hacıqabul stansiyasına çatanda qatar adətən iyirmi dəqiqəlik dayanırdı. Bu zaman adamların çoxusu vaqonu tərk edərək yerə düşdülər və çox keçmədən əlləri dolu geri qayıtdılar. Demə hərə özü-özlüyündə qadına kiçicik də olsa yubiley hədiyyəsi almaq üçün düşüblərmiş. Əlbəttə, mən də onların arasında idim.
Qatar yola düşərkən hamı birlikdə “Happy Birthday “ mahnısını oxumağa başladı. Qadın sanki özünü xoşbəxtlərin xoşbəxti sanırmış kimi, gözləri doldu. Onu sərnişinlər cürbəcür hədiyyələrə qərq etdilər. Müəllimə qadın hamiya “çox sağ olun!”, “minnətdaram” deyərək öz dərin təşəkkürünü bildirirdi…
Qatar Kürdəmir stansiyasina çatırdı. Hamı ayağa qalxmışdı. Müəllimə qatardan düşən zaman hamı ona hörmət əlaməti olaraq əl çalırdı və qucağında bir dəstə təzə- tər gül dəstəsi var idi. Adamlar dərhal ona vağzalda dayanmış taksilərin birini tutdular və hədiyyələriylə birlikdə təmtəraqlı şəkildə yola saldılar. Vağzalda olan adamlar da böyük maraq içərisində idilər və onun kim olduğunu soruşanda “müəllimlərin müəllimi” olmasıni dedilər.
Biz isə yolumuza davam edirdik. Hələ bizim stansiyamıza çatmağımıza saat yarım qalmışdı. Sərnişinlər yerlərində oturub müəllimə qadının savadından, bacarığından, mədəniyyətindən danışırdılar. O vaxtdan mənim həmin elektrik qatarına simpatiyam artdı və mən ailəliklə onunla gedəndə deyirdim,–“ görəsən yenə belə bir adama rast gələ bilərikmi ki, vaxtımızı mənalı və maraqlı keçirək”.
Ümumiyyətlə, bu hadisənin içərisində olanda , mən əsl müəllimə verilən kiçicik bir qiyməti düşündüm. Onu da düşündüm ki, hər hansı bir sənəti hörmətə mindirən də var , onu hörmətdən salan da var. Haqqında danışdığım qadın, neçə-neçə şagirdin təlim-tərbiyəsində mühüm rol oynayıb və onlara ən düzgün yolu göstərməklə müəllim sənətini, nüfuzunu göylərə qaldırıb. İndi də onun nəticəsi olaraq qədirbilən xalqımızın nümayəndələri onu yuksək qiymətləndirir, özu də öz mizan tərəzisiylə…
Bütün olanlar , keçənlər bir kino lenti kimi xəyalımdan gəlib keçir və fikirləşə- fikirləşə özüm-özümə deyirəm, görəsən ayaq üstə duran adamlar nəyə görə o qadının yanında oturmaq istəmirdilər?…
Müəllif: Mirsadiq Cəfərov
Noyabr , 2020