Zərifə Quliyeva YAP-nın VII qurultayından yazdı

Zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev martın 5-də partiyanın keçirilən VII qurultayında çıxışı zamanı bir çox məsələlərə toxunaraq Partiyamızın VII qurultayını ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu bildirmişdir.

Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamız böyük ənənələrə malikdir. VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir. Gələn il Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi olacaq və partiya öz yubileyinə yeniləşmiş formatda, daha fəal qədəm qoyur. Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilat olduğu üçün yaranmış yeni situasiyalar nəzərə alınaraq növbəti qurultayın çağırılmaq zərurəti yarandı. Qurultayda yeni Nizamnamənin qəbul edilməsi partiyanın yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək. Partiyanın rəhbər orqanlarında təmsil olunan üzvlərin fəal olması, ümumi işə öz töhfələrini lazimi formada vermələri artıq yeni dövrün tələblərindəndir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının rəhbər strukturlarından olan Siyasi Şuranın ləğv edilməsi və əvəzində digər rəhbər orqan olan İdarə Heyətinin optimallaşdırlması çox mühüm və düzgün qərar hesab edilə bilər. Həmçinin, qurultayda yaşanan digər əlamətdar hadisə dost partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması oldu. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır. Eyni zamanda, bu, onu göstərir ki, partiyamızın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Prezident İlham Əliyev İdarə Heyətinə Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması və yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməsi tapşırığını verdi. Yeni qəbul ediləcək proqram Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini və siyasi hədəflərini müəyyənləşdirəcək bir sənəd olacaq.

Ulu Öndər arzularının davamçısı

Azərbaycan Prezidenti İlham Əliyev YAP-nın VII qurultayında çıxışı zamanı onu da söyləyib ki, xalq Heydər Əliyevə inanırdı və Onun ətrafında sıx birləşmişdi: “Eyni zamanda, müstəqilliklə bağlı Ulu Öndərin birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi. O vaxt Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzə-təzə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı”.

“Hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı”

Azərbaycan Prezident onu da söyləyib ki, o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü: “Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla, elə bil ki, əkiz qardaşdırlar. Təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax, bunlar idi o vaxt Azərbaycanı idarə edənlər. Belə insanlara xalq tərəfindən inam ola bilərdimi? Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdür, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı”,-deyən dövlət başçısı, həmçinin vurğulayıb ki, bu AXC-Müsavat cütlüyü bütün vəzifələrə rüşvət müqabilində insanlar təyin edirdilər, təsadüfi insanlar, küçədən keçənlər idi vəzifədə olanlar.

Dövlət başçısı onu da vurğulayıb ki, əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi: “Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq”. Dövlət başçısı çıxışı zamanı onu da bildirib ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir: “Bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. İndi biz yeni dövrə qədəm qoyuruq”.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayının ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunun deyərək bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır və biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik: “Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın”.

Prezident İlham Əliyev ən vacib məsələ olan gənclərlə bağlı növbəti, xüsusi əhəmiyyət daşıyın fikirlərini söyləyərək bildirib ki, gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir: “Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır. Çünki biz bu gün də görürük ki, nəsillər dəyişdikcə bəzi ölkələrdə radikal qüvvələr ya hakimiyyətə gəlir, ya da ki, ildən-ilə, seçkilərdən-seçkilərə onlara verilən səslərin sayı çoxalır”.

«Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar»,-deyən dövlət başçısı istiqamət yolların açıqlayaraq çatdırdı ki, hamılıqla, o cümlədən Yeni Azərbaycan Partiyasında Veteranlar Şurasına tapşırıqlarını da verməsi bir daha hər kəsi məsuliyyətə çağırdı: «Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər. Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir. Çünki xaricdən, oradan-burdan yalan, saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Məhz o hesabat da bunun üzərində qurulur və gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır. Digər önəmli məsələ isə odur ki, – Yeni Azərbaycan Partiyası həmişə bu sahədə fəal olub, bizim dövlət siyasətimiz də bu sahədə birmənalıdır, – Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Bu, bizim böyük sərvətimizdir. Mən də müxtəlif tədbirlərdə demişəm ki, bizim dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”.

“6 siyasi partiyaların Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək”

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyaya qoşulan partiyaların uğurlu addım olduğunu bildirib: “Mən buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək”.

Göründüyü kimi, ölkənin ən müxtəlif spektrini əhatə edən 6 siyasi təşkilatın dövlət və milli maraqlar naminə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilən YAP-a qoşulması cəmiyyətdə hakim partiyaya olan müsbət münasibətdən, inam və etibardan irəli gəlir.

Sonda Prezident İlham Əliyev cənablarının dediyi fikirlə sözümü bitirmək istərdim: «Bir sözlə, bir çox hallarda dediyim kimi, bugünkü qurultayı da bu sözlərlə yekunlaşdırmaq istərdim: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

/sia.az/