“Rusiya artıq bölgədə təkbaşına “at oynada” bilməz”

Azərbaycanın Qarabağ Müharibəsindəki möhtəşəm qələbəsindən sonra keçən müddət ərzində baş verən hadisələr bir anlığa da olsa sayıqlığımızı itirməməli olduğumuzu göstərir. Hazırda bölgədə durum kifayət qədər həssasdır. Rusiya sülhməramlılarının bölgəyə gəlişi və buradakı fəaliyyəti əsaslı narahatçılıqlara səbəb olub. Bununla yanaşı, türk hərbçiləri artıq Bakıdadır və bir neçə gündən sonra Ağdamda birgə Monitorinq Mərkəzi işə başlayacaq. Bundan sonra regionda hansı perspektiv gözlənilir və Azərbaycan nələrə hazır olmalıdır?

“AzPolitika.info” bu mövzu ətrafında Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayılla söhbətləşib:

– Toğrul bəy, artıq Türkiyə Silahlı Qüvvələrinin 60 nəfərdən ibarət hərbi personalı Bakıdadır və onlar yaxın günlərdə Ağdamda atəşkəsə nəzarət məqsədilə Monitorinq Mərkəzində fəaliyyətə başlayacaqlar. Sizcə, bu, nəyi dəyişəcək və bu mexanizm erməni hərbi birləşmələrinə və rus sülhməramlılarına nəzarət etməyə imkan verəcəkmi?

– Birincisi, türk ordusunun Azərbaycanda olması çox əhəmiyyətlidir. Sözsüz ki, Azərbaycan müstəqil dövlətdir, bayrağı BMT-də dalğalanır. Yəni suveren dövlət olduğu üçün istədiyi dövləti öz ölkəsinə dəvət edə bilər. Amma burada bir əhəmiyyətli məqam var. Bildiyiniz kimi, uzun müddət Rusiya “bu bölgədə mən hakiməm” deyirdi və Qarabağ məsələsində Minsk Qrupunun həmsədrlərini belə yaxına buraxmırdı. Həm də Rusiya zatən bölgədə var idi, o cümlədən də Qarabağda. Bəzən deyirlər ki, ruslar sülhməramlı adı altında Qarabağa gəldi, yerləşdi və s. Ruslar onsuz da Qarabağda vardı və biz bunu bilirik. Amma bununla birlikdə, Rusiyanın Türkiyənin burada mövcudluğunu qəbul etməsi və Monitorinq Mərkəzində Türkiyənin varlığı ilə hesablaşması önəmli məsələdir. Bəlkə də, bu proses yeni olduğundan biz bunu anlamırıq. Mənə görə bu, çox böyük hadisədir. Təxminən 102 il əvvəl Nuru Paşanın Qafqaz İslam Ordusu ilə Azərbaycana gəlməsi, Bakını işğaldan azad etməsi, Azərbaycan torpağının bütünlüyünü təmin etməsindən uzun illər sonra türk ordusunun yenidən Azərbaycanda olması çox simvolik və əhəmiyyətli hadisədir. Bunu anlamaq lazımdır.

İkincisi, türk hərbi personalının qatılması nəticəsində oradakı fəaliyyət artıq beynəlxalq müşahidəçi statusu daşıyır. Rusiya artıq həmin bölgədə təkbaşına “at oynada” bilməz. Bu, həm də bəzən bizim Azərbaycan vətəndaşlarının da narahatlığına səbəb olan Qarabağdakı ermənilərin bez parçasının aradan qaldırılması deməkdir. Yəni bu nəzarət o deməkdir. Eyni zamanda bu, bölgədə ermənilərin terror qruplarının varlığı və rusların buna göz yumması imkanının da minimuma endirilməsi deməkdir. Bu da olduqca vacib məsələdir.

Üçüncüsü, bir dövlətin ərazisində başqa bir ölkənin əsgərinin olması çox mübahisəli məsələdir. Xüsusilə, Rusiya kimi dövlətin sülhməramlı adı altında bölgəyə girməsi. Cənubi Osetiya, Abxaziya, Krım, Dnestryanı kimi bölgələrdə rus sülhməramlılarının necə davrandığı bəllidir. Azərbaycan Ordusunun və dövlətinin gücü kifayət edər ki, müstəqilliyini qorusun, eyni zamanda, türk ordusunun varlığı ilə birlikdə Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün təminatı daha güclüşəkildə qarantiya altına alınmış olur. Yəni neqativ risklər bu baxımdan minumuma endirilmiş olur.

Bu üç aspektdə məsələyə baxsaq, Azərbaycanın Ağdamda Montorinq Mərkəzinin fəaliyyət göstərməsinə dair qərarı, mənə görə, doğru qərardır.

