İtaliya parlamentinin deputatları Ağdamda-FOTOLAR

İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.

Kanal32.az  AZƏRTAC-a istinadən xəbər verir ki, səfərin məqsədi nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər, cinayət izləri ilə tanış etmək olub.

Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər millət vəkilləri, rəsmi şəxslər müşayiət ediblər.

Nümayəndə heyəti Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Onlar burada ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər.

Əvvəlcə Ağdam məscidinə gələn qonaqlara məlumat verilib ki, 1993-cü il iyulun 23-də mühüm coğrafi mövqedə yerləşən Ağdam rayonunun 77 faizini – bir şəhər, 1 qəsəbə, 79 kəndi işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Ermənilər Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbirstanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Diqqətə çatdırılıb ki, digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan olunub, yandırılıb.

Daha sonra nümayəndə heyəti Ağdam Dram Teatrının binasının qalıqları önündə rayonun işğaldan əvvəlki görüntüləri və tarixi abidələrinin fotoları olan stendlərə baxıb.

İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato jurnalistlərə müsahibəsində burada müharibənin acınacaqlı nəticələrini, dəhşətli üzünü, dağıntıları gördüklərini bildirib. O qeyd edib ki, bundan təsirli görüntüləri görmək mümkün deyil. Burada bütün evlər, infrastruktur dağıdılıb. Azərbaycan dövlətinin və xalqının səyləri nəticəsində bundan sonra bu torpaqlara həyat qayıdacaq. Dağıdılmış evlər yenidən bərpa olunacaq, buralar iqtisadi cəhətdən yenidən inkişaf edəcək. İnanırıq ki, beş ildən sonra buraya gələndə tamamilə başqa mənzərə ilə qarşılaşacağıq.

İtaliya Senatının üzvü Adolfo Urso bildirib ki, İtaliyanın müxtəlif partiyalarını təmsil edən deputatlardan ibarət nümayəndə heyətinin buraya səfər etməkdə məqsədi müharibəni yenidən alovlandıran səbəblər, müharibənin nəticələri, gələcəkdə Azərbaycan və erməni xalqlarının birgəyaşayışı üçün hansı şərtlərin mövcud olması barədə fikir formalaşdırmaqdır. İnsani, dini dəyərlərə hörmət əlaməti olaraq, ilk növbədə, həqiqətin nədən ibarət olduğunu araşdırmaq önəmlidir. Gördüyümüz həqiqət ondan ibarətdir ki, burada cinayət törədilib. Yüz minlərlə günahsız insan öz yaşadıqları ərazilərdən qovulub. Azərbaycan öz torpaqlarını geri qaytarıb. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələr də bir daha sübut edir ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. Bu torpaqları işğaldan azad etmək Azərbaycanın haqqıdır.