“Azərbaycan rüzgarı”yenidən ekranlarda-VİDEO

Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramı bir neçə aylıq fasilədən sonra bu gündən etibarən yeni mövsümdə ekranlara qayıdır.
Bu barədə AZƏRTAC-a proqramın müəllifi və aparıcısı, həmyerlimiz jurnalist Səidə Ömər məlumat verib.

Xalqımızı və dövlətimizi 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edən S.Ömər bildirib: “Yay fəslinin gəlişi ilə əlaqədar bir çox proqram kimi bizim verilişə də fasilə verildi. İndi biz yenidən ekranlara qayıdırıq. Bu, mənim üçün qürurvericidir. Artiq iki ildən çoxdur ki, doğma Azərbaycanımı Türkiyə tamaşaçısına, o cümlədən kanalımızı izləyən digər ölkə vətəndaşlarına tanıdıram. Üçüncü mövsümün ilk verilişinin məhz Dövlət Müstəqilliyi Günündə yayımlanması xüsusi qürurverici hissdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı əsasında hazırlanana ilk veriliş “Türkiyənin Bakı qoxulu İstanbulundan Azərbaycan əsgərinə salam” sözləri ilə başlayacaq. Bu buraxılışda Qarabağ problemi, ermənilərin Azərbaycana hücumları və doğma Qarabağımızdan gələn qələbə xəbərlərindən bəhs ediləcək, Azərbaycana təbrik və dəstək mesajları səsləndiriləcək. Ən böyük arzum isə “Azərbaycan rüzgarı”nın Qarabağdan əsməsidir”.

Qeyd edək ki, mövsümün ilk proqramı bu gün Türkiyə vaxtı ilə saat 20:00-da yayımlanacaq.