Qazaxstanlı jurnalist Şamaxıda şəhid ailəsini ziyarət edib-FOTO

Azərbaycanda gedən Vətən müharibəsinin tarixini izləmək və şahidi olmaq üçün Bakıya səfər edən qazaxıstanlı politoloqlar, blogerlər və jurnalistlər Ermənistan hakimiyyəti tərəfindən Gəncə və Bərdədə törədilən terror aktlarının nəticələri ilə tanış olduqdan sonra Şamaxı şəhərinə səfər ediblər.

Kult.az xəbər verir ki, Şamaxı şəhərində qonaqları İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qarşılayıb. Görüşdə iştirak edən nümayəndə heyətinin rəhbəri, Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Füzuli Məcidli Qazaxıstandan Vətənimizə səfər edən qonaqların arzu və məramları haqqında icra başçısına məlumat veib. İcra başçısı T.Məmmədov öz növbəsində qonaqlara Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhərinin tarixindən, bugünkü inkişafından, bu yurdun dünya ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlərdən, eləcə də Vətən uğrunda canlarından keçən şəhidlərindən, qazilərindən danışıb.

Daha sonra qonaqlar Şuşanın azad olunması zamanı qəhrəmanlıqla şəhid olan Nəcəf Şikar oğlu Şikarovun ailəsinə baş çəkib, yas mərasimində iştirak ediblər. Azərbaycanlı oğulların qəhrəmanlıq salnaməsini kinolentinə köçürən qazaxıstanlı jurnalistlər Nəcəf Şikarovun da ailə üzvlərinin xatirələrini lentə alıblar.

Nümayəndə heyətinin ağsaqqalı jurnalist Serik Meleyev şəhidin atası Şikar Şikarova başsağlığı verərkən bildirib ki, bütün qazax xalqı azərbaycanlıların öz doğma torpaqları uğrundakı mübarizəsində göstərdikləri qəhrəmanlıqlarla fəxr edirlər, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını sevinc və vüqarla izləyirlər.

O qeyd edib ki, Azərbaycanın uğuru və sevinci həm də qazax xalqının sevincidir.