“Ölkə vətəndaşlarının sosial rifahının…”-Zərifə Quliyeva yazır

Prezident İlham Əliyev “Mən hər bir azərbaycanlının Prezidenti olacam” ifadəsini işlətmişdi, bu gün isə, hər bir kəs “İlham Əliyev mənim Prezidentimdir” deyir.

Bu nədən irəli gəlir? Əlbəttə ki, bu, ölkə Prezidentinin əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, imzaladığı fərman və sərəncamlar, bütövlükdə dövlətimizin yeritdiyi siyasətin mərkəzində insan amilinin, Azərbaycan vətəndaşına diqqət və qayğının olmasından irəli gəlir. Ən çətin anlarda Azərbaycan Prezidenti xalqının yanında olub. Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus – COVID-19 pandemiyasının geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik, təxirəsalınmaz və zəruri qabaqlayıcı tədbirlər Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoymuş oldu. Xüsusilə son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir. Avqustun 31-də Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalın açılışında tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşü zamanı dövlət başçısı karantin pandemiyası dövründə vəziyyətə uyğun şəkildə həyata keçirilən işlərdən danışaraq bildirdi ki, qısa müddət ərzində normal həyata qayıdılıb. Dövlət başçısı çıxışı zamanı, həmçinin vurğuladı ki, Azərbaycanda vəziyyətə uyğun şəkildə atılan addımların nəticəsində öz səmərəsini verməsinə arxayınlaşmaq olmaz, vətəndaşlarımız məsuliyyətli olmağa unutmamalıdırlar: “Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, – mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti, doğrudan da görürük, hiss edirik və bu, real nəticələrdə öz əksini tapır, belə olan halda hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir”.

Baxın, karantinin daha az ziyanla tətbiqi, eləcə də vətəndaşların evdə qalarkən bütün sosial xidmətlərlə təmin olunması dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarəti və qayğısı ilə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ən çətin günlərdə dövlət-vətəndaş həmrəyliyinə ən böyük töhfəni vermiş oldu. Dövlətimizin başçısı hər bir vətəndaşın Prezidenti olduğunu bir daha sübut etdi.

Belə olan halda hər bir vətəndaş mövcud dinamikanı qoruyub saxlamaqda məsuliyyətli olmalıdır. Çünki məsuliyətsizlik, biganəlik, sanitar qaydalara əməl etməmə yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, aparılan bütün sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl edilməli, məsuliyyətsiz insanlara qarşı ictimai qınaq olmalıdır. Ölkə Prezidenti çıxışlarında da bildirib ki, dövlət nə lazımdırsa, onu edir: “Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik”, -deyən dövlət başçısı insanların bu məsuliyyəti dərk etmələrini deyib.

“Qanun hər kəs üçün qanundur, heç kim qanundan üstün ola bilməz”

Lakin təəssüf doğuran odur ki, bütün bu uğurlu addımlardan və əldə olunan nailiyyətlərdən sonra hələ də məsuliyyətini itirmiş insanların qaydaları pozması hallarının aşkarlandığının şahidi oluruq. Dövlət başçısı çıxışlarında da dəfələrlə hamını qanuna tabe olmağı tələb edərək bildirib ki, qanunu pozanlara qarşı heç bir güzəşt edilməyəcək. Prezident İlham Əliyev “qanun hər kəs üçün qanundur, heç kim qanundan üstün ola bilməz” fikrini qeyd edərək karantin rejiminin qaydalarına əməl etməyin hər bir vətəndaşın borcu oduğunu, vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyətə malik olduğunu bildirib. Cənab Prezidentin çıxışında söylədiyi “Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram” söyləməsi hər bir Azərbaycan vətəndaşını daha məsuliyyətli omağa səsləyir. Azərbaycan vətəndaşları bilməlidirlər ki, milli birlik və yüksək məsuliyyət karantin dövrünün əsas tələbidir. Çox acınacaqlı haldır ki, dəfələrlə dövlət başçısının özü belə bu məsələdə vətəndaşları məsuliyyətə dəvət etməsinə, tibbi maska taxaraq nümunə olmasına baxmayaraq, bəzi məsuliyyətsiz vətəndaşlarımız, xüsusilə də bəzi məmurlarımız cəmiyyətin sağlamlığını düşünmədən qanunları pozaraq təhlükə yaradırlar. Dövlət başçısı verilən tapşırıqlara məsuliyyətlə əməl etmədiyi halda cəza tədbirləri tətbiq olunduğunu da bildirib.

Bəli, Azərbaycan dövləti bütün sahələrdə, o cümlədən sosial sahədə də öz sözünü deyir. Çünki Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi “Dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri

Mənbə: sia.az