QHT sədri:”Erməni analarında azacıq da analıq hissi olsa…”

Sentyabrın 30-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüb.

Görüş zamanı ölkə başçısı erməni xalqına müraciət edərək, öz övladlarını müharibəyə göndərməməyi tələb edib: “Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsin. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gündür davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik. Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və burada bir çox millətlər sülh, əminamanlıq şəraitində yaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşlarımızdır. Ona görə bizim davamız haqq davasıdır. Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən, ədalət nöqteyi-nəzərindən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir”.

Prezidentin bu müraciətindən övladlarını işğal edilmiş ərazilərə göndərən və oradan meyitləri geri qayıdan erməni anaları hansı nəticəni çıxarmalıdır?

Uşaqların Gələcəyi Naminə İctimai Birliyin sədri Könül Quliyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni valideynlər və xüsusilə də analar bu çağırışdan özləri üçün ciddi nəticələr çıxarmalıdır: “Mən əslən Tərtər rayonundanam. Bütün uşaqlığım həmin rayonda keçib. Birinci Qarabağ müharibəsində yaşananlar gözümün qabağında olub. Heç kim deyə bilməz ki, müharibə yaxşıdır. Ancaq iki çür müharibə var. Şərəfli və şərəfsiz. Biz, nə qədər ağır olsa da, şərəfli müharibə aparırıq. Buna görə də, övlad itkisi bizim analarımız üçün nə qədər ağır olsa da, həm də şərəflidir. Çünki onlar düşünür ki, övladları öz doğma torpaqlarını qoruyur. Bəs övladını itirən erməni anası nə düşünür? Prezident çox doğru qeyd etdi ki, onların bizim torpağımızda nə işi var? Erməni hakimiyyəti bütün insani dəyərlərini itirib. O qədər azğınlaşıb ki, dinc əhalini atəşə tutur. Tərtərdə olan dinc əhalidən mənim bir neçə yaxınım rəhmətə gedib. Oturduqları yerdə evlərinə mərmi düşüb. Dəfələrlə şahidi olmuşuq ki, erməni əsgər anaları İrəvanda çıxıb etirazlar ediblər. Övladlarının başqa torpaqlarda ölməsini istmədikırini bildiriblər. Ancaq səsləri Ermənistandakı diktator rejim tərəfindən daima boğulub. Erməni valideynlər əmin olsunlar ki, Azərbaycan heç vaxt onlara torpaq verməyəcək. Bu səbəbdən də, öz ölkələrində olan diktatura rejiminə etirazlarını kütləvi şəkildə etməlidirlər.  Çünki  Ermənistan hakimiyyəti onların övladlarını şərəfsiz iş dalınca göndərir. Onsuz da Ermənistanda əhali qalmayıb. Qalan cavanlar da yersiz siyasi ambisiya uğrunda öləcəklərsə, Ermənistan cəmiyyəti bunun fərqinə varıb, Paşinyan rejimini tarixin arxivinə göndərməlidir”.

Yaxşı olar ki, erməni valideynlər onları gözləyən təhlükə barədə  əvvəlcədən tədbirlər görsünlər.