Mərkəzi Elmi Kitabxananın Şərqşünaslıq şöbəsində son durum-FOTO

Kitab təkcə informasiya daşıyıcılarından ibarət vərəqlər toplusu deyil, o, elm aləminə açılan pəncərə adlanaraq həm də insanın dünyagörüşünü, düşüncələrini inkişaf etdirən, onu daha maraqlı dünyaya aparan bir vasitədir. Bu sadaladıqlarımızı kitabxanaya da aid etmək olar. Ölkəmizin elmi kitabxanası olan bir məkanda, yəni AMEA Mərkəzi Elmi Kitabxanada da çox faydalı kitablarla tanış olmaq mümkündür.

Kitab fondunun universal xarakter daşıması kitabxanada müxtəlif sahələr üzrə şöbələrin yaradılmasına səbəb olub. Onlardan biri 1959-cu ildən fəaliyyətə başlayan Şərq ədəbiyyatı fondu idi. Qeyd etmək lazımdır ki, bu fondun yaradılması 1958-ci ildə AMEA-da Şərqşünaslıq İnstitutunun açılması ilə əlaqədardır. Çünki məhz bu tarixdən sonra böyük kitabxanaların çoxunda Şərq ədəbiyyatı şöbələri açılmağa başlayıb. AMEA-nın Rəyasət Heyəti 1959-cu ilin əvvəllərində Akademiyanın Əsaslı Elmi Kitabxanasında Şərq ədəbiyyatı fondunun təşkilinə və Şərqşünaslıq İnstitutunun elmi-tədqiqat işlərinin planına uyğun müvafiq ədəbiyyatla komplekləşdirilməyə başlanılıb. Şərq ədəbiyyatı fondunun komplekləşdirilməsini genişləndirmək məqsədi ilə Əsaslı Elmi Kitabxananın Elmi Metodiki Şurasının qərarı ilə 1970-ci ildə bölmə Şərq ədəbiyyatı şöbəsi kimi formalaşdırılıb.

Hazırda Şərqşünaslıq şöbəsi adlandırılan bu fond Yaxın Şərq ölkələri ilə beynəlxalq kitab mübadiləsinin və fondun mühafizəsinin təşkili işini həyata keçirir. Fondun ümumi strukturu Kitab fondu, Kolleksiyalar fondu, Yardımçı arayış-məlumat nəşrləri fondu – ensiklopedik nəşrlər, lüğətlər-Oxucu zalı, Sərgi guşəsi, Tədbirlər və ümumi yığıncaq zalından ibarətdir.

Şərq ədəbiyyatı fondunda Əbü-la Müərra Sənan, İbn Sina, Əbu Reyhan Biruni, Xaqani, Şirvani, Nizami, Füzuli, Nəsimi, Firdovsi, Namik Kamal, Fuad Köprülüzadə, Əhməd bəy Atəş, Əli Əkbər Dehxuda, Səid Nəfisi, İmrən Qeys, Yaqut Həməvi, Katib Çələbi, İbn-əl Nədim və b. yüzlərlə böyük şair və alimlərin dünya miqyasında tanınmış qaynaqları qorunur. Avropa dillərində Şərqə dair dünya miqyasında qiymətli hesab edilən, elmi, bədii məzmunlu nəşrlər, yeganə nüsxələri qalmış kitablar ziyalılarımızın tədqiqat obyekti kimi həmişə diqqət mərkəzindədir.

“Azərbayca ədəbiyyatı Şərq mənbələrində” adlı ilk biblioqrafik nəşr respublikamızda ilk dəfə məhz MEK-in Şərq şöbəsində hazırlanmışdır.

Ümumi dizaynında da Şərq üslubunun abu-havası hiss edilən bu şöbədə ərəb, fars, türk, urdu və s dillərdə həm klassik, həm də müasir dəyərli Şərq xalqları ədəbiyyatı, o cümlədən Azərbaycan və Avropa, rus dillərində Şərqə dair zəngin şərqşünaslıq mənbələri, kitablar, sənədlər, materiallar, dövrü-mətbuat nümunələri və s. mühazifə olunur. Yeni dizaynda fəaliyyətə başlayan Şərqşünaslıq şöbəsinin ilk qonağı da AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva olub.

Şöbənin yaradılması, məqsədi, vəzifələri haqqında məlumat verməsi üçün AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarova ilə həmsöhbət olduq. 

Sevil xanım, şərqşünaslıq şöbəsinin dizaynı göz oxşayır. Öyrənmək istərdik burada hansı kitablar, ədəbiyyat nümunələri yer alır? Bunlar haqqında nə deyə bilərsiniz?

– Qeyd edək ki, şöbənin əsas fəaliyyət istiqamətlərindən biri şərq dillərində xaricdə və Azərbaycanda çap edilən, eləcə də elektron elmi nəşrlərlə və azərbaycanşünaslığa dair ədəbiyyatla fondun komplektləşdirilməsi, beynəlxalq biblioqrafik standartlara uyğun olaraq elmi təsnifləşdirilməsi, ənənəvi və elektron kataloqlaşdırılması, informasiya-axtarış aparatının təşkili və biblioqrafik icmalların aparılması, oxuculara kitabxana-informasiya xidməti servisinin təqdim edilməsidir.

– Qarşıda hansı işlər planlaşdırılıb?

– Biz qlobal informasiya əsrində, gərgin ictimai-siyasi, elmi-texniki bir dövrdə yaşayırıq. Kitabxananın hər bölməsinə, eləcə də zəngin Şərq bölməsinə müraciət edən alim, tədqiqatçı, istifadəşiyə göstərilən informasiya xidməti komfortlu və fərqli bir dizaynda təqdim edilir. Bu alimin, tədqiqatçının, istifadəçinin rahatlığına, daha səmərəli elmi axtarışla, yaradıcılıqla məşğul olmasına imkan yaradır və eyni zamanda təbii ki, aparılan elmi araşdırmaların, tədqiqatların keyfiyyətinə müsbət təsir edir.
az da şöbənin görüntüsündən danışaq. Qeyd edək ki, şöbə gözoxşayan bir dizyana malikdir. Şöbənin həm dizaynı, həm də buradakı kitabların sehri eyni anda insanı fərqli aləmlərə aparır.

– Şöbənin ümumi üslubu haqqında nə deyə bilərsiniz?

– Burada həm də qədim məişət əşyaları, mozaik lampalar, Şərq üslubunda divanlar, xalçalar və digər əşyalar yer alır. Mərkəzi Elmi Kitabxanaya gələn oxucular bu əsrarəngiz Şərq üslubunun işığında müzakirələr, dairəvi masalar, elmi görüşlər keçirə də bilər, öz tədqiqatı, istifadə etdiyi mənbələr haqqında müsahibələr verə bilər, əldə etmək istədiyi mənbələri hər hansı ölkədən sifariş edə bilər və ya öz elmi yaradıcılıq məhsulunun təbliğini, xarici ölkələrin digər elmi qurumları ilə informasiya mübadilsəsini təşkil edə bilər. Göstərilən hər istiqamətdə Şərq bölməsinin əməkdaşları peşəkar xidmətlərini təqdim etməyə hazırdır. Odur ki, hər kəsi Mərkəzi Elmi Kitabxananın oxucusu olmağa çağırıram.

Dialoq.info