– Prezident Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl Azərbaycanda olan türk əsgərlərinə xitabən maraqlı açıqlaması oldu. O, eyni zamanda Ermnistana xəbərdarlıq etdi. 2020-ci ilin dekabrın 31-də isə Milli Müdafiə naziri Hulusi Akar Bakıya səfər edərək bir daha Azərbaycanın yanında olduqlarını elan etdi. Sizcə, Türkiyə bununla hansı mesajları verir?

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması olduqca ciddi mesajdır. Qeyd edim ki, dekabrın 27-də Hadrut istiqamətində erməni terrorçuları təxribat törədib və Azərbaycan əsgərini şəhid ediblər. Digər tərəfdən, Xankəndidəki separatçıların və Ermənistanın ritorikasında revanşist fikirlərin ortaya atılması, daha da önəmlisi – rus sülhməramlılarının qanunsuz erməni hərbi birləşmələrinin tərkisilah edilməsində maraqlı olmaması kimi hallar müşahidə edilir. Hesab edirəm ki, Prezident Ərdoğanın məlum bəyanatı və xəbədarlığı bu kontekstdə əhəmiyyətli mesaj kimi qəbul edilməlidir.

Bunlarla yanaşı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə yüksək çinli hərbçilərin Bakıya səfəri bir daha göstərir ki, Türkiyə hər imkanı, xüsusilə də hərbi gücü ilə Azərbaycanın yanında yer alır və Azərbaycana qarşı olası təxribatlara sərt reaksiya davam edəcək. Onsuz da, Azərbaycan baş verən təxribatlara haqlı olaraq sərt reaksiya göstərir. Türkiyə isə bir daha ifadə edir ki, belə təxribatlar qəbuledilməzdir və hər zaman Azərbaycanın yanında duracaq. Həm də mesaj verilir ki, Türkiyə 2021-ci ildə erməni silahlı dəstələrinin tərkisilah edilməsi prosesinin sürətləndirilməsinə ümid edir.

Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, bunu etmək üçün lazım olan qrupların hazırlanması, onlara təcrübə keçirilməsində Türkiyə də iştirak edir. Bu da az əhəmiyyətli məsələ deyil.

 

– Sizcə, Monitorinq Mərkəzində ruslar və türklər səmimi və konstruktiv şəkildə əməkdaşlıq edə biləcəkmi, yoxsa burada problemlərin ortaya çıxması ehtimalı var?

– Əlbəttə ki, belə məsələlər səmimiyyətlə ölçülmür. Bu kimi fəaliyyətlər qarşılıqlı razılaşmalar, müştərək qərarlarla tənzimlənir. Çünki bu, hərbi-siyasi məsələdir. Bu səbəbdən də düşünürəm ki, problem olmayacaq. Nəzərə alın ki, bundan əvvəl də Rusiya və Türkiyə hərbçilərinin Suriyada və digər ərazilərdə birgə əməkdaşlıq təcrübəsi var.

– Yəni Siz problem görmürsünüz…

– Problemsiz heç bir iş yoxdur. Ən böyük problem o ərazilərdə qanunsuz silahlı birləşmələrin olması və onların tərkisilah edilməməsidir. Ermənilərin məkirli niyyətlərinin tamamilə ortadan qalxmamasıdır. Proses davam edir. Hələ demarkasiya işləri aparılır, Ermənistanla sülh razılaşması əldə edilməyib. Ermənistan hələ Azərbaycanın ərazi bütövlüyünü tanıyan razılaşmaya imza atmayıb. Bu cür məsələlər qaldıqca, problemlər də olacaq. Üstəlik bunlar heç də kiçik məsələlər deyil.

– Sizcə, nədən indiyə qədər sülhməramlılar həmin ərazilərdəki qanunsuz silahlı birləşmələri tərkisilah etməyib və bundan sonra bunu edəcəyini gözləməyə dəyərmi?

– Burada subyektiv və obyektiv yanaşma var. Birincisi, bu qrupları silahlandıran Rusiyanın özüdür. Onları dəstəkləyən də, onlara məsləhətlər verən də Rusiyadır. Bildiyim qədər bunu Rusiyanın özü də gizlətmir. Amma Rusiyanın birdən-birə özünün hazırladığı, yetişdirdiyi qruplara qarşı siyasətində 180 dərəcə dönüş yaratması çətin məsələdir. Putin razılaşmaya imza atıb, amma bu proseslərə sadəcə Putin nəzarət etmir. Məsələn, Rusiya ilə Türkiyə arasında da böhran vardı və bu böhranın həlində bürokratik məsələlər əngəllər yaradırdı. Bu səbəbdən Rusiya və Türkiyə dövlət başçıları görüşmək qərarına gəldilər. Məqsəd ən yüksək səviyyədə görüşərək, problemi həll etmək idi. Bu, məsələnin subyektiv tərəfidir.

