“Dostluq ordusuna sərkarı gördüm”-ALLAHVERDİ CƏFƏROV

Əslən Kəlbəcər rayonu Yanşaq kəndindən olan dünya şöhrətli alim, müdrik və səxavətli insan Sərdar Abdullayevin vəfat etməsi ilə bağlı ziyalıların baş sağlığı davam etməkdədir.

Kanal32.az 2020biz.az-a istinadən xəbər verir ki, növbəti baş sağlığı isə əslən Kəlbəcər rayonu Mollabayramlı kəndindən olan el ağsaqqalı, xeyriyyəçi insan Allahverdi Cəfərovdan gəldi.

“Dəyərli dostum Sərdar Abdullayevin vaxtsız vəfatı xəbəri Onu tanıyan çoxsaylı insanlar kimi məni də dərindən üzdü. Onun haqqında günlərlə, aylarla danışmaq olar. O mənim çox yaxın dostum idi. Mən Onu rəhmətlik dayısı, mənim dostum Təhməz Cəfərov vasitəsi ilə tanımışam. Onun şəxsi keyfiyyəti qısa müddətdə bizim münasibətlərin çox yaxın dost səviyyəsinə yüksəlməsinə xidmət etmişdir. O doğma dayılarından məni ayırmazdı. Onun ölüm xəbərinə hələ də inana bilmirəm. Bu yaxınlarda telefonla danışmışdıq. Sərdar rəhmətlik də daxil olmaqla bir neçə ləyaqətli insanlarla yaxın dostluq münasibətlərimiz var. Ancaq Sərdar həmin dostların da içərisində hamımız üçün ən uca zirvədə dayanan dost idi. Mən Onun haqqında 2008-ci ildə şer də yazmışam. Mən həmin şeri Sizlərlə bölüşmək istəyirəm. Allah Sərdara rəhmət eləsin!

Ədəbin, ərkanın zirvə dağında,
Sözü sözdən seçən xirdarı gördüm.
Hatəmlik ünvanı cavan çağında,
Nizami ölçülü pərgarı gördüm.

Aqillik südündən, kökündən olmuş,
Alimlik əzm ilə mətindən olmuş,
Ömrünə mükafat təkindən olmuş,
Dostluq ordusuna sərkarı gördüm.

İstərdim bu yolda karvanım olsun,
Öndə addımlayan sarvanım olsun.
Zirvəyə qaldıran fərmanım olsun,
Murova dırmandım, Qoşqarı gördüm.

Dünyanın ilkini, sonunu bilən,
Səbrli dinləyən, təmkinli dinən,
Çətin alovlanan, asanca sönən,
Dağlara xas olan vüqarı gördüm.

Mərdə məhəbbəti bol eyləyəni,
Zəhməti yoğurub pul eyləyəni,
Altunu insana qul eyləyəni,
Bacaran bəxtəvər zərgəri gördüm.

Səxavəti sərvətindən ucanı,
Gənc yaşında müdrikləşmiş qocanı,
Mahalına işıq saçan bacanı,
Müqəddəslər ilə həmkarı gördüm.

İnsafdan, vicdandan, haqq-ədalətdən,
Abırdan, həyadan, namus, qeyrətdən
Qüsursuz yaranmış bir məxluqətdən
Yanşaqlı Süleyman Sərdarı gördüm.

Kanal32.az