Məşhur professordan qazilərimizlə bağlı 1-ci vitse-prezidentə müraciət

“Vətəndən uzaqlarda olsam da…”
Bu gün xaricdə bir çox soydaşlarımız öz elmi ixtiraları ilə rekord nailiyyətlər əldə edirlər. Onların hər hansı uğuru Azərbaycanın tanıtımına, eləcə də azərbaycançılığa xidmət edir. Bu baxımdan dünyada möcüzələr yaradan və görkəmli travmatoloq-ortoped kimi məşhur olan professor Hüseynəli İsmayılovun adı fəxrlə çəkilir. Qeyd edək ki, tibb elmləri doktoru, professor H.İsmayılov 1961-ci ildə Borçalı mahalının Dmanisi rayonunun Qızıl Kilsə kəndində hamının xeyir-şərinə yarayan zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunda ümumi cərrahlıq ixtisasına yiyələnən H. İsmayılov sonralar həyatını Kurqan şəhərində yerləşən və hazırda həmyerlimiz akademik İlizarovun adını daşıyan travmatologiya-ortopediya elmi mərkəzinə bağlayıb.
2003-cü ildə H.İsmayılov Rusiya prezidenti V.V.Putin tərəfindən Rusiyanın Əməkdar səmərələşdiricisi adına layiq görülüb. 2007-ci ildə isə o, Rusiyada elmin inkişafına göstərdiyi xidmətə və elmi ixtiralarına görə Əməkdar elm və təhsil xadimi adına, “Alfred Nobel” və “Vernadiski” qızıl medallarına layiq görülüb, adı Rusiyanın görkəmli alimlərinin internet ensiklopediyasına daxil edilib.
Həmyerlimiz İlizarov adına fondun mükafatı laureatı, Pəncə və Pəncə-baldır üzrə Rusiya Cərrahiyə Cəmiyyətinin fəxri üzvü, Beynəlxalq və Ümumrusiya Estetik və Plastik Əl Cərrahiyyəsi Cəmiyyətinin, Dünya və Avropa Travmatologiya və Ortopediya Cəmiyyətlərinin, Amerika Travmatologiya və Ortopediya Cəmiyyəti Akademiyasının üzvü, həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının akademikidir. Professor H.İsmayılov hazırda Yaxın Şərqdə akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin rəhbəridir.
– Azərbaycandan neçənci ildə getmisiniz?
– 1986-cı ildə getmişəm.
– Hər il Azərbaycana gəlirsinizmi?
– Əvvəllər daha tez-tez gəlmək imkanım olurdu.
– Hal-hazırda oturduğunuz baş ofis harada yerləşir? Belə deyək ki, dara düşəndə sizi hansı ölkədə arayaq?
– Hal-hazırda İraqın Ərbil şəhərində yaşayıb işləyirəm.
– Neçə ildir İraqda çalışırsınız?
– Artıq 10 ildir. 16 il Rusiyada çalışdım. Orada ordinaturanı, aspiranturanı keçdim, namizədlik dissertasiyasını müdafiə etdim. Dünyaca nüfuzlu klinikada əvvəl laboratoriya müdiri, sonra şöbə müdiri oldum. Cərrahiyyə Şurasının sədri seçildim və mənim imzam olmadan heç bir xəstə əməliyyata götürülə bilməzdi. Sonra 10 il Tehranda çalışdım.
– İran müharibədən sonra sizin kimi peşəkar həkimlərə, xüsusən də travmatoloqlara ciddi ehtiyac hiss edirdi. Ona görə də yəqin sizi əllərinin üstündə saxlayıblar orda. 
– İranda təbabət Amerika sistemidir. Mən İranda 4800 xəstə əməliyyat etdim.
– Neçə il ərzində?
