Professor Leyla Gərayzadə xalqımızın birliyindən yazdı

Bu il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar. Dövlətimizin başçısı yol boyu düşmənin dağıtdığı kəndlər barədə məlumat verib, Qubadlı və Zəngilan rayonlarının mərkəzlərində şanlı üçrəngli bayrağımızı ucaldıb, igid əsgər və zabitlərimizlə səmimi görüşlər keçirib, ikinci Qarabağ müharibəsində rəşadətli ordumuzun parlaq uğurlarından fəxrlə bəhs edibdir. 

Televiziyadan izlədiyim kadrlar ölkəmizin hər bir sadə vətəndaşı, alimi, ziyalısı kimi  mənim də qəlbimdə sonsuz sevinc və qürur hissləri doğurdu. Çox, lap çox sevindim. Allah müzəffər Ali Baş Komandanımızı, rəşadətli Azərbaycan Ordusunu, bütün xalqımızı qorusun! Bu, bir parlaq həqiqətdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarix yazdı. Bu şanlı günlərin şahidi olmaq, ağır sınaqlardan üzüağ çıxan bir xalqın ziyalısı olmaq böyük səadətdir.
Möhtərəm Prezidentimiz yol boyu erməni faşistlərinin törətdiyi vəhşiliklərdən hiddət və qəzəblə söz açırdı: “Baxın, ağacları necə qırıblar. Baxın, vəhşi düşmən neyləyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər?”
Bu sözləri xalqını, dövlətini sonsuz məhəbbətlə sevən, ona yüksək sədaqətlə xidmət edən cənab İlham Əliyev kimi görkəmli dövlət xadimi deyə bilərdi!  Bu gün xalqımızın sevimli lideri möhtərəm Prezidentimiz dünyanın ən müdrik siyasətçilərindəndir. Biz müstəqil Azərbaycanın lideri ilə sonsuz qürur duyuruq!
Cənab İlham Əliyev son günlər Qərbin bir sıra siyasi dairələrində xalqımızın haqq işinə şər və böhtan atanlara  qarşı çox prinsipial və qətiyyətli mövqe sərgilədi: “Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər, açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır”.
Bəli, Azərbaycanı yox, işğalçı Ermənistanı ittiham etmək lazım idi. Təcavüzkara öz layiqli yerini göstərmək lazım idi. Bunun əvəzinə Azərbaycana qarşı haqsız və ədalətsiz iddialar irəli sürmək heç bir məntiqə və sağlam düşüncəyə sığmır. Nə qədər gec deyil, düşünsünlər, özlərini biabır etməsinlər. Ermənilərin məkr  və hiylələrinə uyanlar tarix boyu sonda peşman olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndindəki hərbçilərlə görüşü mənə xüsusilə unudulmaz təsir göstərdi. Cənab İlham Əliyev əsgərlərimizə müraciətlə dedi ki, bura ermənilərin bizim qədim kəndimizdə saldığı bir qəsəbədir. Bizim evlərimizi söküb, ondan sonra da xaricdən gələn ermənilərin pulu ilə bu qəsəbə salınıb. İndi biz burada yaşayırıq. Siz burada məskunlaşmısınız, xidmət göstərirsiniz. Biz öz doğma torpaqlarımıza qayıtmışıq. Bu torpaqları döyüş meydanında azad etmişik. Düşməni öz torpaqlarımızdan qovmuşuq, bax, sizin kimi əsgərlərin sayəsində. Bütün dünya gördü ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti nəyə qadirdir.
Ali Baş Komandanın qəlbindən dilinə axan bu sözləri dinləmək nə qədər xoşdur! Bəli, Azərbaycan əsgəri erməniləri torpaqlarımızdan qovub, Azərbaycan xalqının ən böyük arzusunu yerinə yetirib. Ədalət zəfər çalmışdır!
Bu il dekabrın 10-da Bakıda möhtəşəm Zəfər paradı keçirildi. Azərbaycan və Türkiyə prezidentlərinin tədbirdə parlaq çıxışları bir an belə yadımdan çıxmır. Azərbaycan və Türkiyə xalqlarının dostluğu və qardaşlığı əbədidir. Bu sarsılmaz birliyi heç bir qüvvə sarsıda bilməz!
Azərbaycan Prezidenti vurğuladı ki, Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir.
Ulu öndər Heydər Əliyev vaxtilə demişdir ki, Azərbaycan bütün dünyaya Günəş kimi doğacaq. Bu gün bu böyük arzu, gözəl məram həqiqətə çevrilmişdir. Nə gizlədim, bu sözləri yazarkən, qəlbim köksümə sığmır. Uca səslə bir daha deyirəm: Şanlı, şərəfli Azərbaycanın vətəndaşı olmaq böyük səadətdir!

Leyla GƏRAYZADƏ,
Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru