Kimlərə ekspert demək olar?-TƏHLİL

“Hərşeyşünaslar”ın yox! Mütəxissislər əldə edilən bilikləri uzun illər təcrübədən keçirib daha doğru qənaətə gələnlərdir”.

İctimai həyatımızın reallıqlarından biri də cəmiyyəti düşündürən aktual problemlərin həlli məqsədilə ictimai dinləmələr və ictimai müzakirələrdir. Bu müzakirələr sosial şəbəkələrdə, peyk televiziyalarında, internet tv-lərdə mütəmadi olaraq həyata keçirilir. Müzakirələrin mütləq iştirakçıları isə ekspertlərdir. Bəs ekspert kimdir? Əvvəlcə məsələyə hüquq konteksində yanaşaq.

Bu sahədə ekspertlərin vəzifələri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 63-cü maddəsi ilə tənzimlənir. Burada göstərilir ki, rəy verilməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və işdə iştirak edilən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlanmış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, rəy verməkdən imtina etməlidir. Rəy vermək zəruri olduqda, ekspert iş materialları ilə tanış olmaq, məhkəmə iclaslarında iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən xahiş etmək hüquqlarına malikdir. Ekspert bilə-bilə yalan rəy verməyə görə və ya rəy verməkdən imtina etməyə görə cinayət məsuliyyəti daşıyır. Bu gün biz “ekspert” anlayışının hüquq sahəsindən həyatın digər sahələrinə transformasiyasının şahidiyik. Azərbaycan dünyanın yeganə ölkələrindəndir ki, burada ekspert olmaq olduqca asandır. Bunun üçün nə məsuliyyət, nə ağır zəhmət, nə gecəni-gündüzə qatıb çalışmaq, nə də bütün uğursuzluqları təcrübədən keçirib, məşğul olduğun sahədə dolğun biliklər əldə etmək tələb olunmur.

Sosial mediada və ya televiziya efirində özünü ekspert qismində təqdim etmək kifayətdir. Yaşın nə fərqi var ki? Təki diplomun, iddia etdiyin sahədə müəyyən anlayışın, terminologiyadan istifadə etmək bacarığın və qətiyyətli fikir söyləmək qabiliyyətin olsun. Sübut yetərincədir. TV-lərdə ailə-məişət mövzusunda yayımlanan verilişlərdə ailə təməllərinin sarsılmazlığını təbliğ edən ekspert qismində ya əxlaqi cəhətdən cəmiyyət tərəfindən qəbul edilməsi şübhə doğuran şəxsi, ya da ailə qurmadığı səbəbdən onun nə olduğunu dərinliyi ilə dərk etməyən gənc bir qızcığazı görürük. Biznes sahəsi ilə bağlı verilişlərdə ekspert qismində çıxış edənlərin əksəriyyəti bu sahədə əhəmiyyətli uğur qazanmayanlar, sosial problemlərə həsr olunmuş verilişlərdə müvafiq qurumların sosial siyasətlə bağlı hər bir kəsə bəlli tədbirlərini şərh edib tərif yağdıranlardır. Hər gün üzləşdiyimiz bu reallıq cəmiyyətdə ekspert anlayışına hələ də düzgün münasibətin formalaşmadığını göstərir. Dünyada ən inkişaf etmiş ölkələr bütün sahələrdə peşəkar mütəxəssisləri çox olan ölkələrdir. Çünki hər bir sahənin inkiafı bu sahədə mütəxəssis yanaşmasından asılıdır. Mütəxəssislərin daha çox olması mövcud problemlərin köklü həllini sürətləndirir. Məhz mütəxssislərin… “Hərşeyşünaslar”ın yox! Mütəxissislər əldə edilən bilikləri uzun illər təcrübədən keçirib daha doğru qənaətə gələnlərdir. Onların biliyi təcrübəyə əsaslanır. Biliklər təcrübə sayəsində dəmir kimi döyülərək hamarlanır, yonulur, cilalanır, qılınc itiliyinə və kövrəkliyinə malik olur. Lakin bilikli mütəxəssis heç də ekspert demək deyildir. Mütəxəssis – konkret sahə üzrə yüksək hazırlığa və praktiki fəaliyyətə mailk olan işçidir.

