Azərbaycanlılar Almaniyada “Varlıq” adlı xeyriyyə fondu yaratdı

Kanal32.az xəbər verir ki, Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı “Varliq-Fonds” e.V. (“Varlıq” Fondu)  fəaliyyətə başlayıb.

Yanvarın 10-da Almaniyada “Varlıq” fondunun təsis yığıncağı keçirilib.

Almaniyada yaşayan azərbaycanlıların vahid təşəbbüsü ilə yaradılan “Varliq-Fonds” e.V.” ictimai birliyinin ilk təsis toplantısı Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək işinə başlayıb. Şəhidlərimizin əbədi xatirəsinə dərin ehtiramın təcəssümü olaraq yaradılan “Varlıq” fondunun əsas hədəflərindən biri şəhid və qazi ailələrinə yardımın təşkili və təmin edilməsidir.

Yığıncaqda iştirakçılar dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların vahid yumruq şəklində sıx birləşərək Azərbaycan həqiqətlərinin dünyaya çatdılırması üçün göstərdikləri fədakar fəaliyyətlərdən bəhs ediblər. Əminliklə qeyd olunub ki, “Varlıq” fondu öz fəaliyyətində həmrəylik, yardımlaşma və paylaşma ənənələrinə sadiq qalaraq yaxın gələcəkdə Avropa Biriliyi ərazisində yaşayan azərbaycanlıları və ürəyi Azərbaycanla döyünən hər kəsi bir araya gətirən körpü rolunu oynayacaqdır.

Daha sonra, yığıncaqda, xeyriyyə fondunun sədri və sədr müavinləri vəzifələrinə səsvermə keçirilib. Səsvermə nəticəsində, Almaniyada təsis edilmiş ilk Azərbaycan xeyriyyə təşkilatı olan “Varlıq” fondunun sədri Dr.Qurban Ələkbərov, sədr müavinləri Nurlan Məmmədov və Cavidan Kərimli İdarə Heyətinə seçiliblər.

“Varliq-Fonds” e.V xeyriyyə təşkilatı Avropa Birliyində fəaliyyət göstərən təşkilat olaraq burada yaşayan həmvətənlərimizdən gələn ianələri qəbul edəcək. Fondun fəaliyyət dairəsi geniş olub Azərbaycan tarixi, musiqisi və mədəniyyətinin dünyaya tanıdılması, eləcə də elmin və təhsilin inkişafına dəstəyi də əhatə edir.

 

  “Varliq-Fonds” e.V.

İctimaiyyətlə Əlaqələr  və Kommunikasiya Şöbəsi