Türkiyə-Rusiya münasibətlərindəki paradokslar-TƏHLİL

Keçən ilin 17 dekabr tarixində jurnailstlərdən biri Rusiya Prezidenti Vladimir Putindən soruşur: “Son dörd il ərzində dünya liderləri içərisində sizin üçün ən çox çətinlik törədən və ən rahat anlaşa bildiyiniz şəxs kimdir?”

Həmin jurnalist Merkelin, Makronun, Trampın, Ərdoğanın və Lukaşenkonun adını çəkir. Putin adı keçən liderlərin hamısının öz ölkələrinin üzləşdiyi çətinliklərin öhdəsindən gəlməyə çalışdıqlarını vurğulayraq, belə deyir: “Bir söz var: yaxşı və ya pis maraqlar yoxdur, milli maraqlar var… Bu, mənim üçün də keçərlidir. İnsanları yaxşıya və ya pisə ayırmıram. Mən Rusiya üçün maksimum nəticələr əldə etmək üçün hamıyla işləyirəm. Bəzən güzəştə getmək lazım gəlir, bəzən də mövqeyinizdən geri çəkilməmək gərəkir…”

Sonra Rusiya lideri sözü Prezident Rəcəb Tayyib Ərdoğana gətirir və deyir: “Bizim Prezident Ərdoğanla müəyyən məsələlərə baxışımızda fərqlər, hətta bəzən ziddiyyət də olur. Amma o, verdiyi sözün üstündə duran kişidir. Əgər o, bir şeyin ölkəsinin xeyrinə olduğunu düşünürsə, işin sonuna qədər gedir. Bu, öncəgörmə elementidir. Kiminlə iş gördüyünüzü anlamaq önəmlidir”.

25 dekabr tarixində jurnalistlər Putinin “öz sözünü tutmaq” barəsindəki fikirlərini Ərdoğanın yadına salanda, Türkiyə lideri belə cavab verib: ”Putinlə tanış olduğumdan bu yana, mən də onu məhz bu cür tanıdım. O, həqiqətən də dürüst və verdiyi sözün üstündə duran adamdır. Rusiya ikili münasibətlərimizdə bu cür möhkəm əlaqələr qura biləcəyimiz nadir dövlətdir”.

Rusiya-Türkiyə münasibətlərini görmək baxımından Putinin daha bir bəyanatını yada salaq. 22 oktyabr 2020-ci ildə keçirilən mətbuat konfransı zamanı rusiyalı bir siyasi ekspert Rusiya Federasiyası prezidentindən soruşur ki, o, Ərdoğanın Osmanlı İmperiyasının əvvəlki sərhədləri çərçivəsində təsir sferasını genişləndirməsi arzusu barəsində nə düşünür. Putin isə belə cavab verir: ”Ərdoğanın Osmanlı irsi ilə bağlı nə planlaşdırdığı barədə mən heç nə bilmirəm. Bunu onun özündən soruşun. Ancaq mən onu bilirəm ki, bu gün bizim aramızdakı ticarət dövriyyəsinin həcmi 20 milyard dollardan artıqdır”.

Şübhəsiz ki, bu ticarət Türkiyənin təbii qaz alması hesabına Rusiyaya böyük gəlir gətirir. 2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin Rusiyadan idxalı 14 milyard dollaradək artarkən, Rusiyaya ixracı yalnız 3,4 milyard dollar həcmində qalıb. Əməkdaşlığın daha bir istiqaməti isə enerji sahəsidir. Rusiya Mersində AES tikir. Həmçinin, iki ölkə arasında atılan ən mühüm addım “Türk axını” boru kəməri layihəsinin işə salınması olub. Bu kəmər vasitəsilə Rusiya Qara dənizdən Frakiyaya təbii qaz çatdırır. Beləliklə, Rusiya ikinci boru kəməri ilə Türkiyə bazarına çıxaraq, yeni marşrut əldə edib. Bu marşrut onun öz təbii qazının Avropa bazarına tədarük xəttini şaxələndirməsinə imkan verəcək.

Onu da qeyd etmək lazımdır ki, Türkiyəyə ən çoxsaylı turist qrupları Rusiyadan gəlir. 2019-cu ildə Türkiyəni ziyarət etmiş rusiyalı turistlərin sayı yeddi milyon nəfəri keçmişdi. Pandemiya üzündən bu rəqəm iki milyon nəfərə düşüb.

Ümumiyyətlə, iki ölkə arasında iqtisadiyyat, ticarət, energetika, turizm sferaları üzrə böyük həcmli qarşılıqlı əlaqə yaranıb. Əlbəttə, yeni strateji faktor kimi Türkiyənin 2,4 milyard dollar dəyərində “S-400” Hava Hücumundan Müdafiə kompleksləri alması da bu münasibətlərə daxildir. Amma eyni zamanda, Putinin dediyi kimi, Ərdoğanla onun arasında ilk növbədə regional böhranlar və mübahisələr kontekstində fikir ayrılığı və fərqli baxışlar da var. Bunların başında Suriya gəlir. İdlibdəki gərginliklə bağlı 2020-ci ilin əvvəlində Türkiyə və Rusiya arasında ciddi böhran yaşandı. Fevral ayında başladılan hərbi əməliyyatda Əsəd ordusunun əsas məqsədi İdlibdəki “M-4” avtomagistralının müxalifətin əlindən geri almaq idi. Rusiya özünün döyüş aviasiyası ilə rejim ordusuna çox güclü dəstək verdi. Suriya rejim güclərinin qarşısını almağa cəhd göstərən müxalifətçiləri dəstəkləmək üçün Türkiyə də döyüş meydanına öz hərbi qüvvələrini yeritdi. Belə bir vəziyyət Serakibdəki münaqişə xəttində Türkiyə və Rusiyanı qarşı-qarşıya gətirdi. 27 fevralda Suriya və Rusiya hərbi təyyarələri birlikdə aviazərbə endirdilər və nəticədə “M-4” yolundan cənubda yerləşən Balyunda 34 türk hərbçisi həlak oldu. Necə baxılmasından asılı olmayaraq, bütün parametrlərə görə bu, Türkiyə-Rusiya münasibətləri tarixində ən ağır hadisə kimi yadda qalacaq. Həmin hücumun yaratdığı gərgin şəraitdə Ərdoğan Moskvaya səfər edərək, Rusiya paytaxtında razılaşma əldə etmişdi. Balyun hücumundan sonra ciddi böhranla qarşılaşan münasibətlər 5 mart tarixində əldə olunan razılaşma əsasında yeni status-kvo qazandı və İdlib faktiki olaraq, Suriya rejimi və Türkiyə Silahlı Qüvvələri tərəfindən nəzarət edilən iki hissəyə ayrıldı. Bundan sonra televiziya ekranlarından Türkiyə və Rusiya hərbçilərinin “M-4” avtomagistralında birlikdə patrula çıxdıqlarını gördük.

Elə təkcə Suriyadakı proseslər Türkiyə-Rusiya əlaqələrinin necə paradoksal struktura malik olduğunun əyani təzahürüdür. Türkiyə İdlibdəki silahlı müxalifəti, Rusiya isə rejim güclərini dəstəkləyir. Lakin buna baxmayaraq, hər iki tərəf Suriya ilə bağlı Astana formatı çərçivəsində əməkdaşlıq edir.

Türkiyə və Rusiya həm Suriyada əməkdaşlıq edir, həm də bir-birilərinə qarşı gəldikləri Liviya cəbhəsində savaş halındadırlar. Rusiya Liviyaya “Vaqner” hərbi qrupuna bağlı muzdlular yollamaqla vətəndaş müharibəsində Haftarın qalib gəlməsinə çalışır. Türkiyə isə BMT tərəfindən tanınan Milli Razılıq Hökumətini ayaqda tumaq üçün hərbi müdaxilə edərək, Haftarın qələbəsinin qarşısını alıb.

Keçən payızda Rusiya-Türkiyə münasibətləri Azərbaycanın Ermənistan üzərində hərbi uğur qazandığı Qarabağda həssas stress-testdən keçdi. Rusiyanın özünün “arxa bağçası” hesab etdiyi bu regionda baş verən döyüşlərə Türkiyə öz metodlarıyla müdaxilə etdi. Lakin ümumi yekunda bu böhran Türkiyə və Rusiya əməkdaşlığı şəklində təkamülə uğradı. Türk və rus əsgərləri Qarabağ sərhədinə bitişik Ağdamda qurulacaq hərbi mərkəzdə atəşkəsin qorunması üçün birgə monitorinq həyata keçirəcəklər.

Həmçinin, Türkiyə və Ukraynanın yaxınlaşmasının Kremldə narahatlıq yaradacağını da təxmin etmək çətin deyil. Ən əsası Türkiyə və Rusiya arasındakı münasibətlərin döyüş səhnəsindəki münaqişələr, rəqabətlər və çəkişmələrin təzyiqinə tab gətirməsidir.

Amma Türkiyə ilə Rusiyanın arasında beynəlxalq əlaqələrdə tez-tez rast gəlinməyən “özünəməxsus” struktur münasibətləri formalaşıb ki, bunu da “münaqişə etmək və rəqabət aparmaqla əməkdaşlıq qurmaq” kimi şərh etmək olar. Onlar öz aralarında ciddi fikir ayrılığı olmasına baxmayaraq, digər yandan da bir-birilərinə yol açırlar.

Daha öncə vurğuladığımız kimi, iki ölkənin ortaq maraqlarının miqyası və həm də onların birlikdə hərəkət etmələrinin meydana gətirdiyi “kritik sıxlıq” Rusiya və Türkiyəyə imkan verir ki, aralarındakı fikir ayrılığını praqmatik şəkildə həll etsinlər.

Ancaq son dövrlərdə Türkiyənin Qərblə münasibətlərinin daimi burulğana girməsi Türkiyənin xarici siyasətində Rusiyanın çəkisini artıra bilər. Belə olan halda, iki ölkə arasındakı əlaqələrdə Türkiyə ilə bazarlıq etmək məsələsində Rusiyanın əlinə daha güclü kartlar düşəcəyi ehtimalını da inkar etməməliyik. Əsas məsələ Türkiyənin Rusiya ilə başlatdığı yaxınlaşmanı önümüzdəki zamanlarda Qərblə əlaqələr kontekstində necə tarazlaşdıracağıdır.

Sedat Ergin

“Hürriyet”(Türkiyə)