XİLASKAR OĞLAN

    HEKAYƏ

   Bu hadisə, iyirmi iki il bundan əvvəl Ucarda, soyuq qış günlərinin birində, dəcəl bir oğlanın xəstə babasına baş çəkərkən baş vermişdi. Orxan adlı bu oğlanın o zaman on bir yaşı vardı.

Onun qara saçı, ağıllı gözləri yumru sifətinə çox yaraşırdı. O, dostları arasında olduqca güclü idi və yaxşı üzməyi bacarırdı, amma dərs oxumağa o qədər də fikir verən deyildi. O, deyirdi ki,

“oxumaq məni yorur”. Başqa bir tərəfdən isə yumşaq qəlbli idi. Belə ki, kimsə çətin vəziyyətə düşəndə,  tez ona kömək əlini uzadardı.

Orxan Ucar rayon mərkəzindən çox da uzaqda olmayan bir kənddə yaşayırdı.  Babasını çox sevdiyindən ona tez-tez baş çəkirdi. Baxmayaraq ki, onun babası– Bağır kişi 75 yaşında idi, o, sağlam və gümrah gorünürdü. O, rayon mərkəzində oğlu – Əli, iki nəvəsi—Arzu və Hamid, eləcə də gəlini—Gülyaz ilə birlikdə yaşayırdı.

Orxan babasının xəstə olmasını eşidən kimi dərhal rayon mərkəzinə gəldi. O, babasıgilə çatanda qoca yataqda idi və ağır-ağır nəfəs alırdı. Həkimin müayinəsinə görə onu bərk soyuq tutmuşdu və yüksək hərarəti vardı, hətta heç kəsi tanımırdı. Əli atasının yanında oturmuşdu və çox qəmli idi, yalnız ara-bir onun qızdırmadan yanan dodaqlarını yaş pambıqla isladırdı.

Orxan içəri daxil olanda qoca hələ də halsız idi. O, babasını  bu vəziyyətdə görəndə kövrəldi, amma özünü tez ələ alıb, əmisindən həkimin gəlib–gəlmədiyini soruşdu. Əmisi həkimin artıq gəlib və ona dərman da təyin etdiyini bildirdi, amma heç bir dərman ona kömək  etmir, heç nə yeyib içmir və onun halı get-gedə pisləşirdi.

Bir müddət sonra qoca zəif bir səslə “qarpız” sözünü  dilinə gətirdi. Əlbəttə, soyuq bir qış günündə qarpız tapmaq müşkül məsələ idi.

Heç bir söz deməyən Orxan cəld çölə çıxdı və küçənin tinində olan meyvə-tərəvəz mağazasına  yaxınlaşdı. Satıcıdan qarpız olub-olmadığını soruşdu. Satıcı qarpızın olmadığını bildirdi və əlavə edərək — “indi  qarpız  heç harda olmaz, olsa-olsa  Sığırlı kəndində ola bilər”—dedi.

Sığırlı kəndi Bakı şəhərinə gedən şosse yolunun üstündə yerləşən və qonşu Kurdəmir rayonunun ərazisində olan bir kənddir  və doğrudan da orada yerli adamlar adətən bostan məhsulları– yemiş- qarpız əkib- becərməklə məşğul olandırlar.

Oğlan dərhal həmin kəndə getmək barədə fikirləşdi. Lakin hec zaman Ucardan kənara çıxmayan 11 yaşlı balaca bir uşaq üçün oraya getmək  çox çətin idi. Xoşbəxtlikdən onun cibində əlli manata yaxın pulu vardı, belə ki, bu pulu ona iki həftə bundan əvvəl ad günündə öz yaxınları– özü üçün nə istəsə alsın– deyə vermişdilər.

O, satıcıdan ora necə gedəcəyini soruşdu. Satıcı isə cavabında Sığırlı kəndinin buradan təxminən 70 kilometr uzaqlıqda olduğunu bildirdi və bunun üçün  şosse yoluna çıxmaq, sonra isə  Bakı şəhəri istiqamətində hərəkət edən avtobuslarla minib gedə biləcəyini söylədi.