Obyektiv tərəfi isə odur ki, belə qanunsuz silahlı dəstələr çoxdur. Birdən-birə onların hamısını tərkisilah etmək Rusiya üçün də çətin məsələdir. Burada risk elementləri olduqca çoxdur. Onların dərhal silahsızlaşdırılması və Azərbaycana təslim edilməsi Rusiyanın bölgədə var olması sualını ortaya çıxaracaq. Odur ki, Rusiya da bu prosesi sürətlə deyil, öz maraqları çərçivəsində tədricən həll etməyi daha uyğun görür. Amma Türkiyənin də prosesə qatılması ilə birlikdə bu məsələlər bir qədər sürətlənəcək. Ümumilikdə bu, uzun bir prosesdir və inanıram ki, bu məsələdə Azərbaycan tərəfi Türkiyə ilə birlikdə doğru diplomatik addımlar atmaqla, Rusiyanı inandıraraq məsələnin sürətlə həll edilməsinə nail olacaq.

– Xankəndidəki separatçılar, eləcə də İrəvandakı bir çox siyasətçilər və hərbçilər arasında müharibənin başa çatmadığı, üçüncü Qarabağ müharibəsinin olacağı haqda fikirlər getdikcə çoxalır. Qarabağda yeni müharibə perspektivlərini görürsünüzmü?

– Bu səpkili açıqlamaların olması onu göstərir ki, erməni siyasi elitası dar düşüncəli, öz xalqını fəlakətə aparmağa hazır olan avantürist elitadır. Bugünkü şərtlərdə üçüncü Qarabağ müharibəsi bir dövlət kimi Ermənistanın yox olması deməkdir. Niyə? Ermənistan ərazilərimizi işğal etdiyi 25-30 illik müddətdə nə özü inkişaf etdi, nə də nəzarətdə saxladığı əraziləri inkişaf etdirə bildi.

Yəni işğal edilən bölgələri istismar etsə də, heç bir inkişafa nail ola bilmədi. Hətta Xankəndidəki mülki ermənilərə belə yüksək yaşam rifahı yarada bilmədi. Diqqət edin, ordumuz bu əraziləri təmizlədikdən sonra bizlər nələr gördük? Müdafiə xətləri, istehkamlar, səngərlər. Bu, nə deməkdir? Ermənilər bu ərazilərin onların olmadığını anladıqları üçün daim müharibə şəraitində olublar. Biliblər ki, əvvəl-axır oraya Azərbaycan türkləri gələcək. Digər tərəfdən, orada yaşayan ermənilər SSRİ dövründə nəinki Azərbaycanda, bütövlükdə ittifaqda daha yüksək rifah halında yaşayan vətəndaşlar olublar. Ancaq onların indiki durumuna baxın – nə əhali artımı, nə sosial-iqtisadi, nə də ictimai-mədəni inkişaf baxımından heç bir irəliləyiş olmayıb. Əksinə, səfalət və kasıbçılıq var. Mülki insanların rifah halını bir kənara buraxın, hətta Azərbaycanla müqayisə etdikdə hərbi texnikaları belə çox geridə qalmışdı, ötən əsrin 60-cı illərinə aid idi. Elə ordu zehniyyəti də həmçinin.

Ordusu 44 gün ərzində dağıdılan, milyardlarla dollar zərər görən Ermənistanın üçüncü müharibəyə qalxması ağılsızlıqdır, amma düşünürəm ki, ermənilər bunu edə bilərlər, ağılları ora qədərdir. Lakin məntiqlə baxdıqda bu, Ermənistanın dövlət olaraq yer üzündən silinməsi mənasını verir. Onsuz da, bu müharibədə nə qədər insan itirdiklərini gizlətdilər. Ölənlər isə iş qabiliyyəti olan insanlardır. Bu, eyni zamanda böyük demoqrafik boşluq deməkdir.

SSRİ bunu 1941-1945-ci illər müharibəsi zamanı yaşadı və bunun nəticələrini 1970-1980-cı illədə gördü. Ən sonunda bu zəif ölkənin milyardlarla dollar itirməsi, iqtisadi baxımdan da bitmək deməkdir. Bu mənada əgər Ermənistan tərəfi intihar etmək istəyirsə, buyurub üçüncü müharibəyə başlasın.

/AzPolitika.info/