Zəmanəni dəyişdirən qovaq-Real həyat hekayəsi

Uşaqlıq illərimi yada saldıqca çox maraqlı hadisələr, həmişə xatırlanası, müəyyən təəsürat yaradan bəzi xatirələr yada düşür. Onlar  məktəb illərinə aid, təbiətlə bağlı, hansısa səyahətlə əlaqədar ola bilər…

Təbiətə vurğun  olmağım məni o zamanın bir az xoş, bir az da kədərləndirici hadisələrə aparan xatirələrimi  yadıma salır.  Hardasa iyiriminci əsrin ortalarındakı  və ondan da əvvəlki dövr, insanlar üçün ən çox yadda qalan hadisə, xalqımızın ən əziz bayramı olan Novruz bayramının gəlməsi olurdu.

Təbiətin canlanması ilə torpaqda otların cücərməsini, ağacların tumurcuqlamasını , havaların  get-gedə mülayimləşərək köçəri quşların ölkəmizə qayıtmasını insanlar həmişə səbirsizliklə gözləyirlər, xüsusilə də kənd yerlərində yaşayanlar təbiətə  daha yaxın olduğundan deyilənləri lap tez qarşılayırlar. Ola bilsin ki, ölkəmizdə on bir iqlim qurşağının doqquzunun olması bəzi regionlarda, məsələn, dağ zonalarda yaşayan sakinlər yaz fəslini, aran zonalarda yaşayanlara nisbətən daha gec qarşılayırlar desəm yanılmaram.

Ağacların tumurcuqlaması xüsusilə gözəldir — bəziləri daha tez tumurcuqlayaraq çiçəkləyir , bəziləri yarpaqlayıb sonra çiçəkləyir. Bir növ ağaclar varki qısaboy, digər növ ağaclar isə iri gövdəli  olurlar….

Hündürboy, iri gövdəli ağaclar adətən meyvə gətirməsələr də çox xeyirli– oksigenlə zəngin olurlar, məsələn, çinar, qovaq ….bu ağac növləri  ona görə xoşa gələndir ki, isti yay günlərində onların sərinliyi nəyə desən dəyər.

Kənddə, vaxtilə yaşadığım evin yaxınlığında olan hündür qovaq ağacları heç yadımdan çıxmaz. Evimizdən təxminən qərb istiqamətə baxanda, olduqca əzəmətli qovaq ağaclarını görürdüm . Həmin ağaclar bizdən təxminən beş yüz metr uzaqlıqda olsalar da bütün ağaclardan  hündür olduqları üçün olduqca aydın şəkildə görünürdülər.

Hər gün o yam-yaşıl, vüqarlı qovaqları seyr etmək mənim üçün çox xoş idi. İsti yay günlərində onun kölgəsində dayanaraq nəfəs alarkən ciyər dolu oksigenli  havanı udmaq oradan keçib gedənlərə də nəsib olurdu.

Deyim ki, qovaq ağacları Saməddin adlı yaşlı bir kişinin bağının kənarında, camaatın gediş-gəliş yolunun üstündə idi. O zaman Saməddin kişi yaxşı bağ-bağat sahibi idi, yer belləyib bostan əkərdi və  yorulan zaman həmin qovaqların buz kimi sərin kölgəsində oturar və tərini silərək dərindən nəfəs alar və çox keçməzdi oturduğu yerdə mürgüləyərdi. Övladları ona çay gətirəndə mürgüdən ayılıb çayını içərdi, hərdənbir ətrafında olan adamlara qovaqların tarixindən, yaşından bəhs edərək “bu enli qovağı mənim babam da görüb” deyərdi və   demək olar ki,  günün çox hissəsini elə orada keçirərdi, çünki başqa ağaclar o cür gövdəli, hündür və sərin kölgəli deyildilər. Yayın qızmar günlərində  uşaqlıq dostlarım, eləcə də mən həmin qovaq ağaclarının kölgəsində görüşərdik və o dövrün özünəməxsus oyunlarını oynayardıq.

