Bir Ağdam vardı…-Elçin Alıoğlu yazır…

Bir Ağdam vardı. Savaşdan əvvəl, virandan əvvəl, yağmalanandan əvvəl. Çox əvvəl. O şəhərdə gözəl insanlar, tanış simalar, doğma adamlar yaşardı.

Bir Ağdam vardı. Səs-küylü, qürrəli, ləyaqətli, şərəfli, davakar. O şəhərdə insanlar harada yaşadıqlarının fərqinə varırdılar və bu hiss onların gözlərində, üzlərində, hərəkətlərində sezilərdi.

Bir Ağdam vardı. Adamları fərqli idi. Dükanda 1 qəpiyə satılan kibriti almaz, elə o dükanın qarşısında oturub kibrit satandan 5 qəpiyə alardılar kibriti. Nabələd qonaq soruşanda da “o da pul qazansın, ayıf doymü, onun yanından keçif dükandan ispişka alım” deyərdilər.

Bir Ağdam vardı. Düşmənin gözünə qaya kimi batmışdı. Alınmaz qala idi. 6 min övladını torpağı qorumaq üçün torpağa verdi, “uf” da demədi. Çünki Ağdamdı, çünki ağdamlılardı.

Bir Ağdam vardı. Gəncliyimin Ağdamı. Sevgi, ruh, irşad, şərəf, namus, rəşadət.

Bir Ağdam var indi. Viranə, daşı daşın üstündən sürüşüb yerə düşən, kolluq, yolsuzluq, minalıq, hər addımda ölümün şöngüdüyü, xarabazar qoyulmuş məkan.

Dünən Ağdamdaydım. Bakıdan gələnlər çoxdu. Amma mən ağdamlılara baxırdım – Bakıdan gələn. İsim və soyun adına nə gərək – tanınan, bilinən, hörmətli və izzətli insanlardır ikisi də.

İkisi də ağdamlı.

Biri soyuqqanlı, qaradinməz insandır.

O biri deyib-gülən, zarafatcıl, baməzə.

Soyuqqanlı olan qardaşım Ağdamı görəndə dil açdı sanki. Dayanmadan danışırdı, gülürdü, əllləri yelləyirdi, Ağdamın hər tinindən, hər dolanbacından danışırdı – evlər, binalar nə idi ki…

Baməzə qardaşım susmuşdu. Sakitcə ətrafına baxırdı. Bilirdim ki, illər əvvəlin xatirələridir onu kövrəldən.

Parçalanmış divarlarını, ot basmış ata yurdunun önündə durdu. Susdu. Sonra oxuduğu məktəbin yanına getdik.
Susdu.

Soyuqqanlı olanı gülürdü. Gözlərinə baxırdım. Qüssə. Kiçik iradə bəndi uçsaydı hönkürəcəkdi.

Sakitləşdirdimmi onu?

Bacarmadım.

Çünki…

Çünki ötənlər məni də məngənəsinə almışdı.

Amma…

Bir Ağdam var indi. Darmadağın olunsa da, Hirosimaya çevrilsə də, yaşayır. Evləri dağıtdı şərəfsiz düşmən, amma o divarların daşları Yurd torpağına düşdü.

Yolları yerlə yeksan etdi, goreşən kimi qazıdı – amma o yollar yenə Ağdama aparır və çatdırır.

Ağacları kəsdi, doğradı – amma başları kəsilsə, edam olunsalar da, kökləriylə qucaqladılar, daha bərk sıxışdılar Yurd torpağına o ağaclar. Yenidən tumurcuqlayacaq, pöhrələnəcəklər, böyüyəcəklər.

Bir Ağdam var indi. Ölümcül yaralansa da, sağdır. “Hər şey yaxşı olacaq” deyir.

Yaşayır, yaşayacaq və yaşadacaq.

Ağdam, sən heç zaman bunca bizim olmadın, bilirsənmi?…

Elçin Alıoğlu

/modern.az/