Mehdiyevin həyat yoldaşına qarşı iddia üzrə məhkəmə prosesi keçirilib

Bakı Kommersiya Məhkəməsində “Fireland Vineyards” MMC-nin rəhbəri Elmar Çingiz oğlu Səidovun Qalina Yuriyevna Mehdiyevaya qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

Kanal32.az xəbər verir ki, iclas hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutub.

Baxış iclası martın 17-ə təyin edilib.

Qeyd edək ki, Elmar Səidov Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olan “Fireland Vineyards” MMC-nin (“Odlar Yurdunun Üzümlükləri”) qanuni təmsilçisidir. Mediada yayılan məlumatlara görə, “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir və Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuriyevnaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumatda göstərilir ki, Q.Mehdiyeva və oğlu dəfələrlə kənd təsərrüfatı üçün subsidiya alıblar.

Bundan başqa, 2019-cu ildə “Fireland Vineyards” MMC-nin direktoru Səidov Elmar Çingiz oğlu milyonlarla mənimsəməyə yol verilməsi barədə də KİV-də məlumatlar yayılıb.

Xatırladaq ki, Qalina Yuriyevna Mehdiyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşıdır.

/report.az/