Təsəvvür edin ki, qovaqların ən böyük və ən hündür olanında  hacıleylək yuvası da var idi, özü də ikisi birdən. Biri ağacın başında, o biri isə ondan təxminən iki metr aşağıda idi. Onlar aşağıdakı yuvaya əvvəllər qonurdularsa, sonralar nədənsə qonmurdular, orada sadəcə olaraq  balaca quşlar—qarğalar, sığırçınlar, sərçələr, alabaxtalar və s. müxtəlif cür quşlar  yaşayırdılar.  Mən fikirləşərək hacıleyləklərin aşağıdakı yuvaya nəyə görə qonmadıqlarının  sirrini tapa bilmişdım. Birinci yuvanı tikəndə ağacın o hissəsindəki budaqlar qısa idi, sonradan budaqlar uzanıb və hacıleyləklər uzun qanadlarını calaraq yuvaya qona bilməyiblər, məhz bu səbəbdən onlar ağacın başında yeni yuva tikmək qərarına gəliblər.

Döğrudan da aralıdan durub baxanda yam-yaşıl əzəmətli qovaq ağacları, həmin agaclarda tikilmiş nəhəg hacileylək  yuvaları və onun üstünə qonmuş iri cüssəli hacileyləklər çox füsünkar görünürdülər. Bir sözlə, oralar təbiətin çox gözəl bir guşəsinə çevrilmişdi.

Hacıleyləklər ilin soyuq fəsillərini burada olmurdular. Adətən onlar  ölkəmizə yazın gəlməsilə əlaqədar Novruz bayramına kimi uçub gələrdilər və hava soyuqlaşanda ölkəmizi tərk edib gedərdilər. Lap kiçik yaşlarımdan  mart ayının   19 –dan 20 –sinə kecən gecə   hər iki hacıleyləyin  gəlməsinin və yuvalarına qonan kimi dimdiklərini  şaqqıldatmalarının şahidi olmuşam.  Elə bilirdim onlar gəlməyiblərsə Növruz bayramı da gəlməyəcək. Başqa sözlə,  bayramı sanki onlar gətirirdilər. Əlbəttə, gəldiklərini görəndə sevinər və  özüm-özümə deyərdim ki , “hə… Novruz bayramı gəldi, gedim qohumlarla görüşüm bayramlaşım”.

Bayram günlərində ciblərimiz dolu olurdu, soruşsanız nə ilə, deyərdim ki, qoz, fındıq, qovurqa ilə…Hətta cibimizdə yer olmayanda boyanmış yumurtaları əlimizdə tutardıq, adətən kimsə rast gələndə onları döyüşdürərdik.  Deyim ki, mən çox vaxt udardum, çünki evdən “zəllə”(o vaxt işlətdiyimiz –bərk- mənasında işlədilən söz) kimi yəni bərk yumurta seçib götürürdüm.

Yaxşı yadımdadır, qoxum -əqraba ilə görüşüb bayramlaşdıqdan sonra hamı kimi mən də kəndin mərkəzi yerlərinə gedər və orada toplaşmış kənd camaatı ilə də bayramlaşardım. O zaman hər yerdə olduğu kimi bizim kənddə də  bayrama aid bir sıra bayram adət-ənənələri həyata keçirilərdi. Bundan ən məşhuru “yumurta qətəri” deyilən bayram adət- ənənəsi  idi. Burada “iki döyüşçü” bir vedrə (yüz ədəd) yumurta alardılar və bu yumurtaları bir-bir döyüşdürərdilər, kim rəqibin əlindəki axırıncı yumurtanı döyuşərkən  sındırsaydı bütün vedrədəki yumurtaları o, udmuş   olardı….

Günlər , aylar, illər belə-belə ötüşürdü. Hər il hacıleyləklər də gələr, qovaqdakı yuvalarında necə deyərlər özlərinəməxsus şad günlərini keçirib, soyuq düşəndə isə  yenidən isti ölkələrə üz tutardılar. İllər ötdükcə təbiətin yaratdığı bu gözəllikləri daha dərindən duyur və özümü daha çox təbiətin  bir parçası hesab edirdim. Yersiz yerə agac kəsiləndə elə bilirdim təbiət yoxsullaşır , boşluq olduğunu hiss edirdim, elə indi də həmin hissiyatdayam.

