Oğlu itkin düşmüş anadan Prezidentə ürəkdağlayan müraciət-VİDEO

Ağsu rayonunun Bəyimli kənd sakini 1978-ci il təvəllüdlü  Mehdiyev Əlizamin Əlmirzə oğlu 2 il 7 aydır ki,evdən çıxıb və bir daha geri qayıtmayıb. rayonun hüquq-mühafizə orqanları isə baş vermiş hadisəni bu günə kimi ört-basdır etməklə məşğuldur.

80 yaşlı  Mehdiyeva Fındıq Cilovxan qızı üzləşdiyi faicəvi vəziyyətlə bağlı “Kanal32” vasitəsi ilə  Azərbaycan Respublikasının Preizdenti möhtərəm İlham Əliyevə, Birinci  vitse-preizdent hörmətli Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova və Ombudsman Səbinə Əliyevaya müraciət edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Sizlərə bildirirəm ki, mənim 3 azyaşlı uşaq atası olan oğlum  Mehdiyev Əlizamin Əlmirzə oğlu 17 yanvar 2018-ci il tarixdə tanıdığı şəxslərin,konkret desəm aldıqları iribuynuzlu mal-qaranın müqabilində oğluma borclu olan şəxslərin çağırışı ilə Ağsu rayonunun Bəyimli kəndindəki evindən çıxmış və bir daha geri qayıtmamışdır. Qardaşımın itkin düşməsi ilə bağlı Ağsu Rayon Polis Şöbəsinə məlumat verilmiş və bu hal rəsmiləşdirilmişdir. Belə ki, Ağsu Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Şəhriyar Hacıyev tərəfindən araşdırma aparılmış və guya müvafiq istintaq materialları toplanmışdır. Ancaq hüquqi əsaslara söykənən səbəblər göstərilmədən “toplanmış material” üzrə AR.CPM-nın 39.1.1-ci maddəsinə əsasən 01 fevral 2018-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bu biabırçı qərar 09 fevral 2018-ci il tarixdə Ağsu rayon prokuroru tərəfindən ləğv edilmiş və material üzrə AR.CM-nın 144.1-ci maddəsi ilə cinayət işi başlanaraq aidiyyatı üzrə istintaq aparılması üçün Ağsu Rayon Polis Şöbəsinin İstintaq qrupuna göndərilmişdir. İstintaq qrupunun müstəntiqi İlqar Əhədovun 14 noyabr 2018-ci il tarixli qərarı ilə cinayət işi üzrə əməl AR.CM-nın 144.1-ci maddəsindən 120.1-ci maddəsinə tövsif edilmiş və cinayət işi üzrə istintaqın davam etdirlməsi üçün Ağsu rayon prokurorluğuna göndərilmişdir. Sonra isə cinayət işi üzrə teatrsayağı “istintaq hərəkətləri” aparılmışdır. Belə ki, şübhəli şəxslər (gecə qardaşımı çağırıb evindən aparanlar)-qardaşımın heyvanları satdığı fermanın sahibi Babayev Ömər Camaləddin oğlu, onun təsərrüfatını idarə edən Ağsu rayonunun Hacıqədrli kənd sakini Həmidov Əli Nurəddin oğlu, Həmidov Əlinin Yevlax rayonunun Ərəş kəndində yaşayan kürəkəni, Kəlbəcər köçkünü Məmmədov Rövşən Mətləb oğlu şahid qismində dindirilmişdir. Əslində isə cinayəti tördən məhz bu mütəşəkkil dəstədir.

Bütün istintaq boyu biri-birini təkzib edən ziddiyyətli ifadələr verən bu şəxslər guya üzləşdirlmişdir. İstintaqın “gərgin əməyi” nəticəsində cinayət işi üzrə təqsirləndirilən şəxs və ya şəxslər müəyyən edilmədiyindən rayon prokurorluğunun müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Alim Şəkərəliyevin 21 yanvar 2019-cu il tarixli qərarı ilə cinayət işi dayandırılmışdır. Bir sözlə, son dəfə qardaşımı evdən aparan və onunla son dəfə telefonla danışan şəxslərin kimliyi məlum olduğu halda, onlar şübhəli şəxslər qismində saxlanmayıb və məqsədli şəkildə düzgün istintaq hərkətləri həyata keçirilməyib. Bunu bilməkdən ötrü isə ailm olmağa gərək yoxdur.

İstintaqın qeyri-obyektiv aparılması ilə bağlı bu günə kimi müxtəlif instansiyalara, xüsusən də Respublika Prokurorluğuna (Zakir Qaralova) etdiyimiz müraciətlər bu günə kimi nəticəsizdir. Necə deyərlər, Zakir Qaralovun dönəmində Baş prokurorluq Ağsu rayon prokurorluğunun və polis şöbəsinin vəkili kimi çıxış edib.

   Onu da diqqətinizə çatdırım ki, oğluma son dəfə zəng edən və onu evdən aparan şəxs Ağsu rayonunun Hacıqədrli kənd sakini Həmidov Əlinin Yevlax rayonunun Ərəş kəndində yaşayan kürəkəni, Kəlbəcər köçkünü Məmmədov Rövşən Mətləb oğlu və onun qardaşı Məmmədov Samir Mətləb oğludur. Çünki qardaşımın heyvanlarını satdığı fermanın sahibi Babayev Ömər Camaləddin oğlunun, onun təsərrüfatını idarə edən Həmidov Əli Nurəddin oğlunun və Məmmədov Rövşən Mətləb oğlunun Əlzaminə 70(yetmiş) min manata yaxın borcları olub. Adıçəkilən şəxslər müxtəlif bəhanələrlə qardaşıma verəsi olduqları pulu ləngidiblər və verməyiblər. Soncu dəfə isə Məmmədov Rövşən Mətləb oğlu və yanındakılar 3 azyaşlı uşaq atası olan oğlum Mehdiyev Əlizaminə 17 yanvar 2018-ci il tarixdə zəng edərək çağırıblar ki, hazırlaş gəlib səni maşınla aparaq və pulunu verək. Ancaq bu son telefon danışığı və son gediş olub. Əslində istintaq üçün hər şey gün kimi aydın olsa da, qardaşımın nə öldüsü var, nə qaldısı…Ağlamaqdan xəsətə düşümüş ana kimi  ölümümdən öncəki son arzum Əlizaminin ya ölüdüyünü, ya da sağ qaldığını dəqiq bilməkdir…

Ona görə də Sizdən xahiş edirəm ki, oğlumun itkin düşməsinə səbəb olanların( qatillərinin) tapılması məqsədi ilə yenidən istintaqın başlanması və işin obyektiv aparılması üçün müvafiq qaydada göstəriş verəsiniz və bu işi xüsusi nəzarətə götürəsiniz.

Bu 2 il 7 aydır oğlunun öldü-qaldısını bilməyən, ağlamaqdan gözlərinə qara su gəlmiş 80 yaşlı biçarə bir ananın FƏRYADIDIR…!

Hörmətlə,

dövlətindən ədalət gözləyən itkin oğul anası Mehdiyeva Fındıq Cilovxan qızı

Ağsu rayonunun Bəyimli kəndi

“Kanal32”nin çəkiliş qrupu oğlu itkin düşmüş ananın ölkə rəhbərinə etdiyi müraciəti lentə alıb.Həmin videonu təqdim edirik:

Redaksiya olaraq mövcud problemi diqqətə saxlayırıq və mövzunu davam etdirəcəyik.Baş vermiş hadisənin olduqca tükürpədən detalları var…

Kanal32.az