– Mən 1995-ci ildən gedib gəlirdim Tehrana. Amma 2002-ci ildə kontrakt bağladım. 2008-ci ilə qədər. Əməliyyat etdiyim həmin 4800 xəstənin 90 faizi mənə qədər ən azı 2 dəfədən 68 dəfəyə qədər əməliyyat olunmuş xəstələr idi. Təsəvvür edirsinizmi? Özü də təkcə İranda deyil, Almaniyada, İngiltərədə, hətta Amerikada uğursuz əməliyyat olunan xəstələr idi. Orada İran-İraq savaşında iştirak etmiş elə xəstələr vardı ki, onlara Avropada, Amerikadakı nüfuzlu xəstəxanarında demişdilər ki, ayaqlarınız kəsilməlidir. Amma mən onların hamısını yenidən aktiv həyata qaytardım. Mən İrana getməmişdən əvvəl, 2001-ci ildə 3 ay İngiltərədə oldum və ingilis ortepedlərinə masterklass təşkil etdim. Mən orada İngiltərə kral xəstəxanasının fəxri fərmanı ilə təltif olundum. Mən 2002-ci ildə İranın ən böyük və nüfuzlu xəstəxanası olan Tehranın Milad klinikasında çalışmağa başladım. Mənim xəstələrimin içərisində sadə vətəndaşlardan tutmuş ölkənin ali rəhbərlərinin, nazir və deputatlarının özləri və ya yaxın qohumları olub. Yadımda qalanlardan eks-prezident Hatəminin bacısı nəvəsi, Əhmədinejatın yaxın ailə üzvləri vardı. Xameneyinin qardaşı oğlu da ortopeddir. O, həmişə mənim yanıma xəstələr gətirərdi. Mən demək olar ki, İran parlamentində hamını tanıyırdım. Ona görə ki, mən spiker Laricaninin müavinin oğlunun ayağının əyriliyini düzəltdim və 17 sm də uzatdım.
– Sözlərinizdən bəlli olur ki, İran parlamentinin bir çox üzvləri və hətta dövlət rəhbərləri ilə birbaşa və dolayı yolla təmaslarınız olub. Elə isə yalnız peşənizlə bağlı danışmamısınız yəqin. Azərbaycan-İran və İran-Ermənistan münasibətləri ilə bağlı da söhbətləriniz olubmu?
– Çox söhbətlərimiz olub. (Bu yerdə professor səmimiyyəıti ilə hətta danışılması mümkün olmayan məqamlara toxundu, İranın nüfuzlu şəxsləri ilə Azərbaycan, Qarabağ və Ermənistanla bağlı çoxsaylı epizodlar danışdı. Amma bunların ictimailəşməsi iki ölkə arasındakı münasibətlər baxımından məsləhət deyil – red.) Azərbaycanın İranda Fuad Əliyev adlı baş konsulu vardı. O, İrandan sonra gəlib Azərbaycanın Rusiyada baş konsulu oldu. O, İranda işləyəndə bir dəfə əməkdaşları yığıb məni də dəvət etmiçşdi. Dedi ki, mən 4 ildir İranda baş konsul işlədiyim dövrdə hansı idarəyə getdimsə, özümü təqdim edəndə dedilər ki, sən professor İsmayılıovun yerlisisənsə sənə zaval yoxdur, keç yuxarı başa. Bildirdi ki, bu adam təkcə alim deyil, həm də bizi İrana mənəvi tellərlə bağlayan bir adamdır. Mən o zaman Rusiyanın baş prokurorunun müavini Kolmoqorov Vasili Vasilyeviçin qızını müailəcə etmişdim. Mənə dedi ki, gəl səni Rusiya səhiyyə nazirinin müavini təyin etdirim. Etiraz etdim ki, məndən məmur alınmaz. Özü də İranla çox cəlbedici kontrakt bağlamışam və Rusiyadan getməliyəm artıq. Ola bilərdi ki, mən gedib nazir müavini olum. Amma düşündüm ki, mən minlərlə soydaşımıza həyat verirəmsə bundan gözəl nə ola bilər? Vəzifə mənim nəyimə lazımdır?
