Düşmənin xüsusi təyinatlıları mühasirəyə alınaraq məhv edilib-TƏCİLİ

Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.

Müdafiə Nazirliyindən Kanal32.az-a verilən məlumata görə, döyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə bir müddət əvvəl onlara könüllülər və yerli sakinlər də qoşulub. Buna baxmayaraq, son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək məcburiyyətində qalıb.

Daxil olan məlumata görə, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirib.

Azərbaycanın Müdafiə Nazirliyinin digər məlumatında isə bildirirlir ki,noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib.

Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.

Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.
Hazırda cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir.

Kanal32.az