Şuşa: qala divarının o üzündəkilər…

Şuşanın bu şəklini hamınız görmüsünüz. Amma bilirəm, böyük əksəriyyətiniz qala divarının o üzündə olmamısınız, Gəncə qapısından üzü bəri açılan füsunkar mənzərəni görməmisiniz.

Ürəyimizim Şuşayla bir vurduğu bu sabah sizə qala divarının o üzündən söz açmaq istədim.

1983-cü ilin yayı idi. Dostları atamın sağalıb xəstəxanadan çıxması münasibətilə o ala qapıdan içəridəki restoranda məclis qurmuşdular. Masanın mən oturan küncündən baxanda Gəncə qapısından üzüaşağı Qarabağın yamyaşıl dərələri, təpələri, bir də sonsuz üfüq görünürdü.

Hafiz əminin yanında oturmuşdum. Hafiz Sədrzadə Ağdamın zil və yanıqlı səsiylə seçilən xanəndələrindən idi. Şuşalı məşhur müctəhid Məhəmməd ağa Mürşidzadənin oğludu. Həm qohumluğu, həm də atamla dostluğuna görə onu tez-tez görürdüm, xüsusi bir bağlılığım vardı. Qohum toyları onsuz keçməzdi. Bu toylarda məni görəndə o vaxtkı sevimli mahnımı mütləq oxuyurdı, “Dalğalar”ı.

O gün atamgilin məclisi uzun çəkdi. Böyüklərin söhbəti uşaqlara maraqlı gəlməz deyirlər, məndə elə deyildi, özümü kişilər sırasında görmək, söhbətlərini dənliyimə yığmaq, yaşadıqlarını duymaq istəyirdim.

…Gün əyilirdi, Gəncə qapısından o üzdə təsvirəgəlməz mənzərə açılmışdı. Ayrı vaxt yüz dil töksən oxumayan Hafiz əmi özü başladı. Deməsələr bilməzdim, oxuduğunun “Zəminxarə” olduğunu.

Yaddaşımın ən məhrəm hücrələrindən birinin ağzını açıram sizə – ilahi səslə ilahi mənzərənin təmas nöqtəsini göstərmək istəyirəm.

Oxudu, bitirdi. Bizim məclis sükut içindəykən başqa masalardan alqış səsləri qala divarlarında əsk-səda verdi.

…Sonralar Ağdamın, Şuşanın minarələrindən azanı onun səsiylə verirdilər. Mən azanı Kazanda, Sarayevoyada, İstanbulda, Maldivdə, Səmərqənddə, bizim Sovetskidə, canım sizə desin, Krım Baxçasarayında, Misir Hurqadasında, nə bilim neçə yerdı eşitmişəm. Hafiz əminin azanı hamısından fərqliydi, insanı ilahi sükunətə salacaq qədər möhtəşəm idi. Dinləyən kafir balası da islama gələrdi.

Köhnə sovet lentinə yazılmış o səs yazısını arxivdən tapmağım, bir müsibətlə üzköçürən tapıb surətini çıxardaraq uşaq sevinciylə Şeyxə aparmağım, “ərəbcəsi yaxşı deyil” sayaq bəhanələrlə məscidlərdə oxunmasına rədd cavabı almağım “Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır” yazısında əks olunub, uzatmıram. O yazını da, Türkiyə məscidlərində səslənəndən sonra bizimkilərin də “bəyəndiyi”, indi adına “Qarabağ azanı” deyilən Hafiz əminin azanını da şərhdə verirəm. Dinləyin və çalışın özünüzü 1983-cü ilin həmin yay axşamındakı Qala divarları arasında hiss edin, ala qapıdan Qarabağı seyr edin.

Görün, siz də görə bilirsinizmi mənim gördüklərimi?!

Az qalıb, o azanın Şuşa məscidində 28 il sonra bir də oxunması gün söhbətidir.

Qalanın o üzündə görüşmək arzusuyla!

Vahid Qazi,
İsveç

“modenr.az”