“Ermənistan silahlı qüvvələrinin 80 %-i məhv edilib”

Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının videokonfrans formatında növbəti sammiti başlayıb.

Kanal32.az-ın məlumatına görə,Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Dövlət başçısı toplantıda nitq söyləyib: “Müharibənin nəticələri məlumdur: Azərbaycan beynəlxalq səviyyədə qəbul edilmiş ərazilərimizin əhəmiyyətli hissəsini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə çalıb”.

“Müharibə nəticəsində, bizdə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin potensialının 80 %-i məhv edilib. Azərbaycan üçün bu, Vətən, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, qəsbkarlıq müharibəsidir”, – dövlət başçısı bildirib.

Sammitdə liderlər MDB çərçivəsində siyasi, ticarət-iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə edirlər. Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə qarşılıqlı təsir məsələləri də nəzərdən keçirilir.

Bundan əlavə, liderlər aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparırlar.

İclasdan sonra MDB-nin gələcək inkişafı üçün yenilənmiş konsepsiya təsdiqlənəcək, BMT-nin yaradılmasının 75-ci ildönümü münasibətilə, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq barədə birgə bəyanatlar və bir sıra digər sənədlər qəbul ediləcək.

Qeyd edək ki, iclasa Özbəkistan sədrlik edir.