Mingəçevir teatrı Şamaxıda açıq səma altında tamaşa göstərəcək-FOTOLAR

Sentyabrın 18-i saat 17:00-də Şamaxı rayonunda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sara” adlı yeni tamaşanın premyerası olacaq. Tamaşa ölkəmizdə ilk dəfə olaraq təbii dekorasiyadan istifadə edilərək – açıq səma altında, tarixi abidələrin fonunda nümayiş olunacaq.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135-ci ildönümündə – Milli Musiqi Günündə təqdim olunacaq premyera eyni zamanda Mingəçevir Dövlət Dram Teatrının milli musiqimizə, mədəni irsimizə töhfəsidir.

Kanal32.az medeniyyet.az-a istinadla bildirir ki,Tamaşa şifahi xalq ədəbiyyatı nümunələrindən olan  “Apardı sellər Saranı” dastan-rəvayətinin motivləri əsasında hazırlanıb. Səhnələşdirəni Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Rəfael Haşımov (Əməkdar rəssam), musiqi tərtibatçısı Elnur Rəsulov, rəqslərin quruluş müəllifi Eyvaz Əliyev, rejissor Cavid Təvəkkül, rejissor assistentləri Məlahət Ağayeva və Asim Məmmədov, layihənin rəhbəri Səxavət  Məmmədovdur. Tamaşada Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, Aydın Quliyev və teatrın gənc aktyorları iştirak edirlər.

Tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna  görə qədim Şamaxı rayonu daima turistləri özünə cəlb edib.  Kələxana türbələri də Şamaxıya gələn qonaqlar tərəfindən daha çox ziyarət olunan məkanlardandır.

Tamaşa hazırlanan zaman Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimiylə bağlı bütün şərtləri və tələbləri nəzərə alınıb.

 

Kanal32.az