“Zəngəzur vilayəti yenidən yaradılsın”

Təklif edirəm ki, Azərbaycanın tarixi Zəngəzur vilayəti yenidən təsis edilsin. Vilayət mərkəz olaraq da yeni Zəngəzur şəhəri salına bilər. Bu, ermənilərə son 100 ildə vuracağımız ən böyük zərbə olar. Beləcə onlar Qarabağın dərdini qoyub Zəngəzurun dərdinə düşərlər.

Kanal32.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Ərciyəz Universitetinin professoru, Qərbi Azərbaycan (İrəvan) Türk Respublikasının təsisçisi Qafar Çaxmaqlı deyib.

Q.Çaxmaqlı bildirib ki, Azərbaycanın tarixi torpağı olan Zəngəzur vilayətinin bir hissəsi bu gün bizdədir:

“Azərbaycanın tarixi Zəngəzur vilayəti Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri), Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. Bu vilayətin də dağlıq-aran kimi bölgələri olub. Müzəfər Ordumuzun düşmən üzərində şanlı qələbəsi ilə vaxtı ilə Zəngəzur vilayətinin bir parçası olan Zəngilan, Qubadlı və Laçın, eyni zamanda Qafan şəhəri və yerli hava limanı üzərində ərazi və yüksəkliklər Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçdi.

Təklif edirəm, işğaldan azad edilən və bir zamanlar tarixi Zəngəzur vilayətinin inzibati vahidinə daxil olan Zəngilan, Qubadlı və Laçın Zəngəzur vilayətində birləşdirilsin. Bu təklifin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti olacaq.

Məsələnin tarixi əhəmiyyəti ondan ibarətdir ki, biz gələcəkdə tarixi Zəngəzur vilayəti, onun tarixi inzibati ərazisi etnik tərkibi haqda dünyaya həqiqətləri çatdıra biləcəyik. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndi, 91 kürd kəndi və ermənilərin köçürülməsi nəticəsində 81 erməni kəndi var idi. Lakin erməni vandalları tərəfindən 149 türk kəndinin böyük bir qismi dağıdılıb, hətta yer üzərindən silinib. Silinən ya da silinməyə üz tutan bu tariximizi yenidən canlandırmalıyıq.

Məsələnin siyasi tərəfi isə ondan ibarətdir ki, Azərbaycan bu yolla Zəngəzur məsələsini yenidən gündəmə gətirə bilər. Şübhəsiz, bu gün dünya ölkələrinin ərazi bütövlüyü tanınır və qəbul edilib. Lakin tarixi həqiqətlər və ədalət prinsipi də var. Zəngəzur vilayəti Azərbaycan xalqının iradəsi olmadan düşmənə verilib. Bu proseslər tarixi sənədlərlə də təsdiqlənib”.

Q.Çaxmaqlı deyib ki, işğaldan azad edilən torpaqlarımıza Böyük Qayıdış hərəkatında qərbi azərbaycanlılar da cəlb edilməlidir:

“Sevindirici haldır ki, bu gün işğaldan azad edilən ərazilərimizdə quruculuq işləri başlayıb və əminəm ki, qısa zamanda məcburi köçkünlərimizin dədə-baba torpaqlarına qayıdışını da görəcəyik. Lakin istərdim ki, işğaldan azad edilən ərazilərimizə, eyni zamanda tarixi Zəngəzur vilayətinin bir parçası olan ərazilərə qərbi azərbaycanlıların da könüllülk əsasında köçürülməsi təmin edilsin. Əminəm ki, Qərbi Azərbaycan həsrəti çəkən soydaşlarımız bu yolla həm dədə-baba torpaqlarına bir az daha yaxın ola, həm də vətənimizin dilbər guşəsi olan Qarabağımızın abadlaşdırılmasında, yenidən qurulmasında yaxından iştirak edə bilərlər”