Ayaqqabı əhvalatı-Real həyat hekayəsi

Səksəninci illərin sonları, doxsanıncı illərin əvvəlləri idi. Ölkəmiz bir sıra  xarici ölkələrlə  yeni-yeni ticarət əlaqələri qururdu. Iş adamları elə indiki aeroport yaxınlığında,  çətirlər altinda  yarmarka təşkil etmişdilər. Xarici ölkələrdən gətirilən mallar buradaca bir qədər ucuz qiymətə satılırdı. Odur ki, həftəsonu həmin yarmarkaya gedənlərin sayı günbəgün artırdı.

Həmin alış-verişlərdən mən də yararlanırdım.  Hər üc aydan bir, yəni fəsillər dəyişdikcə mən  o yarmarkaya gedər və ailə üzvlərimin pal-paltara olan ehtiyacını ödəmək üçün alış-veriş edərdim. Əlbəttə, yeni- yeni geyimlər almaq, kimlərisə sevindirmək, xüsusilə də ailə üzvlərimin üzündə sevinc hissini görmək mənə çox xoş gəlirdi. Deyirdilər ki, mənim yaxşı zövqüm var. Aldığım geyimləri , hətta ayaqqabıları belə zövqə və ölçüyə uyğun ala bilirəm.

Payız günlərinin birində yenə də yarmarkaya getmişdim. Fəslin əlamətlərinə uyğun olaraq yağış yağırdı. Deyim ki, gunlər qisalmağa başlamışdı. Bunu nəzərə alaraq yaşadığım rayondan səhər tezdən cıxmışdım. Mən yarmarkaya catanda artıq günortaya yaxın idi. Alınası paltarlar çox idi və onları  ölçülərə və zövqə uyğun axtarıb tapmaq hec də asan məsələ deyildi. Lazım idiki  operativ şəkildə bütün bölmələri gəzərək gözdən keçirim, yeni-yeni geyimlər alim və özümdən başqa dörd nəfəri də yeni geyimlərlə sevindirim.  Onu da deyim ki, o zaman siralar və yaruslar indi tikilən yarmarkalar kimi səliqəli , geniş və aydin şəkildə qurulmamışdı, məncə oranı görənlər mənim sözümün düzgünlüyünü təsdiqləyərlər.

Saat iki olardı, necə deyərlər artıq iti surətdə gəzərək,  siraları gözdən keçirərək bir-neçə geyim əşyaları ala bilmişdim və hər istədiyim geyimi  tapıb aldıqca sanki yüngülləşirdim.

Artıq saat beşə yaxınlaşdıqca,  buludlu və yağışlı olması səbəbindən hava daha tez qaralırdı. Yarmarkanın uzaq küncünə çatmışdım və bu zaman piştaxtanın üstünə açıq şəkildə qoyularaq satılan tünd çəhrayı rəngli dəri ayaqqabılar gördüm. Zövqümə uyğun olduğundan ayaq saxlayıb həmin ayaqqabıların bir cütünü əlimə götürərək yaxından baxdım və yenidən piştaxtanın üstünə qoyaraq, sol tayını geyib ayağıma uyğun olub olmadığını yoxladım. Geydikdə gördüm ki, Türkiyə  istehsalı olan və dəri materialdan səliqəli şəkildə tikilmiş bu ayaqqabı, ayağa geyildikdə adam özünü çox rahat hiss edirdi. Sağ ayaqqabı tayını da geyib yoxlamaq istədikdə, kimsə iri cüssəli oğlan satıcıya tez bir zamanda satdığı mallarını yığışdırmaq göstərişini verdi. Tələskənlik içərisində olan satıcı mənə ayaqqabının digər tayını o biri ayaqqabıların arasından çıxarıb  verdi və “bu da ayağına yaxşı olar” deyib  o biri ayaqqabiları sanki qucaq- qucaq eləyib torbalara doldurdu. Onu da deyim ki, yarmarkada olan bütün satıcılar satdıqları malları yığışdırırdılar. Aldığım ayaqqabı cütünün qiymətini  satıcıdan soruşduqda, onun 65 manat olduğunu dedi və mən həmin pulu ödədikdən sonra təcili şəkildə aldığım şeyləri götürüb yarmarkadan kənara çıxdım, çünki gec idi,  qaranliq düşmüşdü.

