İcra hakimiyyəti ödənilməyən maaş qalmaqalına aydınlıq gətirdi-VİDEO

Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində yaranan problemlərə və ödənilməyən əmək haqlarına aydınlıq gətirib.

30 dekabr 2020-ci il tarixdə “Kanal32”-nin efirində “Mingəçevirdə işçilər aylardır maaş ala bilmir, icra başçısının isə…”sərlövhəli videomaterial yayımlanmışdı.Videomaterialda gündəmə gətirilən əsas mövzu Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nəzdində fəaliyyət gösətən Mənzil İstismar Sahələrində çalışan bir qrup Nəzarətçinin əmək haqqı problemi olub. “Kanal32”nin redaksiyasına müraciət edən  xanımlardan ibarət 13 nəfər (əslində bu qəbildən olan işçilərin sayı çoxdur) bildirib ki, onlar 9 aya yaxındır ki, maaş ala bilmirlər. Hətta, bəzilərinin 2018-2019-cu illərdən qalan əmək haqları var. Səbəb kimi isə idarə rəisi Qürbət Məmmədovun biganə münasibətini, kommunal xidmətlərə görə sakinlərdən yığılan pulların azlığını və həmin maliyyənin idarə tərəfindən aidiyyatı üzrə yönləndirilmədiyini göstəriblər.

Ona görə də, əmək haqqı ala bilməyən işçilərin müraciəti əsasında Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin fəaliyyəti tərəfimizdən tənqid edilib. Lakin Mingəçevir Şəhər İcra Hakimiyyəti videomaterialda səsləndirilən tənqidi fikirlərin əksəriyyəti ilə razı olmadıqlarını, dəqiqləşdirilməsi vacib olan halların araşdırılmasını bildiriblər və “Kanal32” Media Şəbəkəsinin redaksiyasına rəsmi məktub ünvanlayıblar.

Rəsmi məktubda qeyd olunub ki, ərazidə yaşayan əhalinin bir qismi, eləcə də kommersiya və qeyri dövlət təşkilatlarının bəziləri cüzi məbləği təşkil edən  xidmət haqlarının və rüsumları vaxtlı vaxtında ödəməmişlər və 2020-ci ilin 9 ayının nəticəsinə əsasən bu müddətdə olan daxilolmalar yalnız 51 % təşkil etmişdir. Yaranmış əsas səbəb idarənin ştat cədvəlində olan lüzumsuz vəzifələrdə çalışan işçilərin sayının həddindən artıq olmasıdır. Məsələ dəfələrlə idarə aparatında müzakirə olunmasına və vəzifəsinin öhdəsindən gələ bilməyən işçilərin cəzalandırılmasına baxmayaraq, idarə rəhbərliyi vəziyyətin nizamlanmasına nail ola bilməmişdir.  Həmin işçilərin əmək haqlarının verilməsi üçün maliyyə vəsaitinin əldə olunmasına köməklik göstərilməsi ilə əlaqədar Mərkəzi İcra Hakimiyyət orqanlarına,  Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək haqlarının verilməsi üçün müraciətlər olunmuş və imkanlar axtarılmışdır. Məsələ bir neçə dəfə şəhər İcra Hakimiyyəti Başçısının yanındakı müşavirələrdə, şurada müzakirə edilmiş, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəhbərliyinə bu barədə işləri lazımi səviyyədə görə bilmədiyi üçün intizam tənbehi tətbiq edilmişdir.

Biz də redaksiya olaraq Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin tabe olduğu Mingəçevir Şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayevlə  problemin əsl mahiyyətiniə, yaranma səbəblərinə və bundan sonrakı vəziyyətə aydınlıq gətirmişik.

Həmin müsahibəni təqdim edirik:

 

Onu da qeyd edək ki, yaranmış mövcud vəziyyətlə bağlı “Kanal32”nin redaksiyası ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti arasında yaranmış bəzi anlaşılmazlıqlar aparılan müzakirələr zamanı aradan qaldırılıb və problemin əsl mahiyyətinə aydınlıq gətirilib. Eyni zamanda bildirilib ki, əmək haqları ödənilməyən işçilərin problemlərinin həlli istiqamətində Kommunal Təsərrüfat İstehsalat Birliyi müvafiq addımlar atır.

Kanal32.az