– İranda ermənilər çoxdurmu? Heç erməni xəstəniz oldumu?
– Ermənilərin bir çoxu ad-soyadını dəyişib. İranda xalqın ermənilərə münasibəti mənfidir. Amma rəsmilər öz fikirlərini aydın şəkildə ifadə etməkdən çəkinirlər. Hətta ermənilərə nifrət edənlər də dövlətin siyasətinə boyun əymək zorundadırlar. Bu gün rəsmi olaraq İranda 300 min erməni yaşayır. Amma onlar ölkənin siyasətinə o qədər də ciddi təsirlərə malik deyillər. Rəsmi Tehranın Azərbaycana və Ermənistana yönəlik siyasətinə onların müdaxilə etmək gücləri yoxdur.
– Heç erməni milliyyətindən olan adam əməliyyat etmisinizmi?
– Milliyyətcə erməni olsa da İran vətəndaşı olub və bəziləri heç öz ad-soyadlarını dəyişiblər deyə bilmək olmur.
– Ermənilər hansı ölkədə yaşasalar saylarının nə qədər olmağından asılı olmayaraq çox imkanlı olurlar. İranda da varlı erməni çoxdurmu?
– İranda ən varlı yaşayan elə bizim öz soydaşlarımızdır. İran iqtisadiyyatı azərbaycanlıların üzərində və çiyinlərində qurulub. Ən çalışqan və ən cəfakeş də nə farslar, nə ermənilər, nə də kürdlərdir, elə azərbaycanlılardır.
 
– Sizə bu sualı verməyə bilmirəm. Əgər İranda hər şey sizin üçün güllük-gülüstanlıq idisə, niyə Tehranı İraqın Ərbilinə dəyişdiniz?
– Bilirsiniz, mən İranda farslardan gördüyüm hörmət-ehtiramı öz soydaşlarımız olan azərbaycanlılardan görmədim. İrandan getməyimə əsas səbəb artıq müəyyən qısqanclıqların baş qaldırması oldu. Eyni zamanda İran iqtisadiyyatında nəzərəçarpacaq tənəzzül yaşandı və insanların durumu xeyli pisləşdi. 2010-cu ildə mənə dedilər ki, İraqda işləmək daha rahatdır və  gəldim İraqa. 2 il ərzində həm İranda, həm də İraqda çalışdım. 2012-ci ildə isə İraqda kontrakt bağladım.
– Bir neçə gündür Bakıdasınız və Azərbaycandakı dostlarınızın israrlı xahişi ilə gələrək bir neçə ağır xəstəni əməliyyat etdiyinizi bilirəm. Ölkə səhiyyəsinin mövcud durumu barədə təəssüratınız necədir? Vəziyyət iranlılar demişkən, xamuşudurumu?
– Mən açıq deyəcəm, nəinki ürəkaçan deyil, acınacaqlıdır. Gəlin açıq danışaq, əgər səhiyyə bərbad deyilsə, niyə milyonlarla xəstə İrana üz tutur? Deməli, nə səhiyyəyə inam qalıb, nə həkimlərə. Bəli, son illər Azərbaycanda klinikaların sayı yağışdan sonra çıxan göbələklərin sayı kimi ölkəni başına götürb. Amma sayı çox, sanbalı yox. Bir çoxlarından xəbərim var. Adam dəhşətə gəlir ki, ağlı başında olan insanlar özlərinin və yaxın ailə üzvlərinin həyatını necə onlara etibar edirlər? Çoxmərtəbli binaların altında yerləşən klinikaları isə heç cür anlaya bilmirəm. Nəzərə almırlar ki, ora bir çox rentgen aparatı və digər sağlamlıq üçün zərərli avadanlıqlar qoyulur. Xəstələr bir yana, həmin binalarda yaşayanlar necə təhlükə ilə üz -üz qala biləcəklərini doğrudanmı hesablamırlar? Ad çəkməyəcəm, bəzi klinikalarda ən elementar gigiyena qaydalarına riayət olunmur, əməliyyat otaqları vahimə saçır, avadanlıqlar yararsız vəziyyətdə…(Həmsöhbətimiz az qala 10 məşhur klinikada baş verən xoşagəlməz olayları, yanlış və acınacaqlı fəsadları olan əməliyyatları sadaladı. Bu barədə nəsə yazmaq istəmədik, çünki elə dəhşətli ittihamlar idi ki, məhkəmə çəkişmələrinə əlimizdə sübut olmasına rəğmən vaxt itirməyi lazım bilmədik. Müxtəsəri, ağlamalı gündəyik, ölkədə səhiyyə adına elə də çox şey qalmayıb… – red.)