Hamı kimi mən də yaşadığım yerə qayıtmaq üçün minik tapmalı idim. Bunun üçün elə yarmarkanın yaxılığında dayanan və müxtəlif istiqamətlərə gedən avtobus və avtomobillərə yaxınlaşmaq kifayət edirdi, məhz orada sürücülər öz müştərilərini gözləyirdilər. Çox keçmədən yaşadığim istiqamətə gedən avtomobilə əyləşərək yola düşdüm.

Yaşadığım rayona gedən şosse  yolunun kənarında– Hacıqabul rayonunda fəaliyyət göstərən “İstirahət mərkəzi” adlanan restoranda  çay içmək, eləcə də qəlyanaltı etmək  üçün avtomobil dayandı. Lap yerinə düşmüşdü , yaxşıca nahar edib çay içdikdən sonra yenidən yola düşdük.

Evə çatanda artıq gecədən keçmişdi və çox yorulmuşdum. Sakitcə  yuyunub yatmağa getdim.

Səhərsi gün bazar günü olduğundan bütün ailəliklə evdə idik. Səhər yeməyini yedikdən sonra aldığım paltarları bir-bir təqdim edirdim və övladlarım həmişə olduğu kimi böyük sevinclə geyinərək çox xoşlarına gəldiyi üçün mənə öz dərin təşəkkürlərini bildirirdilər.

Nəhayət özümə aldığım ayaqqabını geymək məqamında qəribə bir halla qarılaşdım . Necəki ayaqqabının sol tayını geyib yoxlamışdım və ayağıma rahat olduğunu görmüşdüm, amma sağ tayını  isə yoxlamağa imkan tapa bilməmişdim, onu geyərkən böyük olduğunun şahidi oldum.  Sən demə ara qarışıqda satıcı sağ tayını verərkən eyni ayaqqabının  iki razmer böyüyünü veribmiş. Əlbəttə,  çox pərt oldum. Ayağımda ayaqqabının biri böyük  o birisi balaca olması uzaqdan baxanda ifrat dərəcədə özünü biruzə verirdi. Təbii ki,  mən bu cür ayaqqabını geyib camaat arasına çıxa bilməzdim. Fikirləşirdim ki, nə vaxtsa (təxminən iki-üç aya) yarmarkaya gedim və onu dəyişdirim.  Onu da ərz edim ki, bu heç də satıcının səhvi ucbatından baş verməmişdi. Mən belə qərara gəldim ki, tez-tələsik işlərin nəticəsi olaraq belə bir hadisə baş vermişdi. Həmin satıcı da  satdığı ayaqqabıların taylarının biri böyük biri balaca olmasını istəməzdi, çünki özündə qalan və ölçüyə uyğun olmayan ayaqqabı cütünü sata bilməsi qeyri mümkün olardı. Mən istədim hadisədən çox keçmədən ora gedim və ayaqqabıları dəyişdirim ,ancaq onu da bilirdim ki, həmin satıcılar daimi şəkildə eyni yerdə durub ayaqqabı satmırdılar, onlar səyyari idilər. Bir gün burada , o birisi gün orada , çünki onların daimi dükanı yox idi. Bir-necə dostuma bu barədə danışdım və onlar da mənə məsləhət gördülər ki, yarmarkaya getməyimin heç bir mənası yox idi və ayaqqabisatanı tapmaq mümkün olmazdı. Odur ki, hər şey necə var idi elə də qaldı.  Deyim ki, bir müddət sonra  məcbur olub yaşadığım yerin ayaqqabı mağazasından ayrı cüt ayaqqabı aldım.

