Azərbaycan xalqı bu şanlı və möhtəşəm qələbəyə layiqdir

Bu il noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. Dövlətimizin başçısı görüşdə parlaq, dərin məzmunlu çıxış edərək, Vətən müharibəsinin Azərbaycanın  parlaq qələbəsi ilə başa çatdığını,  torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. 

Mən televizyadan bu reportajı ilk anından sonuna qədər dərin maraqla izlədim. Cənab Prezidentin simasında, nurlu gözlərində sonsuz qürur və xoşbəxtlik duyğularını müşahidə etdim. Düşündüm ki, öz xalqından güc və qüvvət alan, Vətəninin başını uca edən lider qüdrətli və yenilməzdir. Xalqımızın sevimli rəhbəri Prezident İlham Əliyev, məhz belə liderdir! Bir Azərbaycan vətəndaşı,  ziyalı xanım kimi ürəkdən deyirəm: Yaşa, əziz Prezidentim, yaşa, var ol!
Möhtərəm Prezidentimizin klinikada müalicə olunan hərbçilərə müraciətlə dediyi sözlər nə qədər səmimi və təsirlidir: “Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz”.
Dövlətimizin başçısı sonra fəxrlə vurğuladı ki, İkinci Qarabağ müharibəsində  Azərbaycanın şanlı qələbəsinin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Azərbaycan bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına qazanmışdır.
Prezident İlham Əliyev daha sonra Vətən müharibəsində şəhid olmuş bizim bütün bacı-qardaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edərək dedi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin”!
Bu gün Azərbaycanın güclü dövlətdir. Azərbaycan xalqı qurub-yaradan, sülhsevər xalqdır, işğalçı ermənilər isə bütün dünyaya bir daha öz yırtıcı və mənfur xislətlərini göstərdilər. Dünya gördü ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, demək olar ki, bütün binalar ­dağıdılıb– yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz yerlə-yeksan edilib. Bunu yalnız barbar ermənilər edə bilərdilər. Əlbəttə, bu, vəhşilikdir, vandallıqdır, hərbi cinayətdir.
Bu gün üçrəngli Azərbaycan bayrağı xalqımızın mədəniyyət və musiqi beşiyi gözəl Şuşada dalğalanır. Dahi Üzeyir bəyin ruhu şaddır. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı azaddır. Azərbaycanın işğal altında olan bütün digər rayonlarından düşmən qovulur. Xalqımıza bu xöşbəxtliyi qəlbləri Vətən sevgisi ilə alışıb yanan mərd, qorxubilməz əsgər və zabitlərimiz bəxş edib. Onların hər birinin önündə baş əyirəm!
Möhtərəm Prezidentimiz çıxışında Azərbaycan əsgərinə böyük dəyər verdi: “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı”.
Tədbirin sonunda yaralı hərbçilərlə vidalaşma zamanı Prezident İlham Əliyevin dilindən səslənən sözlərə fikir verin: “Çox sağ olun. Biz bu qələbəni çoxdan gözləyirdik. Bizim xalqımız bu qələbəyə layiqdir. Bizim xalq qalib xalqdır. Sağ olun, uşaqlar”.
Bəli, həmin mərd, qeyrətli uşaqlar cənab Prezidentimiz, hər bir azərbaycanlı anası, mənim, sənin, onun üçün, bir sözlə, bütün xalqımız üçün son dərəcə doğma və əziz insanlardır. Onlar öz qeyrət və hünərləri ilə Azərbaycanın şan-şöhrətini göylərə qaldırdılar! Halal olsun!

Leyla GƏRAYZADƏ,
BDU-nun professoru, filologiya elmləri doktoru

“Xalq qəzeti”