Söhbət konkret sahədən, bu sahədə şəxsin yüksək hazırlığından və praktiki fəaliyyətindən gedir. Ekspert isə bilik və təcrübəyə daha yüksək səviyyədə yiyələnmiş təmsil etdiyi sahəni bütün incəlikləri ilə daha dərindən bilən mütəxəssisdir. İllərlə çalışdığı, araşdırdığı, təcrübə topladığı sahədə aktual olduğu qədər mübahisəli məsələyə obyektiv rəy bildirən mütəxəssisin ekspert qismində çıxış etmək hüququ var. Onun verdiyi rəy illərlə qazandığı biliklərdən və əldə etdiyi təcrübədən qaynaqlanır. Dünyanın inkişaf etmiş ölkələrində dövlət qurumları bütün mübahisəli və taleyüklü məsələlərdə ictimai rəyi öyrənməzdən əvvəl məhz həmin şəxslərin fikirləri ilə tanış olurlar. Bu səbəbdən bu ölkələrdə ekspert qismində mütəxəssis hazırlğına xüsusi önəm verilir. Xarici ölkələrdə ekspert hazırlığı son dövrlərdə bir çox tədqiqatçıların, elmi-tədqiqat mərkəzlərinin diqqət mərkəzindədir.

Əlverişli şəraitdə hər hansı bir fəaliyyət sahəsində peşəkar mütəxəssis olmaq üçün ən azı 10 il lazım olduğu müəyyən edilmişdir. Bu zaman kəsiyində ekspert yeni keyfiyyət göstəricilərinə, xüsusi bilik bazasına sahib olur. İllərlə əldə edilən məlumatlar onun şüurunda “təsadüfi olaraq” saxlanılmır, müəyyən strukturlar daxilində təşkil edilir. Uzun illər oxşar problemləri həll edərək “öz baxışını” formalaşdıran və inkişaf etdirən mütəxəssis öhdəsinə düşən məsələləri uğurlu təhlil etməyə imkan verən bir sıra xüsusiyyətlərə malik olur. Ekspertlər əvəzolunmaz biliklərə sahib olan və bu biliklərdən uğurla istifadə edə bilən unikal şəxsiyyətlərdir. Ekspertin əsasən şüuraltı xarakter daşıyan biliyi deklarativliyi ilə deyil, prosedurluğu ilə fərqlənir. Bu halda konkret sahədə illər boyu əldə edilmiş bacarıq və vərdişlər peşəkar mütəxəssisi təcrübəli ekspert səviyyəsində dəyərləndirməyə əsas verir. Ekspert institutu formalaşmış cəmiyyətdə bu növ mütəxəssislərin dürüstlük, vicdanlılıq və qərəzsizlik kimi şəxsi keyfiyyətlərini müəyyənləşdirən standartlar mövcuddur. Son illər Azərbaycanda bu və ya digər sahədə müəyyən problemin araşdırılması və həlli yollarının müəyyənləşdirilməsi məqsədilə ekspert rəyinin öyrənilməsi adi hal almış, qısa bir zamanda “hərbi ekspert”, “tbb eksperti”, “təhsil eksperti” kimi ifadələr cəmiyyətin gündəlik lüğət ehtiyatına daxil olmuşdur. Bir ilə yaxın davam edən koronavirus pandemiyası, 44 günlük Vətən müharibəsi cəmiyyətin hər bir sahə üzrə yüksək ixtisaslı ekspertlərə böyük ehtiyacı olduğunu sübuta yetirdi. Hərb və təhsil sahələrində çox az sayda ekspertlərimiz olsa da, vergilər, nəqliyyat, rabitə, iqtisadiyyat, mədəniyyət, səhiyyə, kənd təsərrüfatı və bu kimi müxtəlif sahələrdə ekspert qıtlığı ilə üz-üzəyik.

Artıq Qərb ölkələrində ekspert hazırlığı təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi, müxtəlif sahələr üzrə ekspertlərin yetişdirilməsi, onların sertifikatlaşdırılmış attestasiyasının keçirilməsi vaxtı çatmışdır. Bu istiqamətdə həm dövlət qurumları, həm də vətəndaş cəmiyyətinin üzvü olan qeyri-hökumət təşkilatları öz sözünü deməli və problemə əməli münasibət bildirməlidirlər. Mütəxəssislərin özlərini ekspert bəyan etməsi ənənəsinə son qoyulmalıdır. Yüksək məsuliyyət, dərin biliklər və böyük təcrübəyə söykənən bacarıqlar tələb edən ekspert fəaliyyətinə həm dövlət, həm də cəmiyyət tərəfindən münasibət ciddi olmalıdır. Yalnız bu halda “Ekspert kimdir?” sualına düzgün və dolğun cavab tapa bilərik.

Könül Quliyeva,

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri