Mövcud reallıqlar-Distant təhsil bizə nə verdi?-FOTOLAR

DİSTANT TƏHSİL SOSİOLOJİ SORĞU MÜSTƏVİSİNDƏ

Dünyanı bürümüş yeni növ koronavirus pandemiyası cəmiyyət üzvləri arasında distant ünsiyyəti artıq bir ildir ki, reallığa çevirmişdir. İnkişaf etmiş ölkələrdə geniş tətbiq olunan və tədris prosesi iştirakçılarının adi həyat tərzinə çevrilən məsafəli təhsil bu gün həm pedaqoji ictimaiyyəti düşündürən, həm də təhsil alanları və valideynləri qayğılandıran ciddi müzakirə obyektidir.

Ölkəmizdə 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” yeni Qanunun təsbit etdiyi distant təhsilin geniş tətbiqində ilk və gövrək addımlar yalnız indi, karantin rejimi səbəbindən yaranmış pandemiya şəraitində atıldı. Təhsil Nazirliyi məsafəli təhsil prosesinin təşkili istiqamətində ciddi tədbirlər həyata keçirdi, pedaqoji ictimaiyyət və təhsil alanlar bu prosesin fəal iştirakçılarına çevrildilər.

Onlayn tədris formaları, distant dərslər və məşğələlər, təlim-tərbiyə prosesinin məsafədən təşkili, bu sahədə qarşıya çıxan çətinliklər və bu çətinliklərin dəf edilməsi yolları kimi aktual problemlər son zamanlar ölkə mediasında, televiziya efiri və sosial şəbəkələrdə alim və tədqiqatçılar, peşəkar mütəxəssislər tərəfindən geniş müzakirə olunur. Distant təhsillə bağlı problemlərin hərtərəfli tədqiqi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, distant təhsil formasının uşaq, yeniyetmə və gənclərin əqli inkişafına müsbət və mənfi təsirinin müəyyənləşdirilməsi pedaqoji ictimaiyyətin diqqət mərkəzindədir.

Mövcud problemlərin həllində mütəxəssis rəyini nəzərə almaqla yanaşı, təlim-tərbiyə prosesi iştirakçılarının – müəllimlərin, təhsil alanların, eləcə də valideynlərin fikir və düşüncələrini öyrənmək, təhlil edib ümumiləşdirmək olduqca vacibdir. Hər hansı bir prosesdə bilavasitə iştirak edənlərin bu proses barədə rəyi onun təşkili və həyata keçirilməsi, fayda və fəsadlarının düzgün təyin edilməsi və nəticələrinin proqnozlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yeni növ koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə bir çox sahələrdə olduğu kimi, ölkə təhsilində də qeyri-ənənəvi metod və üsullardan istifadə edildiyini nəzərə alaraq, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi təhsil alanlara bilik və bacarıqların məsafədən ötürülməsi prosesinin düzgün dəyərləndirilməsi, distant təhsilin müsbət və mənfi cəhətlərinin müəyyən edilməsi məqsədilə Bakı şəhərinin və Binə qəsəbəsində fəaliyyət göstərən bir sıra orta təhsil müəssisələrinin müəllimləri və bu məktəblərdə təhsil alan şagirdlərin valideynləri arasında sosioloji sorğu keçirmişdir. Sorğuda 150 nəfər (70 müəllim və 80 valideyn) iştirak etmişdir.

Tədris prosesinin onlayn rejimdə təşkili və həyata keçirilməsinin onları qane etdiyini müəllimlərin 30%-i, qismən qane etdiyini 53%-i, qane etmədiyini – 17%-i bildirmişdir. Sorğuda iştirak edən müəllimlərin 41%-i distant təlim prosesi ilə bağlı mövcud şəraitə asanlıqla uyğunlaşdığını, 42%-i – çətinliklə alışdığını, 17%-i – uyğunlaşa bilmədiyini etiraf etmişdir.

“Məsafəli rejimdə şagirdlərə bilik və bacarıqlar aşılamaq çətindirmi?” sualına respondentlərin 11%-i “Çox asandır”, 60%-i “Çətin də olsa, mümkündür”, 29%-i “Çox çətindir” cavabını vermişdir.

Sorğuda iştirak edən müəllimlərin 23%-i distant təlim rejimində şagirdlərin fəallıq dərəcəsinin yüksəldiyini, 40%-i nəzərəçarpacaq dəyişikliyin olmadığını, 37%-i şagird fəallığının azaldığını qeyd etmişdir.

Sorğu nəticəsində məlum olmuşdur ki, distant təlim prosesində müəllimlərin 54%-i Zoom proqramının köməyi ilə onlayn-dərslər və məşğələlərdən, 32%-i WhatsApp-dan, 9%-i elektron poçt ünvanından, 5%-i digər sosial şəbəkə imkanlarından istifadə etmişlər.

Müəllimlərin 20%-i distant tədris rejimində şagirdlərin dərs yükünün çoxaldığını, 42%-i azaldığını, 38%-i məktəblilərin tapşırıqlarla və çalışmalarla yüklənməsində ciddi dəyişiklik olmadığını qeyd etmişdir.

Məlum olmuşdur ki, müəllimlər distant tədris rejimində bir sıra çətinliklərlə üzləşmişlər. Bu çətinliklərin irihəcmli tədris materialları, tapşırıqlar və testlərin hazırlanması ilə şərtləndiyini 17%, ev tapşırıqlarının şagirdlər tərəfindən düzgün və vaxtında yerinə yetirilməməsi ilə bağlı olduğunu 20%, distant təlim saytlarından istifadə bacarıqlarının məhdudluğu ilə əlaqəli olduğunu 23%, şagirdlərə verilmiş tapşırıqların yoxlanılması ilə bağlılığını 31% respondent qeyd etmişdir.

Müəllimlərin üzləşdikləri texniki çətinliklər əsasən kompüter texnologiyalarından istifadə bacarıqlarının azlığı (9%), distant təhsil barədə məlumat qıtlığı (10%), İnternet şəbəkəsinə çıxışın məhdudluğu (37%) və şəbəkədə yaranmış texniki problemlərlə (40%) bağlı olmuşdur. Müəllimlərin yalnız 4%-i heç bir çətinliklə qarşılaşmadığını qeyd etmişdir.

Sorğu iştirakçılarının “Distant təlim bacarıq və vərdişlərinə yiyələnmək üçün, sizcə, nə etmək lazımdır?” sualına cavabları da fərqlidir. Müəllimlərin hərtərəfli təlimatlandırılmasının vacibliyi 40%, ixtisasartırma kursları və xüsusi təlim saatlarının təşkil edilməsinin zəruriliyi 29% respondent tərəfindən qeyd edilmiş, 13 nəfər (18%) sorğu iştirakçısı müəllimlərin xüsusi metodiki göstərişlərlə təmin edilməsini, 9 nəfər (13%) – ali məktəbdə müəllim hazırlığı proqramına distant təhsillə bağlı xüsusi fənn daxil edilməsini təklif etmişlər.

“Seçim qarşısında qalsaydınız, hansı təlim formasına üstünlük verərdiniz?” sualına da cavablar fərqli olmuşdur: müəllimlərin 72%-i ənənəvi təlim formasını, 15%-i distant təlim elementləri ilə ənənəvi formanı və yalnız 13%-i distant təlim formasını dəstəklədiyini bildirmişdir.

Sorğuda iştirak etmiş valideynlərin 39%-i distant təhsil barədə tam, 28%-i qismən, 25%-i çox az məlumatlı olduqlarını, 8%-i tamamilə xəbərsiz olduqlarını qeyd etmişlər. Övladlarının məsafədən təhsil rejiminə çox asanlıqla alışdıqlarını 32,5%, tədricən alışdıqlarını 30%, çətinliklə – 25%, alışa bilmədiklərini 12,5% valideyn diqqətə çatdırmış, 45% sorğu iştirakçısı distant təlim prosesi ilə bağlı evdə müəyyən çətinliklərlə üzləşdiyini etiraf etmişdir.

Valideynlər distant tədris rejimində övladlarının davranışında və psixoloji durumunda müəyyən dəyişikliklərin baş verdiyini müşahidə etdiklərini bildirmişlər. Sorğu iştirakçılarının 25%-i uşaqlarının təhsilə marağının artdığını, 13%-i onların məsuliyyət hissinin yüksəldiyini qeyd etmiş, bir qismi isə, əksinə, həvəsdən düşdüklərini (30%), əsəbi olduqlarını (12%) müşahidə etmişlər.

Uşaqların üzləşdikləri çətinliklər sırasında evdə uyğun şəraitin olmaması (38%), internet təhlükəsizliyinin təmin edilməməsi (26%), arzuolunmaz internet saytlarına çıxışın nəzarətsiz qalması (14%) kimi hallar sadalanmış, valideynlərin 15%-i övladlarının heç bir çətinliklə qarşılaşmadıqlarını qeyd etmişdir.