Orxan şosse yoluna çatıb avtobusa  minəndə  təxminən günorta saat 2 idi və demək olar ki, saat yarımdan sonra o, Sığırlıya çatdı. Bu zaman hava çox soyuq idi və qar yağırdı. Orxan bir qədər uzaqda olan kənd evlərinə baxdı.

Artıq saat dördə yaxınlaşırdı. O, kənd evlərinə tərəf addımlamağa başladı.Kəndə gedən yol asfaltlanmamışdı və hər tərəf palçıq olduğundan yerimək çətin idi. Orxan kəndin bir qədər düzənlik tərəfinə çatmışdı. Hava soyuq və qarlı olduğundan heç bir kəsə rast gəlmirdi. Birdən aralıda inilti səsi eşidildi. Oğlan həmin səs gələn tərəfə baxdı və orada qoca bir qadın olduğunu gördükdə  tez bir zamanda  ona yaxinlaşdı.  Təxminən 70 yaşlı qoca qadın əlində çubuq (itmiş inəyini axtarırmış), elə oradaca palçığa batıb qalmışdı və heç bir söz deyə bilmirdi, sanki,bu inilti onun son nəfəsi idi. Orxan cəld şosse yoluna qayıtdı və  qarını oradan aparmaq üçün bir maşın saxlatdı və fikirləşdi ki, onu ya yaxınlıqdakı kənd xəstəxanasına,  ya da evi yaxınlıqdadırsa evinə aparsın.

O, qoca qadını sürücünün köməyi ilə xəstəxanaya apardı və həkimlər ona ilk yardım göstərdilər. Artıq qadın yavaş-yavaş ozünə gəlirdi və çox çəkmədi ki, dərin yuxuya getdi.

Axşam saat 7-yə yaxınlaşırdı və qış fəsli olduğundan tez qaranlıq düşürdü. Yağan qar daha da güclənirdi və beləliklə oğlanın harasa getməsi də qeyri mümkün idi və o, məcbur oldu ki, elə xəstəxanada gecələsin.

Həkimlər tez-tez gəlir və xəstəyə baş çəkirdilər, amma Orxan babasından xəbərsiz olduğu  və onun istədiyini tapa bilmədiyi üçün çox narahat idi və bir tərəfdən də çox yorulmuşdu.  Otağın küncündə yorğan döşəksiz, paslı bir çarpayı olduğunu görcək elə paltolu- papaqlı  oradaca uzanmalı oldu və çox keçmədi ki, yuxuya getdi.

Səhər vaxtı idi. Orxan yatdığı yerdən qalxanda qoca qarının oyanıb ona baxdığını gördü. Baş verən hadisədən xəbərsiz olan qoca qarı  alçaq bir səslə ondan soruşdu:

— Ay bala, sən kimsən? Niyə dəmirin üstündə yorğan-döşəksiz  yatmısan?

Yarıyuxulu halda gözlərini ovuşdura-ovuşdura özünü təqdim edən Orxan kim olduğunu, hardan gəldiyini və nə baş verdiyini  qarıya danışdı. Qoca qarı baş verənlərdən həddən artıq təsirləndiyindən ağlamağa başladı. Bildirdi ki, inəyini axtardığından gedib ora çıxmışdı və oradaca palçığa yıxılıb qalmışdı. Özünü saxlaya bilməyən Orxan həm qoca babasının, həm də bu qoca nənənin halına yanaraq ağladı. Qadın heç bilmirdi ki, ona nə desin,  necə təşəkkür etsin. Onun üçün çox maraqlı idi ki, necə olub, bu uşaq bura gəlib çıxıb və onu xilas edib. Yavaş-yavaş özünə gələn qadının dərhal nə isə yadına düşdüyündən sevinə- sevinə dilləndi:

—Narahat olma, əziz balam,  sənin bəxtin gətirib, sənin axtardığın məndədir. Mən evdə bir qarpız saxlamışam, sən onu başqa adamdan, başqa yerdən axtarma və  bilirəm ki, indi kənddə heç kimdə qarpız olmaz, çünki onun Novruz bayramına qədər saxlamaq qaydasını heç kim yox, elə mən bilirəm. Gəl birlikdə gedək və onu sənə verim.

