İşğaldan azad olunmuş torpaqlardan dünyaya verilən mesaj

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev cənablarının 44 günlük müharibənin zəfərlə bitən və işğaldan azad edilən bölgələrə dərhal tarixi səfərləri hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. Təbii ki, bu Qələbə zəfərdən sonra işğaldan azad olunan rayonlarına səfər Qalib Komandanın öz sevincini, görüləcək işlərlə bağlı məlumatları xalqı ilə paylaşması məqsədi daşıyır. Ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb. Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi. Qalib ölkənin Müzəffər Komandanı qazanılmış Qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə tarixi səfərlərini etməklə səfər tarixini yazır. Ən əsası isə bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Və bu səfərlərlə dövlət başçımız bildirir ki, Azərbaycan 28 ildən sonra Qarabağı işğaldan azad etdik, Qarabağa qayıtdıq, Qarabağa sahibləndik. Ali Baş Komandanımızın dediyi kimi: “Buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.

Füzulidən Şuşaya yol – Zəfər yolu

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də Füzuli və Xocavənd rayonunda səfərdə olarkən Ali Baş Komandanımız bildirdi ki, yenə azad edilmiş torpaqlardayıq: “Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir – Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır”.

Dövlət başçımızın dünyaya bir mesaj idi ki, işğaldan azad olunan torpaqlarımızda sabitlik, hərbi sahədə təhlükəsizlik etibarlı şəkildə tam təmin olunubdur. Bütün dünyaya məlumdur ki, Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərərək, xalqımıza qələbə sevincini yaşatdı. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmizin müstəsna rolu danılmazdır. Ölkəmizdə aparılan inkişaf siyasəti, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Bu səfərləri ilə bir daha nümayiş etdirdi ki, biz öz doğma torpaqlarımıza – Qarabağ Azərbaycanımıza qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni «dəmir yumruq» siyasətimizlə öz doğma torpaqlarımızdan qovmuşuq.

Dövlət başçımızın işğaldan azad olunmuş torpaqlardan dünyaya mesajı

Dövlətimizin başçısı Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşa səfərlərindən sonra Xocavəndə, keçmiş Hadrut rayonuna, qədim yaşayış məskəni olan Tuğ, Azıx, eləcə də Edili, Düdükçü kəndlərinə səfərləri və səfər zamanı yol boyu kənd və şəhərlərimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdıldığını, viran qoyulduğunu bütün dünya ictimaiyyətinə bir daha göstərdi. Azərbaycan Prezidenti ermənilərin bu ərazilərdə canlı təbiətə böyük ziyan vurduqlarını bir daha diqqətə çatdırdı: “Yenə də azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları görərkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq”.

Dövlətimizin başçısı müharibədən sonra Şuşa şəhərinə ikinci səfəri Novruz bayramı ərəfəsində olması Xalq-İqtidar birliyinin, hər bir vətəndaşın Prezidenti olduğunun, həmişə xalqının yanında olduğunun bir daha göstəricisi olmaqla, həm də azad olunmuş torpaqlardan qarşıda duran vəzifələrlə bağlı dünyaya öz mesajlarını verir. Bu baxımdan, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına, Şuşa şəhərinə səfəri böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Şuşaya növbəti səfəri də əlamətdar oldu. Dövlətimizin başçısının xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində, İlaxır çərşənbədə səfər etməsinin böyük əhəmiyyəti var. “Arzuladığımız kimi, artıq bundan sonra Novruz bayramını Şuşada qeyd edəcəyik”,-deyən dövlət başçımız Şuşada bərpa-quruculuq işləri ilə tanış oldu. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq, Qarabağımız cənnətə çevriləcək və yenidən münaqişə xülyasına düşənlər isə «dəmir yumruqla» üzləşəcəklər.

Bəli, artıq Qalib ölkənin Qalib Sərkərdəmizin dediyi kimi, bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi!

Uğurlu tarixi səfərlərinizlə hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadan Ali Baş Komandanımızın dediyi kimi: “Şuşaya “hələlik” deyirik. Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır… Bura Azərbaycan torpağıdır, Qarabağ torpağıdır. Bundan sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq”.

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü,“Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

/sia.az/