Günlərin bir günü rayon mərkəzindən evə qayıdırdım, bu zaman böyük qovaq ağacının ətrafında olan qovaqların“amansızlıqla” kəsildiyini gördüm. Böyük qovaqdan başqa, bütün ağaclar yerdəydi. Sanki başıma bir vedrə qaynar su tökdülər. Maraqlandım görəsən bu nə işdir, niyə bu ağacları kəsiblər, kimi narahat edirmiş bu ağaclar, onların kəsilməyinin səbəbi nə idi?

Dedilər işbazlar onları taxta material kimi istifadə etmək üçün kəsiblər, məsələn, meyvə-tərəvəz yeşikləri düzəldib satsınlar deyə və guya hacıleyləklərə hörmət edib o böyük qovağı kəsməmişdilər, bəlkə də  həmin ağacı kəsməsinlər deyə hacıleyləklər yuvalarını tərk etmirdilər. Onu da deyim ki, bu qoca qovağı kəsmək istəsəydilər belə, kəsə bilməzdilər, çünki o qədər enli idi və deyildiyi kimi hardasa onun iki yüzdən çox yaşı vardı, elə onun gövdəsinin enli olması  çox yaşlı olmasından xəbər verirdi.

Əlbəttə, bu hadisə mənə çox pis təsir elədi. Fikrə daldım, heç kimə heç nə deyə bilmədim. Fikirləşdim ki, əgər bir söz desəm deyərlər “kəsmişik əcəb eləmişik, sənin nəyinə borc”. Onu da deyim ki, haqqında danışdığım Saməddin kişi də artıq  bir-neçə il idi dünyasını dəyişmişdi. Çox güman ki, elə ağaclar nəzarətdən uzaq olduqları üçün kəsilmişdilər.

Bir müddət böyük qovaq ağacı hacileylək yuvaları ilə birlikdə tək-tənha dayanmışdı.  Onu da deyim ki, hacıleyləklər hər il iki bala böyüdürək onları təbiətə bəxş edirdilər. Əvvəlki vaxtlarda , yəni ağaclar kəsilməzdən əvvəl, onlar yuvalarında öz balaları ilə birlikdə daha şən görünürdülər, bir yerdə dimdiklərini şaqqılqdadırdılar, qanad çalırdılar, balaları ilə birlikdə yuvadan ucaraq yerə qonur və sonra yuvaya qayıdırdılar, amma indi elə bil yasa batmışdılar, dimdiklərini , qanadlarını sallayıb dayanmışdılar. Bəlkə də heç qidalanmaq da istəmirdilər. Bütün gün passiv şəkildə durmuşdular. Çox güman ki, insanlardan küsmüşdülər, çünki təbiətin o gözəl guşəsi tamamilə cılızlaşmışdı, yaşıllıq itmişdi. Heç o tənha qalmış qovağın kölgəsində dayanıb nəfəsini dərmək istəyən də yox idi.

Artıq payız fəsli yaxınlaşırdı. Get-gedə havalar soyumağa doğru gedirdi. Hacıleyləklər də həmişə getdikləri isti ölkələrə ucmağa hazırlaşırdılar. Mən onların hər il nə vaxt  köç etdiklərini də bilirdim.

Müşahidələrimə əsasən deyə bilərəm ki, hər il fəsillər dəyişdikcə küləklər əsir və havanı fəslə uyğun dəyişir və bu, artıq baş vermişdi. Payızın gəlişi ilə əlaqədar güclü şimal küləyi əsirdi , hətta evdən çölə çıxmaq olmurdu. Elə bil təbiətin üzü dönmüşdü, az qalırdı ki, ağacları kökündən çıxarsın.  Möhkəm əsən külək bir də səhərisi gün  sakitləşdi.

