Mingəçevirlilər də “Xocalıya ədalət!” kampaniyasına qoşuldu-FOTOLAR

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Mingəçevirdə ağacəkmə aksiyası keçirilib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun da iştirak etdiyi aksiyada Samux küçəsində boş ərazilərdə eldar şamı, akasiya və ağcaqayın növlərindən olan 613 ədəd ağac əkilib. İcra başçısı bildirib ki,busayda ağacın əkilməsi heç də təsadüfi deyil.Çünki bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib.

Həmçinin, 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə ilk məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev tərəfindən başlanılıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib.

Pandemiya dövrünün qaydalarına uyğun təşkil olunan ağacəkmə aksiyasında fəal iştirak edən MDU-nin tələbəsi Dağlar Babayev isə bildirib ki, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir: “Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib”.

Kanal32.az