Prezident “Qarabağ Dirçəliş Fondu” yaratdı-FƏRMAN

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

KANAL32.az sözügedən fərmanın mətnini təqdim edir:

1. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir;

2.2. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır;

2.3. Fondun fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

3. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

3.1.2. Fondun strukturunun təsdiqi;

3.1.3. Fondun idarəetmə orqanlarının yaradılması;

3.1.4. Fondun Müşahidə Şurası üzvlərinin, İdarə Heyəti sədrinin və sədrin iki müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.1.5. Fondun ləğvi və yenidən təşkili;

3.2. Fonda:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Fondun vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

4.1. fiziki və hüquqi şəxslərin ianələri;

4.2. qrantlar;

4.3. qanunla qadağan olunmayan digər mənbələr.

5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 15 gün müddətində Fondun nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Fondun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

6.2. dövlət qeydiyyatına alındığı gündən Fondun inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Müəyyən edilsin ki, Fond dövlət qeydiyyatına alınanadək bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulmuş vəsait Fondun xüsusi xəzinə və bank hesablarında toplana bilər.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

8.1. Fond fəaliyyətə başlayanadək bu Fərmanın 7-ci hissəsinə uyğun olaraq Fondun vəsaitinin xüsusi xəzinə və bank hesablarında toplanmasını təşkil etsin;

8.2. Fondun fəaliyyətinin təşkili və təmini üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun;

8.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru

Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.

Kanal32.az