Bitməyən ömürlər…Silinməyən izlər…

Həyat qəribəliklərlə doludur. Bəzən, ilk baxışdan sənə adi təsir bağışlayan elə insan var ki, onun keçdiyi həyat, bir  ömür yolu ilə tanış olduqdan sonra  insanpərvərliyinə, içində olan torpaq, vətən, yurd sevgisinə heyran qalırsan.Və həmin anda düşünürsən ki, mən niyə bu gözəl insanı gec tanımışam?

Bunu həyatın paradoksu da adlandırmaq olar..

Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin məşhur misraları düşür yada: “Yaşamaq yanmaqdır, yanasan gərək, həyatın mənası yalnız ondadır…”

Etiraf edək ki, çoxları yanaraq yaşamırlar, yaşayaraq yanırlar. Yanaraq yaşamağı Tanrı hər kəsə nəsib etmir. Düşünürəm ki, bu yazımızın qəhrəmanı   ilk baxışdan sadə bir insan kimi görünən, lakin qəlbi, ürəyi  vətən sevgisi ilə döyünən, çox dəyər verdiyimiz hərbi həkim, cərrah,  ən başlıcası isə, gözəl insan Məmmədov Yavər Ataş oglu da məhz yanaraq yaşayan  eloğlularımızdan, vətəndaşlarımızdandır.

Vətəndaş sözünü elə-belə işlətmədim. Çünki vətəndaş olmaq asandır, həssas vətəndaş olaraq bütöv bir elin, obanın, xalqın qeyrətini çəkmək, bu ağrı-acını sinəndə daşımaq isə çox çətindir. Çətindir ona görə ki, bu yol elə də hamar, el diliylə desək, düppədüz yol deyildir. Bu yolda sevinclə yanaşı, qəm-kədər, ağrı-acılar da vardır. İllah da ki, qarabağlı olasan, dogma torpağın düşmən tapdağı altında ola…Yurdunda namərd düşmən gəzə…Çox ağırdır qarabağlı olaraq bu dərdi çəkmək! Həm də düz 28 il….

Cərrah Yavər həkim Qarabağın gözəl guşələrindən olan Füzulidə dünyaya göz açıb. O,bu torpağın təmiz havasını ciyərlərinə çəkərək, büllur sularını içərək böyüyb. Yuxarıda qeyd etdiyimiz kimi, nə yazıq ki, gəzdiyi, havasını uddugu o gözəl torpaqlar düşmən işğalında idi. Və bu, Yavər həkimi nə qədər üzsə də, inanırdı. İnanırdı ki, bir gün doğma torpaqlar işğaldan azad olacaq…. Cənab Ali Baş Komandanın əmri ilə 44 gün ərzində gedən qanlı müharibədə   müzəffər Azərbaycan ordusu torpaqlarımızı düşməndən təmizlədi. Bu yolda neçə-neçə igidlərimiz şəhadətə qovuşdu, yaralı qazilərimiz var. Bütün bu ağrı-acıları canlı şəkildə ruhuyla yaşadı cərrah Yavər həkim. Bir an tək buraxmadı əsgərlərini.  Neçə- neçə əsgəri ölümdən xilas etdi.

Yavər həkim bir elin, bir  nəslin ağsaqqalı da adlandırmaq olar. Ağsaqqal sözü saçının-saqqalının ağ olduğuna görə verilmir insana. Bu həm də bir tituldur ki, Allahın ona verdiyi ömrü özü üçün deyil, başqaları üçün yaşayır.

Cərrahla sualımıza da elə buradan başladıq:

-Siz uzun illərdi həkimlik peşəsi ilə məşğulsunuz. İstərdim ilk olaraq burdan başlayaq. Özünüz haqqında məlumat verin və necə oldu məhz həkimlik peşəsini seçdiniz?

