Rektor Xocalı qətliamından danışıb:”…erməni vəhşiliyinin…”

Fevralın 26-da dünya tarixinə XX əsrin ən qəddar genosid aktlarından biri kimi daxil olan və qan yaddaşımıza çevrilən Xocalı soyqırımının 29-cu ildönümü tamam olur. Düz 29 il bundan əvvəl erməni təcavüzkarları tərəfindən Xocalıda 613 dinc sakinin, o cümlədən uşaqların, qadınların və qocaların yalnız azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirilməsi insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən və erməni vəhşiliyinin bariz nümunələrindən hesab edilir.

Kanal32.az-ın məlumatına görə, bunu Azərtaca-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına tarixi və siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Məhz dahi şəxsiyyətin təşəbbüsü və qətiyyəti sayəsində faciənin əsl mahiyyəti, başvermə səbəbləri və günahkarları üzə çıxarılmışdır. Xocalı həqiqətlərinin müxtəlif siyasi platformalarda bütün dünyanın diqqətinə çatdırılması, xalqımızın başına gətirilmiş bu müsibətin genosid aktı kimi qəbul edilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən də məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir.

Şahin Bayramov bildirib ki, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan genişmiqyaslı təbliğat işlərinin nəticəsi olaraq, bir sıra ölkələrdə soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilib və erməni terrorçuluğu pislənilib. Xocalı soyqırımının beynəlxalq miqyasda tam hüquqi qiymətini alması, Xocalı qatillərinin cəzalandırılması istiqamətində çoxşaxəli tədbirlər hazırda da davam etdirilir.

“Əminliklə qeyd etmək olar ki, bu gün Xocalı qurbanlarının ruhu şaddır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri Xocalı qatillərinin bir çoxunu məhv etdi, doğma Qarabağımızda üçrəngli bayrağımızı dalğalandırdı və tarixi ədaləti bərpa etdi”, – deyə MDU-nun rektoru əlavə edib.

Şahin Bayramov onu da bildirib ki, müasir dövrün tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə də xüsusi önəm verən Mingəçevir Dövlət Universitetində müxtəlif tarixi günlərə, o cümlədən Xocalı soyqırımına həsr edilmiş tədbirlərin keçirilməsinə və gənc nəsil arasında təbliğat işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.