Suqovuşana bayrağımızı sancan Xüsusi Təyinatlı-FOTOLAR

“Bayrağımızı Suqovuşana asmaq həm məsuliyyətli, həm gözəl, həm də şərəflidir. Döyüş başlamazdan əvvəl bayraq məndə idi, ora gedib çatanda biz həmin Talış istiqamətindən meşə ilə hərəkət etdik, 4 günə yaxın meşədə qaldıq.Yorğun şəkildə gəlib Suqovuşanın üstündəki hündür bir yüksəkliyə çatdıq. Komandir dedi ki, aşağı 4 nəfər düşüb, bayrağı asmalıdır”
Kanal32.az-ın məlumatına görə,bunu Moderator.az-a Suqovuşana bayrağımızı sancan qəhrəmanımız İlkin Fərzəliyev deyib.  Xüsusi təyinatlı qüvvələrdə xidmət edən İlkin vətən müharibəsi dövründə bir sıra yaşayış məntəqələrimizin, strateji yüksəkliklərin işğaldan azad olunmasında böyük məharət göstərib. Qəhrəmanlarımız 3 rəngli müqəddəs bayrağımızı vətən torpaqlarına sancmaq üçün şərəflə vuruşdular. İlkin daha sonra əlavə edib.
 
“Komandirə dedim ki, mənim üstümdə bayraq var, dedi ki, düş aşağı as. Mənimlə birlikdə aşağı 3 döyüşçü yoldaşım da düşdü. Biz ora ağır şərtlər qarşılığında düşdük. Nə cəhətdən ağır şərt? Çünki bayraq asılan yerdən, mənim arxa hissəmdən 1500-1800 metrlikdə ermənilər təpənin üstündə dayanmışdı. Yəni orda ermənilərin olduğunu bilirdik.
Bizə elə gəlirdi ki, bu torpaqlar 28 ildir xilaskarlarının yolunu gözləyirdi. O torpaqlara ayaq basdığımız an sanki torpaq sanki səni özünə çəkirdi. Neçə illərdir bizim həsrətlə baxdığımız kimi inanın ondan da böyük həsrətlə o torpaqlar bizi gözləyirdi” – deyə qəhrəmanımız bildirib.
/moderator.az/