Mən, (Məmmədov Yavər Ataş oğlu) Füzuli rayon Xatunbulaq kəndində 1955-ci ildə anadan olmuşam. İbtidai təhsilimi kənd məktəbində almış, orta təhsilimi isə kəndimizdən 3 km aralıda yerləşən Qaradağlı kəndində davam etdirmişəm. 1972-ci ildə N.Nərimanov adına Tibb Universitetinə daxil olmuş, 1978-ci ildə həmin Universitetin müalicə-proflaktika fakultəsini ümumi cərrahiyə ixtisası üzrə bitirmişəm. 1979-cu ildə Musa Nağıyev adına Təcili-tibbi yardım xəstəxanasında ümumi cərrahiyə internaturanı bitirərək Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında sağ-sahil poliklinikasında ümumi cərrah kimi 4 il müddətində təyinatla işləmişəm. 1983-cü ildən Füzuli rayonuna qayıdaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasında Cərrahiyə ixtisası üzrə işimi davam etdirmişəm . 1992-ci ildə I Qarabağ müharibəsi başlaması ilə əlaqədar olaraq yeni yaradılmış Qaraxanbəyli Hospitalında hərbi-həkim kimi işə başlamış, ehtiyata buraxıldıqdan sonra Balabəhmənli kəndində fəaliyyət göstərən  Füzuli rayon Mərkəzi xəstəxanasında mülki həkim kimi Cərrahiyə şöbəsində işimi davam etdirmişəm. 2020-ci ilin 27 sentyabrından Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq Füzuli rayon Mərkəzi xəstəxanasının Cərrahiyə şöbəsində yaralıların və hərbi travma almış hərbiçilərin müayinə və operativ müalicəsi ilə müharibənin sonuna qədər fasiləsiz olaraq fəaliyyət göstərmişəm.Hal-hazırda Füzuli rayon Mərkəzi xəstəxanasında cərrah kimi işimi davam etdirirəm…

Həkim olmaq uşaqlıq arzusu idimi?

Həkimlik peşəsini seçməyimin əsas səbəbi– kəndimizə yaxın ərazilərdə bu həkim kadrlarının çatışmaması, tibbi ehtiyacı olan insanlara yardım göstərmək istəyi idi..Və eləcə də ailəmizdə, yaxın qohumlarımızda həkimlik ixtisası üzrə işləyənlərə xoş qibtə hissləri  məndə bu sənətə həvəs yaradıb.

Biz bilirik ki, siz həm Birinci Qarabağ, həm də bu yaxın zamanda başa çatmış İkinci Vətən savaşında hərbi-həkim kimi  fəal olaraq iştirak etmisiniz. Bu barədə danışmağınız  xahiş edirik.

Bəli, I Qarabağ müharibəsində sonradan Qaraxanbəyli Hərbi Hospitalına çevrilmiş 702№li hərbi hissənin tibbi rotasında Cərrah kimi işə başlamış və tərxis olunana qədər orada fəalyyyət göstərmişəm. Vətən müharibəsində isə mövcud vəziyyət ilə əlaqədar olaraq hərbi profil üzrə fəaliyyət göstərən Füzuli rayon Mərkəzi xəstəxanasında cərrah kimi fəaliyyətimi davam etdirmişəm. İstər I Qarabağ müharibəsində, istərsə də II Qarabağ, Vətən müharibəsində xalqımız böyük sınaqlardan keçdi. Təəssüflər olsun ki,  I Qarabağ müharibəsində öz ata-baba torpaqlarımızdan didərgin düşduk. O vaxtlar  ixtisas üzrə cərrah həkimlərin və tibbi ləvazimatların nisbi çatışmazlığı hiss olunurdu. Yadıma düşür ki, torpaqlarımızın işğalı ilə əlaqədar olaraq Hospitalıın fəaliyyətini  bir kənddən digər kəndə  məcburi köçürmək  işləri daha da ağırlaşdırırdı. Lakin buna baxmayaraq ümidimizi itirmir, son günə qədər əlimizdən gələni əsirgəmirdik. Gecə də, gündüz də çalışırdıq.Yaralıların müalicə olunaraq sağalıb cəbhəyə qayıtması bizdə yeni ümidlər yaradırdı. O dövrdə hərbiçilərlə bərabər mülki şəxslərdən də yaralananlar çox olurdu.Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Ordumuza 30 ildir qisas hissi ilə yaşadağımız, həsrət ilə gözlədiyimiz günləri bizə bəxş etdikləri üçün minnət hissi duyuruq. Şükürlər olsun ki, torpaqlarımız yağı düşməndən azad olundu. I Qarabağ müharibəsi ilə müqayisədə Vətən müharibəsində bütün ixtisaslar üzrə həkimlərin, tibbi ləvazimatların tam qaydasında olması, istənilən dərman preparatının əlçatan olması, xəstəxanada yaralılara xidmət göstərmək üçün tam şəraitin olması yaralıların tez sağalıb döyüş bölgəsinə qayıtmasına və qalibiyyətə doğru getməyimizə müsbət təsir göstərirdi. Yerli həkimlərlə bərabər ölkənin bir çox tibb müəssisələrindən müxtəlif cərrahi ixtisaslar üzrə həkimlərin cəlb olunması da tibbi nəticələrin daha da yaxşı olmasına gətirib çıxarırdı.

