“KİV haqqında qanuna dəyişikliklər lazımdır”

“Kütləvi informasiya vasitələri haqqında qanuna dəyişiklik edilməsi məsələsi günün tələbidir. Həm mediada, həm də cəmiyyətdə bununla bağlı çağırışlar var”. 

Kanal32.az xəbər verir ki,bu sözləri Unikal.org-a açıqlaması zamanı Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri Yadigar Məmmədli deyib. O bildirib ki, KİV haqqında qanunun yaranmasından 20 il keçib və sürətli inkişafı nəzərə alsaq, bəzi dəyişikliklərin olması mütləqdir.

“Söhbət medianın ənənəvi formatının dəyişməsindən çox sosial medianın klassik formatı üstələməsindən gedir. Bu təkcə bizdə deyil, bütün dünyada gedən bir prosesdir. Ona görə qanunun  internet media və sosial şəbəkələr barədə çağırışlara cavab verə biləcək müddəalarına ehtiyac var. Əsas məqsəd də bundan ibarətdir. Bununla bağlı xüsusui işçi qrupları var. Bizim KİV haqqında qanun olduqca mütərəqqidir. 2000-ci illərin əvvələrində qəbul edilsə də, Avropa Şurasının müvafiq qurumları tərəfindən çox yüksək qiymətləndirilib. Artıq 20 il keçib və sürətli şəkildə inkişaf var. Sosial şəbəkələrin olması və  inkişafı bizim üçün çox vacibdir. Sosial şəbəkələr bizə geniş imkanlar yaradır.

Lakin sosial şəbəkələrin vurduğu zərərlərin qarşısını almaq üçün təhlükəsizlik məsələsi də aktual mövzulardandır. Bu kimi məsələri nizama qoymaq üçün qanunda müəyyən müddəalara yenidən baxılmalı və müəyyən dəyişikliklər edilməlidir. Sosial şəbəkələrin qarşısına məhdudiyyət və əngəl qoymaq işə yaramaz, bunun gələcəyi yoxdur. Müəyyən bir nizamlanma olmalıdır ki, bu sahədə cəmiyyət və dövlət ziyan çəkməsin”, – deyə Yadigar Məmmədli bildirib.