Bu hadisədən uzun müddət keçmişdi, demək olarki, hər şey yadımdan çıxmışdı…. gündəlik iş-güc , ailə qayğıları və s.

Günlərin bir günü,  bir sira ev əşyaları almaq məqsədilə qonşu Ağdaş rayonuna gedəsi oldum. Deyilənə görə orada bazar ətrafında olan magazalarda sərfəli qiymətlər var idi və hər istənilən ev əşyasını tapmaq olardı. Evdən çıxarkən nədənsə ani olaraq “başıbəlalı” ayaqqabım yadıma düşdü, fikirləşdim ki, onları da özümlə  götürüm, bəlkə də orada yaxşı ayaqqabı ustaları var və hər hansı bir əlac tapa bilərdilər.

Bu minvalla Ağdaşa yola düşdüm. Bazara catanda ətrafda çoxlu adamlar, avtomobillər , bir-neçə marşurut avtobusları, hətta yeşiklərlə meyvə yüklənmiş motosikletlər də dayanmışdı. Adamlar həm bazarın içərisində, həm də bazardan çöldə — küçə boyunca dayanan satıcılardan alış-veriş edirdilər. Mən də öz növbəmdə alış-verişimi etmək istəyirdim. Əlimdə əşyanın olmağı sanki mənə  ağır yük kimi görünürdü. Özüm-özümə onları götürməyimə peşimançılığımı bildirərək– “bu nə idi belə götürdüm özümlə , elə bütün gün bununla məşğul olaram, bəs alacağım əşyaları nə vaxt alaram”– dedim.

Bazar ətrafında olan təsərrüfat malları mağazalarını gəzərək axtardığım ev əşyalarının olub-olmadığını müəyyənləşdirirdim. Mağazaların birinə daxil olanda bir-neçə alıcının olduğunu gördüm . Satıcı  təxminən 60-65 yaşında olardı. Təəssuf ki, o, alıcılarla çox kobud şəkildə danışırdı,  elə bil acıqlı idi. Mən fikirləşirdim ki, bu kişi yaşlı kişidir və ətrafda olan ayaqqabı təmir olunan yerləri yaxşı tanıyar. Çox keçmədiki alıcılar lazımi əşyaları alıb çıxanda mən də onlarla birlikdə çıxarkən arxadan satıcı kişi mənə uca səslə  müraciət edərək dedi :

-A kişi, sənə nə lazım idi?!

Düzü satıcının əhval- ruhiyyəsi xoşuma gəlmədiyi üçün mağazanı tərk edib gedirdim, amma istər-istəməz  onun çağırışına Molla Nəsrəddinin lətifəsiylə cavab verərək  dedim:

– Günlərin bir günü Molla Nəsrəddin səhradan keçərək şəhərə gedirmiş, ona dəvə karvanı rast gəlir və karvanın önündə gedən sarvanın ona yazığı gəldiyindən, onu dəvənin belinə çıxarır. Hətta deyir ki, dəvənin belindəki xurcunda süd də var, istəsə içə bilər.

Molla təsəkkür edərək  “çox sağ ol” deyir və çox keçmir ki, o, susadığından istəyir ki, bir stəkan süd içsin, lakin kulək bərk əsdiyindən südü stəkana tökə bilmirki- bilmir. Beləliklə, molla bu hərəkəti bir-neçə dəfə təkrar etməsinə baxmayaraq, külək südü havaya sovurur. Bunu görən sarvan molladan nə etdiyini soruşanda o, belə cavab verir ki, “əgər külək belə əsirsə heç nə”.  —-İndi mollanın sözü olmasın, sizki belə əhval – ruhiyyədəsiniz ….daha hec nə…

-Əşşi mənə çox da fikir vermə….de görüm nə axtarırdın…

-Sözün düzü, mən ayaqqabı ustası axtarıram. İstədim səndən soruşum.

Ayaqqabı deyən kimi satıcı əlimdəki selofan torbaya baxdı və soruşdu:

-Ayyaqabın qopub?

-Yox qopmayıb, amma…

-Nə amma?