Məlum olmuşdur ki, uşaqların əksəriyyəti (61%) məsafəli ünsiyyətdə mobil telefondan, 18%-i fərdi kompüterdən, 15%-i noutbukdan, 6%-i planşetdən istifadə etmişlər. Sorğu iştirakçıları distant təhsilin xüsusiyyətləri ilə bağlı valideynləri təlimatlandırmaq məqsədilə müəllimin şagirdlərlə yanaşı, valideynlərlə də distant ünsiyyətdə olmalarının (41%), valideynlər üçün xüsusi məsləhət saatlarının təşkil edilməsinin (38%) və onların xüsusi metodiki göstərişlərlə təmin edilməsinin (21%) vacibliyini vurğulamışlar.

“Seçim qarşısında qalsaydınız, övladınızın hansı formada təhsil almasına üstünlük verərdiniz?” sualına cavab verən valideynlərin 49%-i ənənəvi təlim formasını, 33%-i distant təlim elementləri ilə ənənəvi formanı və 18%-i distant təlim formasını bəyəndiyini bildirmişdir.

Göründüyü kimi, bu gün distant təhsilin təşkili və həyata keçirilməsində üzləşdiyimiz çətinliklər cəmiyyəti qayğılandıran və həllini gözləyən aktual problemlər sırasındadır. Müəllimlərin və uşaqların, eləcə də məsafəli təlim-tərbiyə prosesinin müəyyən mənada fəal iştirakçısına çevrilmiş valideynlərin mövcud şəraitə uyğunlaşması, şagirdlərin fəallığının artırılması, müvafiq bacarıq və vərdişlərin aşılanması və təkmilləşdirrilməsi, yeniyetmə və gənclərin məsafəli təlim prosesində məsuliyyət hissinin yüksəldilməsi, onların internet təhlükəsizliyinin təmin edilməsi xüsusi diqqət çəkən məsələlərdir və onların həlli üçün ciddi addımlar atılmalıdır.

İctimai Birlik tərəfindən keçirilmiş sorğunun nəticələrinə istinadən, həm müəllimlərin, həm də mövcud şəraitdə övladlarının bilik və bacarıqlar əldə etmələrini nəzarətdə saxlamaq imkanı genişlənmiş valideynlərin distant təlim-tərbiyə prosesinə fəal cəlb edilməsini təmin edə biləcək müəyyən tədbirlərin həyata keçirilməsi, onların daha geniş və hərtərəfli şəkildə təlimatlandırılması, qaynar xətt və məsləhət saatlarının təşkili, ali təhsil müəssisələrində müəllim hazırlığı proqramına distant təhsillə bağlı xüsusi fənnin daxil edilməsi kimi məsələlərə pedaqoji ictimaiyyətin, peşəkar mütəxəssislərin diqqət yetirməsi mühüm əhəmiyyət kəsb edə bilər.

Mövcud şəraitdə yüksək fəallığı ilə fərqlənən müəllimlərin dəyərləndirilməsi, onların fəaliyyətinin stimullaşdırılması olduqca önəmlidir. Sorğunun keçirildiyi dövrdə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi yeni koronavius pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə təlim-tərbiyə prosesinin distant təşkili və həyata keçirilməsində fəal iştirak etdiyinə görə Bakı şəhərinin Xəzər rayonu Binə qəsəbəsinin R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbinin müəllimləri Şəfəq Qurbanova və Çimnaz Ağayevanı, E.Şəmiyev adına 149 nömrəli tam orta məktəbinin müəllimləri Ceyran Nəcəfli və Suğra Novruzovanı tərifnamələrlə təltif etmiş, onlara yeni reallıqda yeni uğurlar arzulamışdır.

 

Müasir dövrdə ictimai rəy öyrənilmədən və təhlil edilmədən cəmiyyəti düşündürən problemlərin həlli mümkünsüzdür. Bu və ya digər problemə konseptual yanaşma onun maraqlı tərəflərinin münasibəti və rəyinin nəzərə alınmasını tələb edir. Bu baxımdan məsafəli təlim-tərbiyə prosesinə münasibətin öyrənilməsi ilə bağlı müəllim və valideynlər arasında keçirilmiş sorğunun nəticələrinin mütəxəssislər tərəfindən nəzərə alınmasının faydalı olacağına ümid bəsləyir, distant təhsil problemlərinə sosioloji sorğu müstəvisindən yanaşmanı məqsədəuyğun hesab edirik.

   

Könül Quliyeva,

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri