Azərbaycanın rus vertolyotunu vurması: Rusiya işi böyüdür

Rusiyanın hərbi müstəntiqləri Ermənistan üzərində Azərbaycan tərəfindən noyabrın 9-da vurulmuş vertolyot qəzasını “qəsdən adamöldürmə” kimi qiymətləndirdiyini açıqlayıb. Bundan əvvəl isə bu hadisə “ehtiyatsızlıq üzündən ölüm” kimi dəyərləndirilmişdi.

İşin daha ağır – ömürlük həbs cəzası ilə nəticələ biləcək “qəsdən adamöldürmə” maddəsinə dəyişdirilməsi faktı ilə bağlı Azərbaycan hökuməti reaksiya verməyib.

Bu gün İnterfaks agentliyi məlumat yayıb ki, Rusiya bu qəza ilə bağlı bir neçə şübhəli şəxsin kimliyinin müəyyənləşdirilməsini istəyir. “İstintaq işilə tanış olan” və agentliyin adını açıqlamadığı anonim müsahib deyib ki, Rusiya bu barədə Azərbaycana “beynəlxalq-hüquqi” yardımın göstərilməsilə bağlı müraciət göndərib.

Rusiyanın Mi-24 hərbi vertolyotu noyabrın 9-da Ermənistan üzərindən uçarkən Azərbaycan sərhədi yaxınlığında vurulub. İki ekipaj üzvünün ölümü, bir nəfərin yaralanması ilə nəticələnmiş bu hadisə Moskvanın vasitəçiliyilə Dağlıq Qarabağla bağlı sülh razılaşmasının əldə edilməsinə cəmi bir neçə saat qalmış baş verib.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisədən dərhal sonra gecə saatlarında Azərbaycan qoşunlarının vertolyotu təsadüfən vurduğunu açıqlayıb, Moskvadan üzr istəyib və kompensasiya ödəməyə hazır olduğunu bildirib.

Hadisədən bir neçə saat sonra Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyə 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsinin başa çatmasına gətirən bəyanat imzalayıb. Bəyanat əsasında Rusiya 2000-ə yaxın sülhməramlı qüvvəsini Dağlıq Qarabağ və ətraf ərazilərə göndərib.

Rusiyanın təyyarə qəzası barədə maddəni daha ağırına dəyişməsi Azərbaycan üzərində təzyiqi artırmaq məqsədli siyasi qərardırmı? Yoxsa, bu adi texniki məsələdir?
Azərbaycana təzyiq
Azərbaycan və Ermənistan arasında döyüşlərin dayandırılmasına Rusiyanın vasitəçilik etməsinə baxmayaraq, region üzrə təhlilçilər ikinci Qarabağ müharibəsinin nəticələrini Türkiyənin Qafqaza ordu ilə gəlişi kimi qiymətləndirir. Türkiyənin müharibə getdiyi müddətdə Azərbaycana dəstək verməsini və Rusiyanın bu məsələni sükutla qarşılaması Rusiyanın regionda təsirinin sarsıldığına dair təhlillərə yol açdı.

Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sülh bəyannaməsi imzalandıqdan sonra isə bəzi azərbaycanlı təhlilçilər bu sazişin bəzi maddələrini – xüsusilə də Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yerləşməsini Azərbaycana qarşı təhlükə kimi gördü. Bir çoxları Rusiyanın məqsədinə nail olduqdan sonra tərəflərə, bu ölkələrdə təsir gücünü artırmaq üçün təzyiqlər göstərə biləcəyini proqnozlaşdırdı.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovsa hesab edir ki, bu məsələnin arxasında “açıq-aşkar hansısa siyasi istək və maraqlar dayanır”. Onun fikrincə, Azərbaycana münasibətdə Rusiya siyasi dairələrində fərqli yanaşmalar var.

“Müharibə vaxtı xarici işlər nazirlərinin görüşü oldu və heç bir nəticə əldə olunmadı. Ancaq Rusiya Prezidenti bu məsələ ilə məşğul olanda nəticə əldə olunub. Yəni, biz görməliyik ki, orada bir neçə xətt var və bu xətlər eyni istiqamətdə deyil. Heç Rusiya-Türkiyə əməkdaşlığı da hamının xoşuna gəlmir. Rusiyada da, Türkiyədə də müxalif mövqedə olan şəxslər var, Ermənistanda xüsusilə bunu qəbul etmirlər və Qərbdə də bu əməkdaşlığı istəməyənlər var”.

“Siyasi qərar deyil”

Siyasi təhlilçi Fuad Şahbazov Rusiya hüquq-mühafizə orqanları tərəfindən “qəsdən adamöldürmə kimi” qiymətləndirilməsinin siyasi qərar olma ehtimalını tamamilə təkzib edir.

“Vertolyot vurulduğu andan etibarən Azərbaycan dövlət səviyyəsində bunu qəbul edərək üzrxahlıq etdi. Kompensasiya da ödəməyə hazır olduğunu bildirdi. Rusiya da bu üzrxahlığı qəbul etdi. Daha sonra Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da açıqlama verərək “Azərbaycan dərhal üzrxahlıq etdiyinə görə biz bu üzrü qəbul etdik” dedi. İndi düşünürəm ki, bunun sırf cinayət işinə kvalifikasiya olunması daha çox formal, yəni, Rusiyada ictimai rəyi nəzərə alaraq atılmış addımdır”.

Fuad Şahbazov hesab edir ki, müharibə bitdikdən sonra bəzi Azərbaycana qarşı olan ekspertlər narahatlıq bildirdikləri üçün, bu, “iki ölkənin ortaq qərarı olub”.

“Bu, Azərbaycan və Rusiyanın bu məsələni sona çatdırmaq üçün və ictimai rəyə təqdim etmək üçün ki, vertolyot məsələsinə görə filan-filan şəxslər cəzalandırıldı, verdiyi ortaq qərardır,” – cənab Şahbazov deyir.

Təhlilçi həmçinin hesab edir ki, Azərbaycan bu məsələdə günahı olan hərbi qulluqçuları ekstradisiya etməyəcək. Bu, birmənalıdır və müzakirə olunmur”.

“Sadəcə Rusiya tərəfinin hüquq-mühafizə orqanları Azərbaycan tərəfinə lazımi sənəd və materialları göndəriblər ki, onlar tanış olsun və Azərbaycan qanunvericiliyi ilə həmin günahı olan şəxslər cəzalandırılsın. İlham Əliyevin də qeyd etdiyi kimi günahkarlar qanunvericilik çərçivəsində cəzalarını alacaqlar”, təhlilçi belə hesab edir.

Azərbaycanın xarici siyasət idarəsinin keçmiş rəhbəri Tofiq Zülfüqarov noyabrın 9-da təyyarənin vurulması ilə bağlı bəzi məsələlərin açıq qaldığını düşünür.

Deyirlər ki, vertolyot hansısa kolonu müşaiyət edirdi. Ancaq kolonun ordan keçmək məqsədinin açıqlamasını biz görməmişik. İkincisi texniki baxımdan vertolyotun hərbi kolonu müşaiyət etməsi hərbi cəhətdən mürəkkəb məsələdir. Vertolyotun sürəti onun yerə düşməməsi üçün saatda azı 250 kilometr olmalıdır, ancaq kolonun sürəti o yollarda 25-30 kilometr olacaq. Bu baxımdan uyğunsuz məsələlər də çoxdur. Hesab edirəm ki, bu, daha çox siyasi təxribata oxşayan məlumatdır”.

Siyasi şərhçi Şahin Cəfərli isə deyir ki, vertolyotun vurulması müəmmalı olduğu üçün bu haqda “qəti və birmənalı münasibət” bildirmək mümkün deyil.

“Konkret istintaqa gəldikdə, əvvəl daha yumşaq maddə ilə cinayət işi açılmışdı, indi maddəni dəyişiblər və qəsdən adam öldürmə ilə davam edir cinayət işi. Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələni aparmaqda maraqlı olmalıdır. Hadisəni kimlər törədib? Açığı hələ məlumatım yoxdur ki, bizim hərbi prokurorluq, istintaq orqanlarımız bu barədə araşdırma aparır, ya yox”.

Təhlilçi Azərbaycanın bu məsələni Rusiyanın öhdəsinə buraxmamalı olduğunu düşünür.

Tofiq Zülfüqarov Konstitusiyanı əsas gətirərək, hansısa məsuliyyətə görə, Azərbaycan vətəndaşının digər ölkəyə verilməsini istisna edir. O hesab edir ki, Azərbaycan tərəfi həm də istintaqda iştirak etməlidir.

/ovqat.com/