Bu zaman mən selofandan ayaqqabı cütünü çıxardım . O, təzə ayaqqabını görəndə gözləri bərəldi…..nə gözəl ayaqqabıdı! Satırsan bunu?!

Mən bilmədim nə cavab verim , bu zaman özü bu sözləri dedi:

-Onsuzda sən satsan da mən onu ala bilmərəm, çünki anadangəlmə ayağımın biri böyükdü biri balaca…..həmişə ayaqqabını birin böyük birin balaca zakaz verib tikdirirəm…

Bu sözləri eşidəndə özümü itirmədən dedim:

-Necə yəni biri böyük biri balaca….zəhmət olmasa , bu ayaqqabını geyib yoxla görüm…(mən əvvəlcə  ayaqqabının sol, yəni balaca tayını geymək üçün verdim)

Məndən ayaqqabının  tayını alan kimi yerə qoyub, ayağında olan ayaqqabını çıxarıb böyük həvəslə onu geyməyə çalışdı və razı qalmış şəkildə dedi:

-Həə… yaxşı oldu ….rahatdı…sıxmır….yaxşıdı….

-Lap yaxşı, onda sağ tayını da geyib yoxla ….

Mən ayaqqabının sağ tayını verəndə bir möcüzənin baş verdiyinə inanmırdım, amma satıcı  kişi deyəndə ki….

-Həə… bu da ayağıma yaxşı oldu…rahatdı…rəngi də yaxşıdı…dərisi də yumşaqdı….

Mən diqqətlə kişinin geydiyi ayaqqabıya baxdım, düzdü biri böyük o birisi balaca idi, amma o,  razı qalaraq mağaza boyunca gəzişməyə başladı ,  sevinc icərisində idi və onun simasında soruşulası bir-neçə suallarının olduğu da görünürdü. Elə isə soruşdu:

-Əşşi, bu nə olan şeydi…. ayaqqabının biri böyükdü biri balaca?!

Kişi bu sözləri deyəndə düzü bilmədim nə deyim, o, nə isə qiymətli bir şey tapmış kimi hələ də mağaqzada gəzişirdi. Heç elə bil, bayaqkı acıqlı kişi deyildi. Yenə başqa bir sualla soruşdu:

-Neçəyədi?

Mən fikrimi toplayıb məsələnin nə yerdə olduğunu başdan ayağa kişiyə nəql elədim. Mat-məətəl qalaraq o, ayaqqabını ayağindan çıxararaq altına üstünə bir də baxa-baxa  dedi:

-Vallah mən birinci dəfədir ki, fabrik ayaqqabısı geyirəm. Qurban olduğum Allah elə bil bu ayaqqabını mənim üçün göndərib.  Görurəm sən də  Allah adamısan. Elə üzünə baxanda bilinir….Qardaşım, ayaqqabının qiymətini mənə de:

-65 manata almışam….

-65 manata almısan ….bu da sənin 65 manatın! Çox sağ ol! Təşəkkür edirəm! Əziyyət çəkmisən, haqqını halal elə, gedək qonağım ol!

-Sən də sağ ol! Halal xoşun olsun, qardaş, sağliqla geyəsən, həmişə  xeyir işlərə geyəsən! –deyib mağazanı tərk etdim.

Artıq günorta olsa da, vaxtım getsə də hiss elədim ki, nə isə bir qeyri- adi hadisənin  şahidi oldum. Kişi  anadan olandan ilk dəfə idi fabrik ayaqqabısı geyirdi. Qəribədir…. doğurdan da atalar yaxşı deyib ki, “hər şərdə  bir  xeyir  var”, elə bu fikirlə, yüksək əhval-ruhiyyə ilə alış-verişimin dalınca getdim… .

Açığın deyim hələ də bu hadisə mənə müəmmalı qalıb və çox illər bundan qabaq baş versə də, hələ də məni düşündürür….

 Müəllif: Mirsadiq Cəfərov

Oktyabr, 2020