Hadrutda nə baş verir və nəyə hazır olmalıyıq?-POLKOVNİK…- VİDEO

“Sülh sazişinin şərtlərinə uyğun olaraq, Azərbaycan Ordusu hansı bölgəni döyüş yolu ilə azad edibsə, orada birbaşa nəzarət bizim ixtiyarımızdadır. Bunu xəritəyə baxdıqda da görmək mümkündür”.

Kanal32.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik Elmar Hüseyn deyib. O, xəritə üzərindən Hadrutda baş verən hadisələri ətraflı şəkildə izah edib:

“Xankəndində yerləşən qondarma rejimin qalıqları Ermənistan dövlətindən güc alaraq meşələrdən, dağlardan sızıb, Hadrut rayonunda dekabrın əvvəlində və axırında təxribat törətməyə nail oldular.

Xocavənd və Hadrut rayonu birbaşa olaraq Azərbaycan Ordusunun nəzarətindədir. Ermənilər bunu həzm edə bilmir. Düşünürəm ki, aprel-may aylarında onlar yenə təxribata cəhd edəcəklər. Biz hərb yolu ilə təkcə ətraf rayonları deyil, həmçinin, keçmiş Dağlıq Qarabağın bir çox ərazisini işğaldan azad etdik. Təkcə Şuşanın hərb yolu ilə işğaldan azad edilməsi hərbi gücümüzün göstəricisidir. Həmçinin, Şuşanın azadlığı bizə Dağlıq Qarabağa birbaşa nəzarət etməyə imkan verir”.

Ekspertin sözlərinə görə, rus sülhməramlıları ilə ortaq nəzarət edilən ərazilərin olması o demək deyil ki, orada ermənilər istədikləri kimi davrana biləcək:

“Biz atəşkəsə, sülh razılaşmasına ona görə razı olduq ki, istər Rusiya, istərsə də digər ölkələr Azərbaycanın həm sülhə, həm də müharibəyə hazır olduğunu görsün. Amma təkrar edirəm, bu, o demək deyil ki, ermənilər Rusiya ilə ortaq nəzarət bölgələrində “at oynada” biləcək. Istənilən təxribata Azərbaycan dövləti və ordusu tərəfindən ən ağır şəkildə cavab veriləcək”.

 Redaktor.az