Şuşa dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək-VİDEO

Rəşadətli ordumuzun noyabrın 8-də işğaldan azad etdiyi Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı üçün hazırda gərgin iş gedir.

“Azərişıq” ASC şəhərə elektrik xətti çəkmək üçün işə başlayıb və mürəkkəb relyefə, qarlı-şaxtalı havaya baxmayaraq elektrik xəttinin çəkilməsinə başlayıb.Bu barədə məlumatı “Azərişıq”ASC-nin mətbuat xidməti yayıb.

KANAL32.az xəbər verir  ki, prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq Qarabağda” təxirəsalınmaz layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar yeni çəkilən xətlərin köməyi ilə elektriklə təmin olunub.

Şuşa şəhərinin elektriklə təmin olunması isə ən qısa vaxtda baş verəcək. Bunun üçün artıq mal-material göndərilib, yeni xəttin çəkilişi ilə bağlı işlər görülür. Dağ və meşəlik, həmçinin çətin relyefli ərazilər olmasına baxmayaraq “Azərişıq” ASC əməkdaşları qar və şaxtalı havada işlərini fədakarlıqla görür. Başqa bir təhlükə isə iş gedən ərazilərdə ermənilərin basdırdığı minalardır. Bu təhlükəni aradan qaldırmaq üçün ərazidə əvvəlcə mina axtaranlar işləyir. Müəyyən olunmuş marşrut üzrə ərazilər minalardan təmizlənir, daha sonra isə xətlərin çəkilişi həyata keçirilir. Mümkün olan ən qısa vaxtda “Şükürbəyli” yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunacaq.

Kanal32.az