Həkim, nə qədər ağır olsa da bu sualları vermək istəyirəm: çoxmu ürək ağrıdan hadisələrlə qarşılaşdınız? Əlinizdə yaralı əsgərlərimiz olarkən nə hisslər keçirirdiz? Dünyasını dəyişənlər olurdumu?

-Bütün müharibələrin ağır tərəfləri olduğu kimi, təəssüflər olsun Vətən müharibəsində də ağır yaralılar Ətrafları amputasiya olanlar və həyatlarını itirən hərbiçilərimiz vardı. Təbii ki, bunlar bir həkim, bir insan kimi məni və bütün həkimlərimizi ağrıdır, məyus edirdi. Lakin həkimlərimizin gecə-gündüz misilsiz fəaliyyət və əziyyəti nəticəsində yaralıların böyük əksəriyyətini müalicə edib döyüş zonasına qaytarmaq mümkün olurdu. Dəfələrlə çox ağır yaralı olmasına baxmayaraq yenidən döyüş bölgəsinə qayıtmaq və döyüş yoldaşları ilə bərabər Vətən yolunda döyüşmək istəyən hərbiçilərimizin şahidi olmuşam. Əsgərlərimizdə ruh yüksəkliyi, düşmənə qarşı nifrətin böyük olması məndə çox böyük qürur və torpaqlarımızın erməni  faşistlərindən azad olacağına ümid hissini daha da artırırdı. Lakin bu haqda danışmaq çətin olsada həkimlərin səylərinə baxmayaraq əfsuslar olsun ki, həyatlarını itirən hərbiçilərimiz də olurdu. Bunlar heç bir həkimin görmək istəmədiyi və arzulamadığı səhnələrdir. Bunu sözlərlə izah etmək mənə çox çətindir.

Xüsusi sizin üçün unudulmaz , yaddaqalan bir hadisə , xatirə  oldumu?

Yaralıların hər birinin ayrı bir hekayəsi vardı.Yaxşı yadımdadır, yaralıların başqa rayonlara növbəti evakuasiyası zamanı təcili yardım maşınınından bir qədər aralıda dayanmış, 90-cı illərdəki döyüşlərdə yaralanmış və aşağı ətrafı amputasiya olunmuş I Qarabağ müharibəsi qazisi dostumuz Baxşəliyev Ağamalını gördüm və burda nə etdiyini soruşdum. O isə cavabında –  “Mənim oğlum döyüşdə yaralanıb” -dedi. Elə evakuasiya olunan yaralılardan biri onun oğlu imiş. Bu hadisə məni həddən artiq duyğulandırdı.Və cəsur xalqımızın qorxmaz  oğullarının estafeti bu cür atadan-oğula mərdliklə ötürülməsi məndə böyük fəxarət hissi yaratdı.

Əsgərlərdə hansı cəhətlər sizi cəlb edirdi. Axı bunlar dünənəcən balaca uşaqlar idilər.