– Niyə paytaxt Bağdada deyil, əyaləti – İraq Kürdüstanının paytaxtı Ərbili seçdiniz?
– Bağdad qarışıqlıqdır. Müharibə 17 il öncə qurtarsa da sabitlik yoxdur Bağdadda. Amma əyalət olduğuna baxmayın, Ərbildə elə bir xəstəxana yaratmışıq ki, Avropanın və Amerikanın ən məşhur klinikaları həsəd apar bilər.
– Bu dəfəki gəlişinizdə Bakıda neçə xəstəni əməliyyat etdiniz?
– 4 xəstəni. Hansı ki, Bakıdan dostlarım israrla məni dəvət etdilər ki, bu xəstələri səndən başqa normal
həyata qaytaran olmayacaq. Ona görə də məcbur olub gəldim.
– İndi qayıdırsınız Ərbilə. Növbəti gəlişiniz nə zaman olacaq? 
– Onu dəqiq bilmirəm. Yəqin ki, ən tezi 3 aydan sonra.
– Elə xəstə olub ki, Azərbaycandan uçub gəlsinlər Ərbilə sizin yanınıza?
– Ərbilə yox, amma Tehrana çox gəlib. Onsuz da mən təkcə Tehranda və Ərbildə deyil, dünyanın dörd bir yanında vaxtaşırı əməliyyatlar edirəm. Yaponiyada, İngiltərədə, Amerikada.
– Yaxşı, klinika açmağı necə, planlaşdırmırsınız ki?
– Bilirsiniz, klinikanı boş-bekar adamlar aça bilər və ora rəhbərliyi həyata keçirməlidir. Mənim klinika açmağa, onu idarə etməyə, menecment və marketinqlə uğraşmağa nə vaxtım var, nə həvəsim.
 – Sözlərinizdən belə anlaşılır ki, deyəsən yaxşı pul qazanmaq fikriniz olmayıb heç zaman…
– And içməklə kimisə nəyəsə inandırmaq niyyətində deyiləm. Mən bu günədək minlərlə xəstədən nəinki pul almamışam, istər xaricdə, istərsə də Bakıda etdiyim əməliyyatın xəstəxana xərclərini öz cibimdən ödəmişəm. Çünki bilmişəm ki, ya onun maddi imkanı yoxdur, ya da vətən, dövlət qarşısında xidmətləri var. Tutaq ki, Tehranda 100-dən artıq müharibə veteranını pulsuz əməliyyat etmişəm. İrandakı zəlzələ zamanı bir çox xəstələri pulsuz əməliyyat etmişəm. Fürsətdən istifadə edib Azərbaycanın rəsmi dairələrinə, xüsusən də Heydər Əliyev Fonduna, daim Qarabağ Qaziləri üçün köməyini əsirgəməyən I Vitse – Prezident Mehriban xanım Əliyevaya müraciət edirəm, Qarabağ Qazilərimizi tamamilə təmənnasız əməliyyat və müalicə etməyə hazıram. Mən Vətəndən uzaqda olsam da Qarabağ savaşında bir əsgər kimi səngərdə döyüşməyə, yaxud yaralılarımızı həyata qaytarmağa hazıram.
Moderator.az