Eyyubovu Rusiya Kəşfiyyatının direktoru ilə hansı əlaqələr bağlayır?

Bir neçə gün əvvəl Rusiyanın “Proyekt” nəşri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narışkinin Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovla şəxsi əlaqələrinə dair araşdırma dərc etmişdi. 

Həmin materialda guya Narışkinin Rusiyadakı Azərbaycan diasporu ilə sıx əlaqəsinin olduğu iddia edilib.

“Proyekt”-in yaydığı məlumatda göstərilir ki, Narışkinin Eyyubovun ailəsilə yaxın münasibətləri var. İddia olunur ki, Eyyubovun Moskvada biznesi olan qudası – iş adamı Elman Bayramovla Serqey Narışkinin bağ evləri qonşuluqda yerləşir və onların dostluq münasibəti var.

Qeyd edilir ki, məhz Elman Bayramov Narışkini yəhudi əsilli azərbaycanlı milyarder Qod Nisanovla tanış edib. Və həmin vaxtdan etibarən Narışkin tez-tez Nisanovun kabinetində görünür, onun qonağı olur.

Materialda həmçinin bildirilir ki, guya Narışkinin ailəsi Nisanovun şəxsi təyyarəsində xarici ölkələrin birinə istirahətə gedib, həmçinin, həmin təyyarə ilə Bakıya gələn Narışkinin qızı 30 yaşını Azərbaycan paytaxtında qeyd edib.

Daha sonra qeyd olunur ki, Qarabağ Müharibəsinin davam etdiyi günlər ərzində Serqey Narışkin Moskvada Y.Eyyubovun ailə üzvlərindən biri ilə istirahət edib. Söhbətin Eyyubovun qudası E.Bayramov və milyarder Q.Nisanovdan getdiyi ehtimal olunur.

Bütün bu və digər iddialarla bağlı ermənipərəsət jurnalistlərdən biri Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskova sual ünvanlayıb.

Peskov deyib ki, bu məlumatlar Putini maraqlandırmayib: “Vladimir Putini guya Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narışkinin Azərbaycan diasporu ilə əlaqələri olduğuna dair məlumatlar maraqlandırmayıb.”

Eyni sualı təkrarlayan jurnalistə cavabında Peskov “xeyr, prezidenti maraqlandırmır” deyə cavab verib və bu məsələnin hər hansı formada müzakirə olunmadığını söyləyib.

Göründüyü kimi, Rusiyanın ermənipərəst mətbuatı bu ölkənin əksər iri ranqlı məmurlarının və siyasətçilərinin erməni diasporunun varlı nümayəndələrilə açıq-aşkar alış-verişlərini, biznes və digər münasibətlərini müzakirə etmədiyi halda, Azərbaycan diasporunun istənilən addımına qısqanclıqla yanaşır və ona qarşı müxtəlif səpgili “kompramat savaşı” aparmağa çalışır.

/ AzPolitika.info