Mingəçevir Turizm Kollecinin məzunu görün nə yaradıb-FOTOLAR

Salyanda gənc oğlanın yaratdığı qeyri-adi velosiped sakinlərin marağına səbəb olub.

Kanal32.az “report”a istinadən xəbər verir ki, Salyan şəhər sakini, 1997-ci il təvəllüdlü Aqil İbrahimovun yaratdığı qeyri-adi velosiped çoxlarının təəccübü ilə qarşılanıb. Mingəçevir Turizm Kollecində təhsilini başa vuran, hazırda Azərbaycan Kooperasiya Universitetinin Turizm işinin təşkili fakültəsində oxuyan Aqil İbrahimovun hələ uşaq yaşlarından velosipedə marağı olub.

Onun velosipedə olan sevgisi indi də azalmayıb. İstedadlı gənc bir müddət əvvəl qeyri-adi velosiped düzəltməyi qərara alıb. O, əvvəlcə kağızın üzərində velosipedin eskizlərini çəkib, sonra işə başlayıb. Bir həftə ərzində iki ramalı, iki zəncirli, iki təkərli velosiped düzəldib.

Aqil İbrahimov velosiped düzəldərkən qaz borularından da istifadə edib. Təkərləri, zəncirləri, oturacağı isə mağazadan alıb. Sonda velosipedi rəngləyərək hazır vəziyyətə gətirib.

Onun sözlərinə görə, bu nəqliyyat vasitəsi adi velosipedlərdən uzundur. Yeni velosiped uzaq səfərə çıxmaq üçün daha sərfəlidir. Qeyri-adi velosiped təkcə görünüşü ilə deyil, rahatlığı ilə də seçilir.

Qeyri-adi velosiped Salyan şəhərinin küçələrində görünəndə istər-istəməz hər kəsin diqqətini çəkir, ona maraqla tamaşa edir.

Aqil İbrahimov yaxın vaxtlarda şüşədən velosiped düzəltməyi planlaşdırır. O, istəyini reallaşdırmaq üçün artıq bunun layihəsini hazırlayıb.