Prezidentə sui-qəsd planı hazırlanıb

Serbiya Prezidenti Aleksandar Vuçiçə qarşı sui-qəsd həyata keçirilməsi planlaşdırılıb. Bu barədə polis rəisi Boqdan Puşiç bildirib.

Onun sözlərinə görə, 27 yanvarda Serbiya dövlətinin qurucusu Stefan Nemanın abidəsinin açılışı zamanı sui-qəsdin həyata keçirilməsi planlaşdırılıb. Vuçiç Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodik və Serbiya hökumətinin nümayəndələri ilə 27 yanvar axşamı Nemanın abidəsinin təntənəli şəkildə açılışını edib.

“Prezidentin təhlükəsizliyini təmin etmək üçün abidənin açılışında 859-dan çox xüsusi təyinatlı qüvvə yerləşdirilmişdi, çünki sui-qəsd cəhdi ilə bağlı məlumatlar alınmışdı”, – polis rəisi bildirib.

Serbiyanın daxili işlər naziri Aleksandr Vulin daha əvvəl böyük bir cinayətkar qrupda tapılan snayper tüfənginin Vuçiçə qarşı sui-qəsd məqsədi daşıdığı versiyasını irəli sürüb.
Serbiya polisi, Təhlükəsizlik və İnformasiya Agentliyi ötən həftə Monteneqro mafiya klanları ilə əlaqəli olduğu ehtimal edilən cinayətkar qrupun üzvlərini saxlayıb. Vulin Monteneqro mafiya klanlarının nümayəndələrinin tutulmasından sonra Serbiya prezidentinin təhlükə altında olduğunu söyləyib.