Türkiyənin milli döyüş təyyarəsi layihəsi:Rusiya buna…

Rusiya Türkiyə ilə hərbi-texniki əməkdaşlığı S-400 zenit-raket komplekslərinin satışının ardınca bu dəfə yeni nəsil döyüş təyyarələri sahəsində genişləndirmək istəyir. Virtualaz.org xəbər verir ki, Rusiya özünün 4++ nəsil Su-35 və 5-ci nəsil Su-57 qırıcılarını Türkiyəyə satmağa hazır olduğunu nümayiş etdirir. Türkiyə də bu qırıcıları almağa maraq göstərir, xüsusən də S-400 komplekslərinə görə Türkiyənin ABŞ tərəfindən F-35 qırıcıları proqramından çıxarılması məsələni aktuallaşdırıb.

Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank bildirib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq Ankaranın Su-35 və Su-57 qırıcılarını alması ilə möhkəmləndirilə bilər. Onun sözlərinə görə, Türkiyə öz arsenalında bütün tələblərə və qarşıda duran döyüş vəzifələrinə uyğun Rusiya qırıcılarının olmasını istərdi. Nazir Rusiyanın da bu qırıcıları satmaq üçün danışıqlara başlamağa hazır olduğunu deyib.

Bununla belə Mustafa Varank bildirib ki, Türkiyə üçün prioritet məsələ öz milli döyüş təyyarəsi layihəsini inkişaf etdirməkdir. Həmin təyyarələr hazır olana qədər isə öz arsenalını Rusiya qırıcıları ilə gücləndirə bilər.

“Rusiyanın 4-cü və 5-ci nəsil qırıcıları Türkiyənin qarşısında dayanan vəzifələrə uyğundur. Biz bu silahları almaqdan məmnun olardıq”,-Varank bildirib.

Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin sözçüsü Valeriya Reşetnikova isə bildirib ki, Moskva Ankara ilə Su-35 və Su-57 qırıcılarının satışına dair danışıqlara hazırdır. Habelə o, Rusiyanın Türkiyənin milli döyüş təyyarəsi layihəsində iştirakının da mümkün olduğunu deyib.

“Türkiyə tərəfi artıq Su-35 və Su-57 qırıcılarının texniki xüsusiyyətləri barədə tam məlumatlandırılıb. Əgər Türkiyə bu təyyarələri almaq istəsə biz danışıqlara hazırıq”,-Reşetnikova bildirib.

Türkiyənin milli döyüş təyyarəsi layihəsi 2017-ci ildə başladılıb. Təyyarənin şərti adı TF-X (Turkish Fighter-X) olaraq müəyyən edilib. Bu, 5+ nəsil qırıcı olacaq və o zaman planlaşdırılırdı ki, Türkiyənin arseanlında F-35 qırıcıları ilə birlikdə yer alacaq. TF-X süni intellektlə idarə olunan qırıcı kimi nəzərdə tutulur, Türkiyənin Aerokosmik Agentliyi (TÜSAS) tərəfindən işlənib hazırlanmaqdadır.

Qeyd edək ki, Türkiyə milli hərbi sənayesi pilotsuz qırıcı təyyarənin işlənib hazırlanmasına da başlayıb.

/Virtualaz.org/