Adətim üzrə evimizdən qərb istiqamətə baxanda nədənsə  tək-tənha qalmış qovaq ağacı gözümə dəymədi. Tez bir zamanda həmin yerə getdim. Nə görsəm yaxşıdı ….güclü külək qovaq ağacının yarıya qədər hissəsini üzü aşağı yuvalarla birlikdə yerlə bir etmişdi. Əsəbimdən yalnız bu sözləri deyə bildim:

-Ay…nankorlar! Görün buraları nə günə qoydunuz! Bu ağacların nə günahı vardı…axı?!

Mən belə başa düşdüm ki, qovaq ağaclarının bir yerdə olması onları hər cür təbiət təsirlərindən qoruyurmuş, qovaq ağacının ətraf ağaclardan təmizlənməsi onun mudafiəsini yoxa çıxarıb və nəticədə  külək sındırıb.  Belə bir deyim var—tısbağanı  ya arxası üstə çevirdin ya da öldürdün– fərqi yoxdu.  Hər iki yuvadan  ətrafa dağılan ot- alaf, ağac qırıqları hər tərəfi bürümüşdü. Yaxşı ki, hacıleyləklər köç edib  getmişdilər. Bəlkə də kiməsə adi bir şey kimi görünsə də mənim üçün olduqca kədərləndirici bir hadisə idi,  birincisi,  təbiətin gözəl mənzərəsi yerlə-yeksan olmuşdu, ikincisi,  daha hacıleyləklər gəlməyəcəkdilər, əgər gəlsəydilər  yuvalarını görməyəcəkdilər və məncə , onlar buradan birdəfəlik küsüb getmişdilər və bəlkə də heç vaxt buralara gəlməzdilər.

Qədim rəvayətlərə görə hacıleyləklər, eləcə də qovaqlar müqəddəsdirlər və onların hislərinə toxunmaq günahdır. Elə bu günahın nəticəsi göz qabağında idi. Deyilənə görə iş adamları, kimlərki ağacları kəsmişdilər, heç də qazanc əldə edə bilməmişdilər, əksinə külli miqdarda ziyana düşmüşdülər.

Günlər, aylar ötüşdü, artıq növbəti ilin  Novruz bayramı yaxınlaşırdı, amma nə qovaq ağacları var idi, nə də hacıleyləklər. Bayram ərəfəsində maraq üçün nə qədər yaşadığım yerin ətrafına, nə qədər səmaya baxdımsa  onları görə bilmədim.  Çox güman ki,  özlərinə başqa bir ölkə seçmişdilər, çünki insanların o gözəl guşəni dağıtması nəticəsində nə qovaq ağaclarını , nə də yuvalarını tapmazdılar ki, gəlib orada yaşasinlar, balalarını böyütsünlər. Əgər təbiətin o gözəl guşəsi dağıdılmasaydı, hələ yüz il də bundan sonra hacıleyləklər nəsli bir-birini əvəz edərək çox illər kəndimizə” Novruz bayramını gətirərdilər”.

Başqa bir tərəfdən təxminən iki yüz ildən çox yaşı olan bu nəhəng   qovaq ağacının  sınaraq yıxılması ilə, sanki hər şeyin dəyişməsini illər keçdikcə hiss edirdim. Birincisi onu deyim ki, Novruz bayramının təravəti azaldı  və bir növ sönükləşdi. İkincisi, adamlar elə bil bir-birindən soyumağa başladılar. Sübut üçün deyim ki,  bayram günü kəndin mərkəzinə getdim adamlarla görüşüm, bayramlaşım, hal- əhval tutum, amma həmişəki adamlardan heç kimi orada görə bilmədim. Bir –neçə cavan usaqların bir-birilə oturub günəbaxan tumu  çırtlaya- çırtlaya söhbət eləməsini gördüm. Görəsən bu insanlar hara getdilər, nə baş verdi, nəyə görə evdən çölə çıxmırlar, nə üçün bir-birləriylə gəlib bayramlaşmırlar? Nə üçün bayramın adət ənənələrini yerinə yetirmirlər? Məğər əsrlərin yadigarı olan bu qovaq ağacı yıxılması ilə zəmanəni dəyişdirdi?!….

Müəllif: Mirsadiq Cəfərov

Oktyabr , 2020