Beləliklə üzündə ümid işartısı görünən Orxan, cəld xəstəxananı tərk edərək bir maşın tutdu və onlar birlikdə qoca qadının evinə getdilər. Qarının yaşadığı ev balaca bir kənd evi idi və orada  özündən savayı heç kim yaşamırdı. Orxan onun ailəsinin olub-olmadığı barədə soruşanda o, tək yaşadığını bildirdi. Əlbəttə, onun övladları vardı, amma uzaqda yaşayırdılar. Sözsüz ki, ondan vaxtaşırı xəbər-etər də tuturdular. Belə ki, onun iki qızı ərdə idi– biri Bakı şəhərində, o biri isə Ağsu rayonunda ailəsi ilə birlikdə yaşayırdı. İş elə gətirmişdi ki, onun üç oğlu da evli idi və ailələri ilə birlikdə Rusiyada məskunlaşmışdılar.

Səhər saat 9-a yaxınlaşırdı. Qoca qadının söhbəti nə qədər maraqlı  olsa da, babasından nigaran qalan Orxan, qarpızı götürüb  qadınla xudahafizləşdi və ona tez-tez baş çəkəcəyini bildirdi və ləngimədən həmin maşınla Ucara –babasıgilə yola düşdü. O, evə çatanda babasının hələ də vəziyyəti ağır idi. Orxan otağa daxil olanda babası “qarpız..qarpız..” deyə sayıqlayırdı. Bu zaman o, gətirdiyi qarpızı əmisi Əliyə verdi. Əli qarpızı görcək təəccübləndi, amma bir söz demədən cəld   bir dilim kəsərək atasının qurumuş dodağına sürtdü. Qoca qarpızın dadını hiss edən kimi ondan dadmağa başladı və bir balaca sakitləşdi.

Bir saat keçməmişdi ki, onu müalicə edən həkim  yenidən qocanın vəziyyətini öyrənmək üçün gəldi. Əli atasının bir dilim qarpız yeməsini ona bildirdi. Yenə də birinci növbədə xəstənin hərarətini yoxlayan həkim, bu dəfə vəziyyətin tamamilə başqa cür olduğunu təəccüb və sevinc içərisində dedi:

—Bu,  lap möcüzədir ki!.. Adətən belə eşitmişəm ki, qoca yaşında, bu vəziyyətdə könlü qarpız istəyən adam tezliklə dünyasını dəyişir, amma mən görürəm qocanın temperaturu düşüb, ümumi halı düzəlir, nəfəs almağı qaydasına düşür və  hər şey öz əvvəlki normal vəziyyətinə qayıdır. Çox qəribədir…Narahat olmayın, artıq hər şey keçib getdi…

Bir az sonra Orxanın babası daha bir dilim qarpız istədi. O, qarpızı yedikdən sonra dərin yuxuya getdi.

Ertəsi gün qoca  sanki heç nə olmamış kimi tam sağlam şəkildə yuxudan oyanaraq Orxanı çarpayısının yanında yarıyuxulu vəziyyətdə görəndə  soruşdu:

—Necəsən, Orxan balam,  niyə məni görməyə gəlmirsən?

Bu zaman Orxan babasını xoşbəxt bir nəvə kimi öpərək qucaqladı və dedi:

—Mən burdayam baba…

İki gün sonra qoca artıq ayaq üstə idi və bütün ailə onun başına toplaşmışdı, Orxan bütün başına gələnləri, olub-keçənləri babasına nəql etdi. Baba bir qədər xəyala daldıqdan sonra  Allaha min dəfə şükür edib öz  sevimli nəvəsini bağrına basaraq dedi:

— Şükür sənin məsləhətinə, İlahi-pərvərdigara, sən bir işə bax, bu necə olan bir hadisədi? Gör bir balaca uşaq soyuğun günündə haralara gedib, kimlərlə rastlaşıb, kimi xilas edib, bu nə hikmətdir, İlahi? Allah-təala səni bizə xilaskar seçib, mənim şirin-şəkər balam, sən bizim xilaskarımızsan, səni görüm yüz yaşayasan. Çox şükür sənə, İlahi– pərvərdigara, sən bilən məsləhətdi…

 

Müəllif: Mirsadiq Cəfərov