Əsgərlərimizin əksəriyyətinin yaşlarının az olmağı səbəbindən Qarabağı görmədən bu qədər böyük vətənpərvərlik , düşmənə qarşı böyük nifrət, torpağı azad etmək üçün canından keçmək hissi məni bir azərbaycanlı, Qarabağlı kimi qürurlandırırdı.

Dahi klassik şairimiz Məhəmməd Füzulinin bir beyti var:

Eşqdən canımda bir pünhan mərəz var ey həkim.

Xəlqə pünhan dərdimi izhar etmə zinhar , ey həkim…

Həkimlik sənəti sizə nə verdi ? Necə yaşadınız?

Həkim olduğum üçün heç vaxt peşman olmamışam. Əksinə istər dinc dövrdə istərsə də,  I,II Qarabağ müharibəsində sağlamlığım bahasına vətənimə, millətimə az da olsa xidmət göstərdiyim üçün ayrıca qürur hissi keçirirəm. Torpaqlarımızın işğalda olması səbəbi ilə təbii ki, çətinliklər də yaşadım. Uzun illər boyu 30 ilə yaxın müddətdə ailə və uşaqlarımdan ayrı uzaqda, cəbhə bölgəsində xidmət göstərmişəm. Ailəmdən uzaqda olmağın çətinliyini çəksəm də vətənimə xidmət göstərməyi özümə borc bilmişəm.

-Alman yazıcısı İ.Höte deyirdi ki, yalnız ata oğlunun istedadına paxıllıq etmir . Paxıl insanlar olubmu sənət yolunuzda və onlara necə münasibət bəsləmisiniz?

-Bu cəhətdən özümü çox xoşbəxt hiss edirəm, çünki hansı kollektivdə işləmişəmsə, hər zaman gözəl insanlarla, savadlı və dünyagörüşlü həkimlərlə rastlaşmışam. Bu da mənə həyatda gözəl dostlar qazandırıb.

-Ən çox nəyə üzülmüsünüz?

Hər kəs kimi mənim də həyatda üzüldüyüm hadisələr olub. Vaxtsız itkilərə, müalicəyə tabe olmayan çarəsiz xəstəliyə düçar olmuş insanların həyatının yarım qalmasına çox üzülmüşəm.

-İtirdikləriniz çox oldu, yoxsa qazandıqlarınız? Geriyə baxanda nə düşünürsünüz?

Düşünürəm ki, itirdiklərim çox olub, lakin qazandıqlarım daha çox olub. Gözəl ailəm, dostlarım , müalicə edərək sağaltdığım xəstələrimin xeyir duaları və ən əsası illərdir ağır yaramız olan Qarabağımızın qayıtmağı mənim ən böyük qazancım oldu. Geriyə baxanda az da olsa vətənimə, xalqıma faydalı olduğum üçün məmnunluq hissi keçirirəm.

-Ailəniz, övladlarınız haqqında məlumat verərdiniz?

Bir oğlum və iki qız övladım var. Övladlarım ali təhsilli və ailəlidirlər. 3 qız nəvəm var. Onları da hər zaman vətənərvər ruhda böyütməyə çalışmışam.

-Həkim, işlərinizin çox oldugu bir məqamda vaxt tapıb bizə müsahibə verdiyiniz üçün sizə öz dərin təşəkkürümüzü bildiririk. Allahdan  sizə can saglıgı, uzun ömür arzulayırıq. Var olun! 

…Burda yazımıza nöqtə qoymaq istədik. Amma məşhur bir el bayatısı düşür yadımıza:

Bu qala daşlı qala,

Çınqıllı daşlı qala.

Tikmədim özüm qalam, 

Tikdim ki, izim qala…

Bəli! Yavər həkim! Dəyərli insan! Siz bir hərbi  həkim kimi, bir cərrah kimi, bir insan, bir ağsaqqal kimi çox şərəfli ömür yaşadınız. Və xeyirxah əməllərinizlə bir qala tikdiniz ki, bu qala  sizi daim yaşadacaq! Şərəfli ömrünüz mübarək, həkim!

Müəllif: Sehranə Kasimi

AMEA Memarlıq və İncəsənət İnstitutu

”Qafqaz Albaniyasının incəsənəti və memarlığı” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent