QHT sədrindən gənclərə özəl təbrik

Bütün bəşəriyyət min illərdi gənc qalmağın sirrini axtarır. Gənc qalmaq üçün bütün yollar sınaqdan keçirilir. Hətta bu barədə nağıllarımızda, əfsanələrimizdə belə danışılır. Xatırlayırsınızsa “Məlikməmmədin nağılı”nda deyilir ki, padşahın həyətindəki alma ağacının meyvəsindən kim yeyərdisə, cavan oğlana çevrilərdi. İstər qədim əsatir və əfsanələrimizdə, istər yunan mifologiyasında, istərsə də bir çox ölkələrin şifahi xalq ədəbiyyatında gənc qalmaqla bağlı müxtəlif variantda nümunələrə rast gəlirik. Bütün bunlar isə gəncliyin, gənc qalmağın nə qədər dəyərə malik olduğunu bir daha göstərir.

Dünyanın ən zəngin adamlarından biri deyirdi ki, mənim milyardlarla pulum var və mən bu pulla çox şey ala bilərəm. Lakin təəssüflüsü odur ki, bütün varidatımı versəm də, gəncliyimi geri ala bilmərəm. Deməli, gənclik bəşəriyyətin torpedosudur. Onun inkişafı, gələcəkdəki istiqaməti bu günkü gənclikdən asılıdır. Buna görə də inkişaf etmiş ölkələr gələcəklərini sağlam, təhsilli, dünyagörüşlü gənclik üzərində qururlar. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır.

Gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Əslində gəncliyə qayğı göstərən cəmiyyət xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Ulu öndər Heydər Əliyev bu məlum həqiqətin həyata keçirilməsi üçün lazımı tədbirləri görən böyük şəxsiyyət idi. 1996-cı il 2 fevral tarixində onun dəstəyi ilə gənclərin ilk forumu keçirildi. 1997-ci ildə isə, Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda “Gənclər Günü” kimi qeyd olunmağa başladı. Bununla da, Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” fikirləri ilə ulu öndər Azərbaycan gəncliyinin gələcəyə istiqamətlənən yolunu göstərirdi. Bu yolun ən işıqlı yol olması isə, ötən il Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Azərbaycanın sağlam düşüncəli, gənc vətənpərvər oğulları böyük igidlik göstərərək, düşmənə bütün cəbhələrdə layiqli cavab verdilər, torpaqlarımızı işğaldan azad etdilər. Üç rəngli bayrağımızı Qarabağda – Şuşada dalğalandırdılar.

Bu gün 2 Fevral Gənclər Günüdür. Bu gün sizin gününüzdür əziz gənclər! Müasir dövr – elm, texnologiya, sürət əsri adlanır. Zaman indi əvvəlkindən daha sürətlə axır. Ona görə də zamanı boşuna keçirmək olmaz. Çünki sizin boynunuzda Azərbaycan gənci adlı bir məsuliyyət var. Bu məsuliyyəti daşıyan hər bir gənc vaxtını dəyərləndirməli, sağlamlığının qayğısına qalmalı, elmli, təhsilli, dünyagörüşlü olmalıdır. Hər bir xalqın, millətin, ölkənin gəncləri onun bu günü, sabahı, gələcəyə olan ümididir.

Əziz gənclər, Siz bizim qürurumuz, fəxrimiz, ümidimizsiniz. Azərbaycanın gələcəyi Sizin əlinizdədir. Biz inanırıq ki, Siz öz ağlınız, dərin zəkanızla Azərbaycan adını daha yüksəklərə qaldıracaq, onu dünyanın ən gözəl ölkəsinə çevirəcəksiniz. Bu yolda heç bir çətinlikdən qorxmayacaq, ölkəmizin uğurları üçün bütün çətinliklərə mərdliklə sinə gərəcəksiniz. Siz bunu bacaracaqsınız!

Azərbaycan Demokratik Cümhuriyyətinin banisi, Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə desək: “Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “Irəli, irəli Azərbaycan əsgəri” – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.

Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan”.

Əziz gənclər, Bu müqəddəs və şərəfli yolda Sizə uğurlar arzulayıram! “Gənclər Günü”nüz mübarək olsun!

Könül Quliyeva,

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri